Tulyaremiya

Tulyaremiya (lat. tularemia) kəskin, obliqat təbi-ocaqlı zoonoz xəstəlikdir. İntoksikasiya, qızdırma, spesifik limfadenitin inkişafı və müxtəlif orqanların zədələnməsi ilə cərəyan edir.

XBT-10 təsnifatı
A21. Tulyaremiya
A21.0 Anginoz-bubon forması
A21.1 Göz-bubon forması
A21.2 Ağciyər forması
A21.3 Abdominal forması
A21.9 Naməlum forma
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası)

Tarixi məlumat

[redaktə | mənbəni redaktə et]

1910 cu uldə Q. Makkoy Kaliforniyada Tulyare bataqlıq rayonunda taunun təbii ocağını müayinə edən zaman sünbülqıranlarda taunabənzər xəstəlik tapmışdır. 1911 ci ildə o, və Ş. Çepin xəstə sünbülqıranlarda bu xəstəliyin lat. bacterium tularence (Tulyare gölü rayonunda epizootiyanın yerinə görə) törədici mikrobunu ayırmışlar. Tezliklə aydınlaşdırılmışdır ki, insanlar da həmin infeksiyaya həssasdırlar. Frensisin təklifi ilə həmin infeksiyaya tulyaremiya adı verilmişdir. Hezvanların və insanların tulyaremiya xəstəliyi Amerika, AvropaAsiyanın bir çox ölkələrində məlumdur. Afrikada tulyaremiya infeksiyasının olması məlum deyildir. Keçmiş SSRİ ərazisində 1926 cı ildə birinci dəfə Həştərxan taunəleyhinə stansiyanın həkimləri S.V. Suvorov, A.A. Volfers və M.M. Voronkova tərəfindən Volqa çayının deltasında mqəyyən edilmişdir, lakin limfadenitlə müşahidə olunan xəstəliyin şiddətlənmələri bundan xeyli əvvəllər də müşahidə olunmuşdur.

Tulyaremiyanın lat. Francisella tularensis törədici mikrobu lat. Francisella növünə, lat. Brucellaceae ailəsinə mənsubdur. Mikrob hərəkətsizdir, kokkabənzərdir, ölçüləri 0,1-0,5 mkm-dir. Spor əmələ gətirmir. Kapsulu vardır. Qrammənfidir. Karbol fuksini ilə və Romanovski-Gimza üsulu ilə boyanır. Qida mühitlərində kulturadan alınmış tulyaremiya bakteriyalarının çöpşəkilli formaları biopolyar boyana bilir. Toxumalarda rənglənmə zamanı bipolyar boyanma nəzərə çarpmır, bu da lat. Francisella tularensisi taun törədici mikrobdan fərqləndirir. Tulyaremiya bakteriyaları aerobdur, adi qidalı mühitlərdə inkişaf etmir, sistemin, qlükoza və defibrinləşmiş dovşan qanından ibarət olan ətli pepton aqarında becərilir. İçərisində yumurta sarısı olan duru mühitdə daha yaxşı inkişaf edir. son vaxtlar törədici mikrobu yetişdirmək üçün toyuq embrionundan istifadə olunur. Optimum inkişaf 37 °C, mühitin pH-ı 6,7-7,4- dür.

Tulyaremiya bakteriyalarının tərkibində iki antigen kompleksi: qılaflı (VI) və somatik (0) antigen kompleksi vardır. Törədici mikrobun virulentliyi və immunogen xassəli qılaflı antigen kompleksi ilə əlaqədardır. Tulyaremiya mikrobları xarici mühitdə 4 °C temperaturda suda və nəm torpaqda 4 aydan daha çox, tulyaremiyadan ölən donmuş heyvan cəsədlərində isə 6 ay müddətində bioloji xüsusiyyətlərini itirmir. Taxılda və samanda 20-30 °C temperaturda tulyaremiya mikrobları 20 günə yaxın yaşayır. Dizenfeksiyaedici dərman məhlullarının işçi konsentrasiyalarında (1-3%-li lizol məhlulu, 1:1000 nisbətli sulema, 1%-li sabun-krezol emulsiyası) lat. Francisella tularensis 2-5 dəq. sonra həyat fəaliyyətini itirir. Xlorlaşdırılmış su, qaynatma, bilavasitə günəş şüaları onlara ıldürücü təsir göstərir. Laboratoriya heyvanlarından tulyaremiyaya yüksək dərəcədə həssas olanları ağ siçanlar və dəniz donuzlarıdır. Onlar dərialtına inyeksiya ilə yoluxdurulduqda 4-14 gün sonra sepsisdən ölürlər. Tulyaremiya mikrobunun iki coğrafi irqi aşkar edilmişdir: Amerikan və qeyri-arktik (lat. F. tularensis neracitica) və ya Avro-Aciya, yaxud qolarktik (lat. F. tularensis nolaractica). Mikrobun qeyri arktik irqinin ştammları qolarktik ştammlardan fərqli olaraq laboratoriya heyvanları, insan üçün yüksək patogenliyi və qliserini qıcqırtmaq qabiliyyəti ilə xarakterizə olunur.

Təbii ocaqlı zoonoz infeksiyalardan biri olan tulyaremiya üçün biosenozun triadası: törədici mikrob, törədici mikrobun rezervuarı qansorucu buğumayaqlılardır – xəstəliyi yayanlar xarakterikdir. Tulyaremiyanın təbii ocaqları bütün düzənlik landşaft zonalarda təsadüf edilir, bəzi yerlərdə dağlara da keçir. Tulyaremiyanın təbii ocaqlarının bir neçə landşaf tipi vardır: çaybasar-bataqlıq, dağətəyi-kiçik çay, çəmən-düzənlik meşə, çöl, tuqay. Bu cür ocaqlarda 60 növdən artıq vəhşi heyvan – infeksiyanın mənbəyi aşkar edilmişdir.

Patogenez və patoloji anatomiya

[redaktə | mənbəni redaktə et]

Klinik mənzərə

[redaktə | mənbəni redaktə et]

İnkubasiya dövrü 3-7 gündür, xəstəlik qəflətən başlayır, üşütmə, temperatur 39-400 qalxır. Davamlı baş ağrısı, halsızlıq, əzələ ağrıları, iştahasızlıq olur. Xəstənin sifəti qızarır, dili ərpli olub, ağızın selikli qişasında nöqtəvari qansızmalar ola bilər. Dəri üzərində müxtəlif səpkilərə rast gəlinir, limfadenit xəstəliyin klinikasından asılı olaraq inkişaf edir. Ürək-qan damar sistemi tərəfdən bradikardiya, hipotoniya, quru öskürək qeyd olunur, qaraciyər, dalaq böyüyür. Periferik qanda leykopeniya, limfositoz, monositoz, EÇR artır. Tulyaremiyanın qızdırmalı dövrü 5-7 gündən 30 günə kimi davam edir. Xəstəliyin 3 klinik forması ayırd edilir: I. Prosesin lokalizasiyasına görə: 1. Dəri selikli qişa, limfa düyünlərinin zədələnməsi ilə gedən tulyaremiya: a) xora-bubon b) bubon c) göz-bubon d) anginoz-bubon 2. Əsasən daxili orqanların zədələnməsi ilə gedən tulyaremiya: a) ağciyər b) abdominal II. Davametmə müddətinə görə: a) kəskin b) uzun sürən c) residiv verən III. Ağırlıq dərəcəsinə görə: a) yüngül b) orta ağır c) ağır Bubon forması – adətən infeksiyanın dəridən daxil olması zamanı meydana çıxır və regionar limfa düyünlərinin iltihabı ilə başlayır. