Albanlar, Qafqaz albanları — Qafqaz Albaniyası dövlətinin əsasını qoymuş, azərbaycanlıların etnogenezində mühüm rol oynamış, qafqaz dil ailəsinə mənsub olan Cənubi Qafqazın yerli xalqı. [1][2]
Ümumi sayı | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
? | |||||||||
Yaşadığı ərazilər | |||||||||
| |||||||||
Dili | |||||||||
Dini | |||||||||
Qohum xalqlar | |||||||||
Alban etnosunun adı ilk dəfə e.ə. 331-ci ildə Əhəməni ordusu ilə Makedoniyalı İskəndərin ordusu arasında baş vermiş Qavqamel döyüşü ilə əlaqədar olaraq II əsr müəllifi Arrian tərəfindən çəkilir. Deyilir ki, Əhəməni ordusunda albanlar da vardı [3]. E.ə. I əsrdə baş vermiş hadisələrlə əlaqədar bu etnosun məskun olduğu ölkə yunan və latın mənbələrində eranın əvvəllərindən başlayaraq Albaniya adlanır. Albaniya indiki Dağıstana mənsub Samur-Dərbəndarası bölgə, indi Ermənistana aid Göyçə və Zəngəzur bölgələri daxil olmaqla indiki Şimali Azərbaycan ərazisi əhatə edirdi.[4] Lakin Azərbaycanın Kür çayının Arazla birləşdiyi yerdən Xəzərə qədərki hissəsindən cənubdakı inzibati rayonların (Saatlı, Sabirabad, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik və Astara rayonları) ərazisi və Naxçıvan qədimdə Midiyaya, e.ə. IV əsrdən eranın VII əsrinə qədər Atropatenaya məxsus idi. Albaniya dövləti təxminən min il ömür sürmüş və ərəb işğalı nəticəsində VIII əsrdə süqut etmişdir.
Albaniyada əhali müxtəlif dillərdə (I əsr müəllifi Strabona görə 26 dildə) danışırdı. Ona görə mənbələrdə alban etnonimi iki mənada işlənir: birincisi, Albaniya ölkəsində yaşadıqlarına görə bütün tayfaların ümumi adı kimi; ikincisi, bu tayfalardan birinin konkret etnik adı kimi, özünü adlandırması kimi. Prof. Q. Qeybullayev yazır ki, Albaniyada özünü Alban adlandıran bir tayfa yaşayırdı. Özlüyündə aydındır ki, bu tayfa ölkədə aparıcı rola malik idi. Əks halda ölkə onun adı ilə Albaniya adlanmazdı və sözsüz ki, çarlıq edən sülalə də bu tayfadan idi. Ümumi mənada alban adlanan digər tayfaların hərəsinin də etnik adı vardı.[5]
Bir qrup alim (ermənişünas, qafqazşünas və iranşünaslar) A.Q.Şanidze [6], Q.A.Melikişvili [7], İ.M.Dyakonov [8], K.V. Trever [9], S. T.Yeremyan [10], A.P.Novoseltsev [11], Q. A.Klimov [12] və Azərbaycan tədqiqatçıları İ. H. Əliyev, F. Məmmədova albanlarının hamısını, o sıradan alban tayfasının özünün də Qafqazdilli olunduğunu hesab edirdilər.
Başqa bir qrup tədqiqatçılar, akademik Y. Yusifov [13], akademik M. İsmayılov [14], Z. İ. Yampolski [1], Q. Qeybullayev [15], K. Əliyev [16], Ş. Kaya [17], M. Bala [18], F. Cəlilov [19], X. Xəlili [20] isə albanları türk mənşəli tayfa hesab edirlər.
Tədqiqatlar göstərmişdir ki, albanların, yaxud Albaniya tayfalarının hamısı yox, yalnız bir hissəsi, əsasən Dağıstanla həmsərhəd bölgələrdə yaşayan Dağıstandilli, alban etnik adını daşıyanlar, yəni alban tayfası və daha bir neçə tayfa türkdilli idi.[5]
Dağıstandilli tayfalar indiki udinlərin, ləzgilərin, avarların, saxurların, xınalıqlıların, qrızlıların və buduqluların əcdadları idi. Lakin ləzgilərin, avarların və saxurların əsas hissəsi indiki Dağıstanda yaşayırdı. Dağıstan isə bütünlükdə Albaniyaya aid deyildi. Albaniyada yaşayan Dağıstandilli yaxud ləzgidilli tayfalar köklü, yerli idilər, lakin onların yaşadıqları bölgələrin ayrı – ayrılıqda dəqiq coğrafi koordinatları məlum deyil.
Albaniyanın şimal – qərbində, Dağıstan və Gürcüstan ilə sərhəd bölgədə bir tayfa V əsrdən başlayaraq gürcü mənbələrində her, onun yaşadığı mahal Hereti adlanır. Gürcü tədqiqatçıları bu tayfanın ümumi mənada albanlar olduqlarını təsdiqləyirlər. Müəyyən edilmişdir ki, Herlər indiki Dağıstandilli qrızların və haputluların ulu əcdadlarıdır, onlar özlərinə indi də "hər" deyirlər.[15]
Alban tarixçisi Musa Kalankatlının Alban tarixi əsərində Albaniyanın şimal – qərbində bir əyalət Xeni adlandırılır. Xınalıq kəndinin adı həmin əyalətin adını əks etdirir, lakin xınalıqların ulu əcdadları V əsrə aid bir mənbədə albanlarda bir tayfanın adı kimi qeyd etdiyi qat tayfasıdır, xınalıqlılar özlərinə indi də kət deyirlər.[15]
Alban tarixində və V- VII əsrlərə aid qədim mənbələrdə həmin bölgədə yaşayan lpin (lbin), silv və ciqb tayfalarının adları çəkilir. Lbinlər avarların Albaniyada yaşayan hissəsinin , silvlər Dağıstanda yaşayan hissəsinin etnik adlarıdır; civblər isə indiki saxurlardır, onlar özlərinə indi də yixbı deyirlər.[15]
Albaniyanın şimal – şərqində V-VII əsr mənbələrində çoxlu tayfaların yaşaması qeyd olunmuşdur: xaçmatak, qluar, maskut, xursan, çul, tavaspar, ləg və b. Bu tayfalardan tavasparlar (tabasaranlar) və ləglər indiki ləzgilərin əcdadlarıdır. İlk dəfə ləg formasında ləzgilərin adı I əsr müəllifi Strabonun əsərində çəkilir. O yazır ki, albanların qonşuluğunda ləglər yaşayır [21]. Qədim mənbələrdə ləzgilər haqqında məlumat çox azdır. İlk dəfə olaraq IX əsrə aid ərəb mənbəində Samurdan şimalda Ləkz ölkəsi qeyd olunur. Ləzgilərin IX əsrdə Samur üstündə Mixyar adlı qalası vardı.
Albaniyada İrandilli tayfalar da yaşamışdır. Eranın III – IV əsrlərindən tatların ulu əcdadları burada məskun idi. Tat adını bu etnosa qədim türklər vermişlər, mənası da oturaq, əkinçi deməkdir. Tatlar heç vaxt köçəriliklə məşğul olmamışlar. Səlcuq oğuzları Cənubi Azərbaycanın yerli, oturaq, türkdilli əhalisini tat adlandırırlar. Parslar isə Balaxanı və Suraxanının qədim sakinləridir. Dağlıq Şirvanda və Quba rayonunda Rusta, Afurca, Xaltan, Varna, Avaxil və b. İranmənşəli toponimlər müasir tat dilində deyildir, lakin qədim fars dili ilə aydınlaşdırılır. IV- VI əsrlərdə Beşbarmaq, Gilgilçay, daha sonra Dərbənd sədlərinin çəkməsilə əlaqədar olaraq Sasani şahları Xızı, Dəvəçi və Quba rayonlarındakı tatları və Dərbənd bölgəsindəki yəhudiləri İrandan köçürtmüşlər. Məsudi yazır ki, Ənuşirəvan əl Bab və – l Əbvab adı ilə tanınmış bu şəhəri, onun quru, dəniz və dağlarda uzanmış səddini tikdirdiyi zaman, müxtəlif xalqları və onların hökmdarlarını buraya köçürtdü [22].
