Torpaq sahəsi – dövlət torpaq kadastrında və torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhəddi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.[1]
Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmamaşdırsa, torpaq sahələri və onların üzərində hüquqlar, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) dövriyyədə ayrılmaz şəkildə iştirak edirlər.
Torpaq sahəsi bölünən və bölünməz ola bilər.
Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirələ bilər.
Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədi ilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikasında 1 m² torpaq sahəsi Dövlət Torpaq kadastrında hüquqi qeydiyyata alına bilər.