Torpaqqala

TorpaqqalaAzərbaycanda erkən orta əsrlər dövrünə aid şəhər yeri.

Torpaqqala
Xəritə
41°14′ şm. e. 46°44′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Qax
Yerləşir Almalı kəndindən 2 km qərbdə, Qanıxçayın sol sahilində
Üslubu Alban memarlığı
İstinad nöm.5854
KateqoriyaYaşayış yeri
ƏhəmiyyətiYerli əhəmiyyətli
Torpaqqala (Azərbaycan)
Torpaqqala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu abidə Qanıxçayın sol sahilində, eyniadlı təpənin üstündə, indiki Qax şəhərindən 25 km cənub–qərbdə yerləşir. Uzunsov planda olan təpənin şimal–şərq və cənub–qərb istiqamətində uzunluğu 500–510, eni isə 150–160 m-dir. Ümumi sahəsi 1,5 hektardır.

Torpaqqalada bina qalıqları, təndir və ocaq yerləri, istehsalat ocaqları, təsərrüfat küpləri, dulusçuluq və şüşə məmulatlarının müxtəlif nümunələri və sümük qalıqları aşkar edilmişdir.

Torpaqqalanın VII qazıntı sahəsindən aşkar olunmuş beş otağın (otaqların hamısı yanmışdır) divarları çiy kərpicdən hörülmüş, tavanında isə ağac materialından istifadə olunmuşdur. Maraqlıdır ki, ocaq yerlərindən çoxlu qarğaduzu tapılmışdır. Rəşid Göyüşov qeyd edir ki, görünür qarğaduzundan gön-dəri aşılamaqda və evlərin divarının ağardılmasında istifadə edilmişdir.[1]

Tədqiqatlar göstərmişdir ki, Torpaqqalada xüsusi sənətkarlıq məhəlləsi mövcud olmuşdur. Burada iki ədəd dulus və kərpic kürəsi, həmçinin şüşə istehsalı ocağı aşkar olunmuşdur. Dulus kürələri ellipsvari olub, iki yarusludur. Hər iki kürədə şirsiz saxsı qablar istehsal edilmişdir. Kərpic bişirilən kürə isə Zaqafqaziya arxeoloji qazıntılarından tapılmış yeganə inşaat materialı ocağıdır.

Torpaqqalada ən nadir qalıq şüşə istehsalı ocağının aşkar olunmasıdır. Dördkünc formada, olduqca səliqəli hörülmüş bu ocağın içərisindən çoxlu şüşə qalıqları tapılmışdır.

Yaşayış yerinin altında küp və torpaq qəbirləri, yaxınlıqdakı Saqqızlıq deyilən ərazidən isə xristian qəbirləri üzə çıxarılmışdır. Həmin qəbirlərin Qafqaz albanlarına məxsus olması şübhə doğurmur.

Torpaqqalada III–XV əsrləri əhatə edən 2–4 metr qalınlığında mədəni təbəqə var. Təpənin ətrafındakı 1,5–2 metr hündürlüyündəki müdəfiə səddi, mədəni təbəqədən məişət əşyaları ilə yanaşı dulus kürələri və şüşə istehsalı ocağının aşkarlanması alimlərin buranı şəhərtipli yaşayış yeri adlandırmalarına imkan vermişdir. Torpaqqala ərazisində Qafqaz albanlarına məxsus hansısa erkən orta əsrlər şəhərinin olması güman edilir.[2][3][4][5]

  1. Rəşid Göyüşov. Azərbaycan arxeologiyası. Bakı: 1986
  2. Vahidov R.M. Torpaqqalada arxeoloji qazıntı işlərinin yekunları. Azərbaycanın maddi mədəniyyəti. Cild-6. Bakı: 1965
  3. Mahmudov F.R. Ağyazı düzənliyində Yaloylutəpə mədəniyyətinə aid abidə. Azərbaycanın maddi mədəniyyəti. Cild-6. Bakı: 1965
  4. H.Əzimov, Ş.Əhmədov. Qax abidələri. Bakı: Səda 1998
  5. Şahmərdan Əhmədli. Unudulmuş şəhər — Torpaqqala. Qax: 1996