Özlərini alban adlandıranlar qədimdə Atropatenada da yaşayırdı. Strabon albanların bir hissəsinin Midiya dağlarında yaşadığını yazmışdır.[23] Prof. Q. Qeybullayev qeyd edir ki, Midiya dağlarında eradan əvvəl (Strabonun bu məlumatı er. əv. IV-III əsrlərə aiddir) heç bir Dağıstandilli tayfa yaşaya bilməzdi. Toponimlər əsasında alban tayfasının Ermənistanda, Gürcüstanda və Dağıstanda (Dərbənd zonasında) yaşaması da müəyyən edilmişdir .[15]
Oroys – E.ə. I əsrdə Alban çarı. Adın bu formasını Plutarx yazmışdır [24]. Appian bu adı Oroz, Oriz, Dion Kassi isə Oris kimi qeyd etmişdir. Əsl forması Appianın qeyd etdiyi Orozdur ki, bu da əslində Oruz, yaxud Uruz adının fonetik şəklidir. Türkcə xoşbəxt əlamət, xoş nişanə, qismət, nəsib, xoş güzəran, sağlamlıq, sərvət, var-dövlət mənalarında olan orəz, oraz, orıs, ırıs, oruz [25] sözündəndir. Firdovsinin Şahnaməsində Alp Arus (Alp Ər Tunqanın oğlu), Kitabi Dədə Qorqudda Uruz, XII əsrdə Orta Asiyada Uruzbək [26], Çingizxan dövründə qırğız inallarından biri Urus, Qırğız sultanlarının banisi Urusxan, XIV əsrdə Orta Asiya xalqlarının hakimi Orusxan (Qazaxıstanda Aq Orda xanı – 1361 – 1380) və b. şəxs adları ilə müqayisə olunur.
Kozis – Oruzun qardaşının, Alban sərkərdəsinin adı [24]. Latın dilinin fonetikasına uyğun şəkildə verilmiş bu adın əsl forması məlum deyil. Güman ki, türk dillərində Kozik ulduzu adlanan ulduzun adındandır (məsələn, qırğız dilində qütb ulduzu Altın kozık, Oğlaq bürcü Təmir kozik adlanır). Oğuznamənin uyğur variantında Kazuk şəxs adı vardır [27]. Monqollarda və türklərdə Kuçuk şəxs adı da kozik sözünün fonetik formasıdır.
Zober – E.ə. I əsrdə, Alban çarının adı.[28] Yunan və latın dillərində ç, c, ş səsləri olmadığına görə, güman ki, adın başlanğıcındankı z səsi əslində ç yaxud ş səsini ifadə edir. Lakin bu səs köklü s da ola bilər. Bir sıra türk dillərində çəpər (lakin xakasca sibət, başqırdca səbər, monqolca tsəbər, buryat-monqolca səbər) təmiz, gözəl [29] qayda-qanunu sevən, intizamlı, ehtiyatlı, vicdanlı, nəcib, düz [30] sözündəndir. Türk dillərində çəbər, çəvər, şəvər formalarında olan bu söz çoxmənalıdır. Məsələn, qırğızca çəbər – mahir, mərhəmətli, cəld, diribaş, zirək, çevik, fəndgir, qazaxca şəbər – usta‖, uyğurca çəvər – mahir, başqırdca sibər – qanışirin, suyuşirin, məlahətli, cazibəli, xakasca səbər – səliqəli, türkməncə çəpər – gözəl və s. mənalarındadır [31]. Er. əv. V əsrdə sak çarı Sabar, hun Kuturqur tayfasının xanı (559-cu il) Zaberxan, VII əsrin ikinci yarısında Şərqi Türk xaqanlığında Şibir xaqan, VIII əsrdə türk bolqarların çarı Sabar, IX əsrdə Arsakda hakim Savar şəxs adları ilə eynidir.
