Mülkiyyət

Mülkiyyət — münasibətlər sistemi, bütün iqtisadi sistemlərin əsası. Mülkiyyət əşya, predmetlərlə bağlı olsa da əşya, şey deyildir. O, insanlar arasında sosial-iqtisadi münasibətdir[1].

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyat elmi mülkiyyətə çox mühüm bir kateqoriya, münasibət kimi baxır. Mülkiyyət – istehsal vasitələri və istehsalın nəticəsi olan məhsullar (nemətlər) və xidmətlərin müəyyən ictimai formada mənimsənilməsidir. Mülkiyyət real məzmuna malik olan iqtisadi kateqoriyadır. O, real olan şeylərin insanlar tərəfindən mənimsənilməsi üzrə yaranan sosial-iqtisadi münasibətləri ifadə edir. Mülkiyyət hər bir iqtisadi sistemdə aparıcı mövqeyə malikdir[2].

Mülkiyyət həm də hüquqi kateqoriyadır. Bu müəyyənlikdə mülkiyyət sahib olmaq, sərəncam vermək və istifadə etmək kimi hüquqi anlayışlarda ifadə olunur. Müasir iqtisadi nəzəriyyədə "mülkiyyət hüququ iqtisadi nəzəriyyəsi"ndən geniş istifadə olunur[3].

Əşyaların daşınar və daşınmazlara bölünməsi artıq klassik dövrün Roma mülki hüququnda (e.ə. III əsr - eramızın III əsri) məlumdur[4]. Daşınan əşyalara məkanla hərəkət edən əşyalar, daşınmazlara isə torpaq sahələri və onların üzərində yaradılmış hər şey, əlavə olaraq yerin təki, yerin üstündəki boşluq daxildir. Güman edilirdi ki, səthin üstündə görülən işlər səthin ardınca gedir[5]. Daşınmaz əmlak lizinq predmeti ola bilər. Daşınmaz əmlakın girovu, eləcə də daşınmaz əmlakla təminatla kreditin alınması adətən ipoteka adlanır. Roma hüququnda daşınmaz əmlaka mülkiyyət hüququnun təhvil verilməsi onun hər hansı bir təhvil formasından məhrum olan sadə[6], servitut və ya ipotekanın yaradılması ilə - bir şəxslə digəri arasında üçüncü şəxsə məlum olmayan sadə müqavilə ilə həyata keçirilə bilərdi. partiyalar. Alman adət hüququna görə, torpağın əldən-ələ keçməsi müxtəlif kifayət qədər mürəkkəb formallıqlara (torpağın simvolik köçürülməsi, investisiya, Auflassung) məruz qalırdı.

Müasir dünyada ən çox iri əməliyyatlar dövlət reyestrində qeydə alınır. Məsələn, Rusiya Federasiyasında daşınmaz əmlak əməliyyatı Daşınmaz Əmlak Hüquqlarının Vahid Dövlət Reyestrinə (EGRN) daxil edilir[7]. Dövlət qeydiyyatı olmayan daşınmaz əmlakla bağlı əməliyyat (özəlləşdirmə, dəyişdirmə, bağışlama, vəsiyyətnamə, alqı-satqı, icarə) bağlanmamış hesab edilir və hüquqi nəticələr doğurmur. Daşınmaz əmlaka adi mülkiyyət bütün ölkələrdə mövcud deyil. Böyük Britaniyada mülkiyyət uzun müddətə lizinq - icarə prinsipi ilə geniş yayılmışdır[8].

Mülkiyyət hüququ

[redaktə | mənbəni redaktə et]

İngilis hüquqşünas A.Oner 1961-ci ildə aşağıdakı 11 mülkiyyət hüququnu sadalayır:

  1. Sahib olma hüququ – nemət üzərində tam fiziki nəzarət hüququ;
  2. İstifadə hüququ – nemətin faydalı xassəsini özün üçün istifadə etmək;
  3. İdarəetmək hüququ – nemətin istifadə olunmasını kimin və necə həyata keçirəcəyinə qərar vermək;
  4. Gəlir götürmək hüququ – nemətin istifadə olunmasından əldə olunan nəticəyə sahib olmaq hüququ;
  5. Suverenlik hüququ – neməti özgəninkiləşdirmə, istehlak etmək, məhv etmək, dəyişmək hüququ;
  6. Təhlükəsizlik hüququ – nemətlərdən məhrum olmaqdan və xarici mühitin vurduğu ziyandan qorunmaq hüququ;
  7. Nemətin vərəsəliyə verilməsi hüququ;
  8. Nemətlərə sahib olmanın möhkəmliyi hüququ;
  9. Ziyanlı istifadədən müdafiə hüququ – digər təsərrüfat agentlərinə ziyan vura biləcək formadan istifadəyə qadağa qoymaq;
  10. Cəzalandırmaq formasında cavabdehlik hüququ – yəni nemətin borca görə ödənilməsinin mümkünlüyü;
  11. Pozulmuş hüquqların bərpa etdirilməsi hüququ – bu qalıq xarakterli hüquq adlanır.

Mülkiyyətin obyektləri və subyektləri

[redaktə | mənbəni redaktə et]

Mülkiyyətin obyektləri – mülkiyyət ola biləcək hər şey, yəni mülkiyyətin maddi varlığı. Məsələn, torpaq, zavod, bina, zinət əşyaları, pul, iş qüvvəsi və s[9].

Mülkiyyətin subyektləri – kim mülkiyyətçi ola bilər: dövlət, kollektivlər, icma, sosial qrup, təşkilat, şəxs və s.

Mülkiyyətin formaları

[redaktə | mənbəni redaktə et]

Hər bir iqtisadi sistemdə əsas, aparıcı mülkiyyət forması vardır. Hər bir mülkiyyət formasına əsaslanan təsərrüfat formaları da yaranır və fəaliyyət göstərir.

  1. Fərdi mülkiyyət forması – bu mülkiyyətin sahibləri əsasən xırda əmtəə istehsalçılarıdır və istehsal şəxsi əməyə əsaslanır (sənətkarlar, xırda kəndli təsərrüfatları, xırda xidmət obyektləri);
  2. Xüsusi mülkiyyət forması – bunun əsasında xüsusi sahibkarlıq təsərrüfatları yaranır. Yaradılmış müəssisələr kiçik, orta, iri ola bilər. Bu təsərrüfatlarda muzdlu əməkdən istifadə olunur. Məqsəd mənfəət əldə etməkdir.
  3. Dövlət mülkiyyəti forması – bu bilavasitə dövlətə məxsusdur və onun əsasında dövlət təsərrüfatları yaradılır. Yaradılmış müəssisələr dövlətin təyin etdiyi rəhbərlər tərəfindən idarə olunur. Əldə olunmuş mənfəət dövlət büdcəsinə daxil olur.
  4. Kooperativ mülkiyyət forması – Kooperativlər müəyyən təsərrüfat növü olmaqla ona daxil olan üzvlərin könüllü qoyduqları vəsait hesabına təşkil olunur. Kooperativ əvvəlcədən təsdiq edilmiş nizamnaməyə uyğun idarə olunur, gəlir ədalətli bölüşdürülür. Kooperativ hüquqi şəxsdir.
  5. Əmək kollektivlərinin mülkiyyəti. Müəyyən bir müəssisənin bütün əmlakı orada işləyənlərin sahibliyində olur, kollektiv bu əmlaka sərəncam verir, onu istifadə edir. Müəssisə əmtəə istehsalçısı olur və hüquqi şəxsdir. Kollektivin üzvləri idarə işlərində iştirak edir, gəliri müəyyən etdikləri qaydaya uyğun bölürlər, hərə öz payını alır.
  6. Bələdiyyə mülkiyyət forması. Burada söhbət yerli özünüidarə orqanı olan bələdiyyələrin sərəncamında olan mülkiyyətdən gedir. Bələdiyyə mülkiyyəti əsasında müəyyən təsərrüfatlar yaradılır.
  7. Səhmdar cəmiyyəti mülkiyyət forması. Bu mülkiyyətə səhmlərin satılması yolu ilə yaradılmış müəssisələrin mülkiyyəti daxildir. Səhmin sahibi cəmiyyətin əldə etdiyi mənfəətin bölgüsü nəticəsində dividend (gəlir) əldə edir. Cəmiyyətin işini ümumi yığıncağın seçdiyi idarə heyəti tənzimləyir.
  8. Şəxsi mülkiyyət — ailənin şəxsi ehtiyaclarının ödənilməsinə xidmət edən na varsa hamısını əhatə edir.
  9. Qarışıq mülkiyyət – müxtəlif mülkiyyət sahiblərinin razılaşması əsasında yaradılır. İdarə işləri və qərarların qəbulu mülkiyyət sahiblərinin birgə səyilə həyata keçirilir[10].
  10. İntellektual mülkiyyət – intellektual resurslar əsasən elmdə, təhsildə, səhiyyədə, idarəetmədə kütləvi informasiyada, konstruktur bürolarında və s. sahələrdə mərkəzləşir. 1967-ci ildə Stokholmda "İntellektual mülkiyyət"lə bağlı ümumdünya təşkilatının təsis edilməsi haqqında konvensiya imzalanmışdır. Mülkiyyətin bu forması ilə bağlı hüquqlar da müəyyən edilmişdir: patent hüququ; müəlliflik hüququ və s. İntellektual mülkiyyət elmi yaradıcılıq, ədəbiyyat, kəşflər, ixtiralar, layihələr, məlumatlar və s ilə bağlıdır. İqtisadi sahədə intellektual mülkiyyətin subyektləri konstruktor bürosu əməkdaşları, mühəndislər, müəssisə rəhbərləri, menecerlər, ustalar, aqronomlar, zootexniklər və s.-dir.

Mülkiyyətin törəmə formaları

[redaktə | mənbəni redaktə et]

Bütün bunlarla yanaşı mülkiyyətin çoxsaylı törəmə formaları da vardır. Dini icmaların, könüllü ictimai təşkilatların və s. törəmə mülkiyyət formalarıdır[11]. Səhmdar, kooperativ, qarışıq mülkiyyətlər də müəyyən mənada törəmədir. Mülkiyyət formaları iqtisadi və hüquqi cəhətdən reallaşdırılır[12].

İqtisadi cəhətdən reallaşdırma o deməkdir ki, mülkiyyət sahibinə gəlir gətirsin, yəni iqtisadi xeyir versin. iqtisadi reallaşdırma gəlir, mənfəət, faiz, renta və s[13]. əldə etməyə imkan yaradır[14][15].

Hüquqi cəhətdən reallaşdırma – sahibolma, sərəncamvermə və istifadəetmə, obyektin satılması, icarəyə verilməsi və s. ilə bağlıdır. Bu hallarda qanunvericilikdə nəzərdə tutulmuş normalar, qaydalar əsas götürülür və bütün əməliyyatlar sənədləşdirilib təsdiq edilir[16].

  1. Theory of Moral Sentiments. Ed. A.L. Macfie and D.D. Raphael. Indianapolis: Liberty Press, 1982, II.ii.2.3
  2. Scruton, Roger. The Palgrave Macmillan Dictionary of Political Thought. 2007-02-07. ISBN 9780230625099. 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-08.
  3. McConnell, Campbell; Brue, Stanley; Flynn, Sean. Economics. Boston: Twayne Publishers. 2009. səh. G-22. ISBN 978-0-07-337569-4.
  4. "movable and immovable". britannica.com. 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-26.
  5. "Андрей Иванович Косарев. Римское частное право". mybook.ru. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-26.
  6. "The Right To Property And Its Restrictions In Roman Law1". academia.edu. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-26.
  7. "Когда квартира становится собственностью?". gorodkvadratov.ru. 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-26.
  8. "Buying or owning a leasehold home". gov.uk. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-26.
  9. Ammer, Christine; Ammer, Dean S. Dictionary of Business and Economics. Simon and Schuster. 1986. səh. 83. ISBN 978-0-02-901480-6. may 13, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 8, 2020.
  10. Politics 1263a8 15 as quoted in Mayhew 1995 p. 566
  11. Bornstein, Marc H. The SAGE Encyclopedia of Lifespan Human Development. 2018-01-15. ISBN 9781506353319. 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-08.
  12. Scruton, Roger. The Palgrave Macmillan Dictionary of Political Thought (3rd). Palgrave Macmillan. 2007. 644–645. ISBN 978-1-4039-8951-2.
  13. "Slavery Today" Arxivləşdirilib 2022-05-13 at the Wayback Machine. BBC.
  14. Mitchell Miller, J. The Encyclopedia of Theoretical Criminology. 2014-04-07. ISBN 9780470658444. 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-08.
  15. "Personal property". Sir Robert Harry Inglis Palgrave. Dictionary of political economy, Volume 3. 1908. p. 96
  16. Collin, Peter Hodgson. Dictionary of Business. 1998. ISBN 9781579580773. 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-08.