Tottenham Hotspur Stadium — İngiltərə Premyer Liqası klubu Tottenhem Hotspur-un Londonun şimalında yerləşən ev stadionu. O, klubun əvvəlki stadionu olan Vayt Hart Leyni əvəz edir. 62,850 tamaşaçı tutumu[1] ilə İngiltərənin 3-cü ən böyük futbol stadionu və Londonun ən böyük klub meydançasıdır.[2] Stadionun çoxməqsədli olması nəzərdə tutulub və NFL-nin Böyük Britaniyadakı ev stadionudur. Bu, NFL London Oyunları, konsertlər və digər tədbirlər üçün altında sintetik qazon sahəsini çıxara bilən dünyanın ilk bölünən və geri çəkilə bilən futbol meydançasıdır.[3]
Stadionun tikintisinə Tottenhem üçün 20 illik regenerasiya planının katalizatoru olmaq üçün nəzərdə tutulan Northumberland İnkişaf Layihəsinin mərkəzi hissəsi kimi başlanmışdır. Layihə hazırda sökülən Vayt Hart Leyn ərazisini və ona bitişik əraziləri əhatə edir. O, 2007-ci ildə hazırlanıb və 2008-ci ildə elan edilib, lakin bir neçə dəfə yenidən işlənib və mübahisələr və gecikmələr səbəbilə tikintiyə 2015-ci ilə qədər başlanmayıb. Stadion 3 aprel 2019-cu ildə Premyer Liqanın ilk oyunu öncəsi mərasimlə açılıb.
"Tottenham Hotspur Stadium" adının müvəqqəti olması nəzərdə tutulurdu, burada məqsəd ad hüquqlarını sponsora satmaq idi,[4][5][6] lakin hələ də adı dəyişdirilməyib. Stadion bəzən azarkeşlər və bəzi KİV-də "Nyu Vayt Hart Leyn" adlandırılır.[7][8][9][10]