Aran – I əsrin ortalarında Alban çarının adı. Türkcə erən, ərən – şücaətli, cəsur döyüşçü, mərd oğul, qoçaq, qüvvətli [32] sözündəndir [33]. Qeyd etmək lazımdır ki, ərən – döyüşçü sözü hələ er. əv. III minillikdə şumer dilində vardı [34]. III əsrdə hun xaqanlarından Eran (bu ad V əsrə aid qədim erməni mənbəində qeyd olunub), XVIII əsrdə Xivə xanlığına aid sənədlərdə Aran-Qazi və b. şəxs adları ilə müqayisə olunur.
I əsrdən IV əsrədək bəzi Alban çarlarının adları məlum deyil. Alban tarixçisi yazır ki, kitablar və Bibliyanın hissələri yandırıldığına görə (VIII əsrin əvvəlində Alban kilsəsi Ərəb xəlifəsinin əmri ilə erməni kilsəsinin tabeliyinə verildikdən sonra erməni kilsə başçısı İlyanın sırıncamı əsasında alban dilində yazılmış kitablar yandırılmış, yeşiklərə doldurularaq Tərtərçaya atılmışdırQeybullayev 94, Məmmədova 93). Albanların bu əsrlərdəki çarlarının adları bilinmir Alban tarixi, I kitab, 8-ci fəsil.
Urnayr – IV əsr, Alban çarının adı [35]. Türkcə orun – taxt – tacda oturan, hakimiyyət sürən [36] və ər – kişi, igid, döyüşçü sözlərindəndir. Bu adın birinci komponentini qədim türkcə urunq – təmiz, saf, nəcib, alicənab, əsilzadə sözündən (nq qovuşuq səsinin n səsinə keçməsilə) ibarət olduğunu da gumanedilir. Adın sonunu təşkil edən "ər" sözünün "ayr" kimi yazılışı türk dillərindən qədim erməni dilinə keçmiş (lakin erməni tədqiqatçıları bunu bilərəkdən danınırlar və "ər" sözünü Ari – farsları əcdadlarının adını bildirən Ari etnonimi ilə bağlayırlar) "ər" sözünun "ayr" kimi tələffüzündən irəli gəlir. XVIII əsrdə Xivə xanlığına aid sənədlərdə Orunbəy şəxs adı ilə müqayisə edilir.
Asay – IV əsrdə Alban çarının adı. Türkcə as – iltifat, mərhəmət, nəvaziş, əziz sözündən və "ay" şəkilçisindəndir. Alban tarixində Mehranilərdən (Cavanşirin mənsub olduğu nəsildən) Varaz Tridatın oğlanlarından biri də qədim ermənicə yazılışda İsay (Esay, Asay adının şəkli) kimi qeyd olunmuşdur. Asay və Esay şəxs adları Orta Asiya və Volqaboyu türk xalqlarında geniş yayılmışdır: azərbaycanlılarda Azay, ruslarda Aseev, ermənilərdə Esayan, gürcülərdə Esadze və. b. IX əsrdə Arsakda xristian albanların hakimi Esay Stepannos (ərəb mənbələrində İsa ibn İstifanus), XVII əsrdə Alban xristian tarixçisi Esay Əsən Cəlalın [37] adları ilə müqayisə olunur.
Mate – V əsr, Albaniyanın Bərdə mahalının xristian ruhanisinin adı. Türkmənşəli Mete adının qədim ermənicə yazılış formasıdır. Er. əv. III əsrdə Hun imperiyasının əsasını qoymuş Mete (209 – 174) xaqanın adı ilə eynidir. Türk dillərindəki matı – gözəl, vicdanlı, sədaqətli, səmimi, doğruçul [38], yaxud matı (batı) – mətin, qüvvətli, möhkəm sözündəndir.
Manas – V əsrdə Qəbələ şəhərinin yepiskopunun [39] adı. Geniş yayılmış türkmənşəli adlardandır. Oğuznamənin Altay variatında Alp- Manaş, qırğızların Manas dastanında Manas şəxs adları ilə müqayisə olunur. Türkcə manq – bahadır, döyüşçü sözü və as şəkilçisindən ibarətdir.
Vaçe – V əsrdə Alban çarının adı. Türkcə (əsli irancadan) vaç – haqqı ödəyən [40] sözündəndir. Soqd dilində pac – oruc tutmaq [41] və Vaçaq – oruc sözlərindəndir. Qədim türklərdə Vaça şəxs adı [42] ilə müqayisə olunur.
Həsən Cəlal – XII əsrdə Qarabağın dağlıq hissəsində xristian albanların Xaçın knyazının adı. Ermənicə epiqrafik abidədə Hasan Calal kimi yazılmışdır. Bu adın Cəlal hissəsi orta əsrlərdə geniş yayılmış ərəbcə Calal- üd Dövlə titulunun qısaldılmış formasıdır. Prof. Q. Qeybullayev qeyd edir ki, "hakimin əsl adı isə Əsəndir, lakin ermənicə adın əvvəlinə h səsi əlavə olunmuş və ə səsi olmadığına görə Hasan kimi yazılmışdır. Tarixçilərimiz isə bu kişinin adını indiyədək ermənicədən ruscaya Qasan, Xasan, ruscadan azərbaycancaya Həsən kimi çevirib yazırlar. Beləliklə, türkmənşəli Əsən şəxs adı (türkcə əsən – sağlam, gümrah sözündən) ərəb mənşəli Həsən adı ilə eyniləşdirilmişdir, halbuki albanların xristian hissəsinin hakiminin, ərəblərin və islamın qatı əleyhdarının adı ərəbcə ola bilməzdi. Lakin Hambarsumyan kimi tələffüz edilən və yazılan adı erməilər heç də rusca Xambarsumyan, yaxud Qambarsumyan yox, Ambarsumyan yazırlar və düz də edirlər."[5] Əsən Calalın babasının adı da Əsən olmuşdur və ermənicə o da Hasan yazılır. Gəncəsər monastırında (1216 – 1238-ci ildə tikilmişdir) 1240 – cı ilə aid kitabədə Əsən Calalın Vaxtanqın oğlu, böyük Hasanın nəvəsi Hasan Calal adlanmasından görünür ki, onun babası da Əsən adlanmışdır. Aydındır ki, həmin Əsən də ərəbcə Həsən adından ola bilməzdi. Deməli, qədim ermənicə yazılışda şəxs adlarının və toponimlərin əvvəlinə h səsi artırılma olduğu nəzərə alınmalıdır. Erməni mənbələrində indiki Aterk – Haterk, Aran-Daş – Hrandaş, Aran – Hran və s. kimi yazılmışdır. Əsən sözü şəxs adlarında alban Sanesan şəxs adında öz əksini tapmışdır. Antik müəllif Dion Kassiy Şimali Qafqazda Azık (Yazıq) tayfasının başçısının adını Zantik kimi yazmışdır. Yazıqları iranmənşəli tayfa hesab edən tədqiqatçılar Zantik şəxs adı üstündə çox çalışmış, lakin onu İran dilləri vasitəsilə izah edə bilməmişlər. Halbuki bu şəxs adı türkcə əsən, əzən – sağlam, gümrah sözü və -tık (-lık) şəkilçisindən ibarətdir. Lakin antik müəllif adın başında duran e və ya ə səsini yazmamış, yaxud onu məlumatçısının tələffüz etdiyi kimi qeyd etmişdir. Əsən Calalın adı erkən orta əsrlərdə uyğurlarda Asan, Asan-tiqin [43], XIII əsrdə monqollarda Esen-Buqa, Esen- Teymur, Əsən, – Tuqay və b., XIV əsrdə Bulqar xanı Asan adı ilə müqayisə olunur.
Səhl ibn Sunbat – Sunbat adının (danışıqda n-m əvəzlənməsinə görə) fonetik formasıdır. IX əsrdə Babəki tutub ərəb sərkərdəsi Afşinə təslim edən Sisakan çarı Səhl ibn Sunbatın adı ilə müqayisə olunur. Türkcə sun – gözətçi, keşikçi və bat – mətin sözlərindəndir.
Mənbələrdə Albaniya ərazisində çoxlu yer adları çəkilir. II əsr müəllifi Klavdi Ptolemey [44] Albaniya ərazisində 29 yaşayış məntəqəsi və 5 çay adını çəkir. Bu toponimlərin mənşəyi haqqında geniş ədəbiyyat var, lakin demək olar, heç birinin mənası açılmamışdır. Pqof. Q. Qeybullayev isə onun göstərdiyi Sanua, Qelda, Alam, Baruka, Tabilaka və İobula toponimlərini müvafiq olaraq Albaniyanın Xeni, Qelavu, orta əsrlərdə Olom, Ulam və müasir Berikey (Dərbənd rayonunda), Tövlə (Qəbələ rayonu) və Balakən adları ilə qarşılaşdırır. Maraqlıdır ki, Ptolemey Sioda toponimini Kürlə Arazın birləşdiyi yerdə (təxminən indiki Cavad kəndinin yerində) qeyd edir. Ehtimal ki, bu toponim Suv-ada çayların qovuşduqları yürdə üç tərəfdən su ilə əhatə olunan ada formalı yer sözüdür və Suada toponimi zaman keçdikcə Cavad formasını qəbul etmişdir. Ptolemeyin qeyd etdiyi Alban, Qelda, Kamexiya, Osika və Tilbida toponimləri müvafiq surətdə Albaniyanın Alban, Gel, Şamake, Şaka və Silb tayfalarının adlarını əks etdirir. Ptolemeyin qeyd etdiyi Alam toponimi türkcə olam, olom keçid sözündən ibarətdir. İori və Alazan çaylarının qovuşuğunda orta əsrlərdə Olom toponimi vardı.
Albaniya toponimlərinin çoxu Musa Kalankatlının Alban tarixində qeyd edilmişdir. Lakin tədqiqat göstərmişdir ki, bu mənbədə göstərilən yer adlarını iki qismə ayırırlar: Albaniyada yaşamış tayfaların adlarını əks etdirənlər; yerin müsbət və mənfi relyef formalarını bildirən sözlərdən ibarət adlar. Birinci qrupa Habant, Arajank, Arandjinak, Aranrot, Qarqar, Qoroz, Kanqark, Kolb, Kolt, Medz-Arank, Medz-Kolmank, Pazkank, Trtu, Tuçkatak, Çol, Çur, Xarqlank, Xunanakert və s. aid edilir. Bu toponimlərin Albaniyada yaşayan türkmənşəli Abant, Araz, Aran, Qarqar, Gorus, Kəngər, Kol (Kul), Çol (Çul), Peçeneq, Tərtər, Katak, Xun (Hun) tayfalarının adlarını əks etdirir. Albaniyanın Lpink, Lubnas, Hereti və Xeni toponimləri isə Dağıstanmənşəli tayfaların adlarını əks etdirir.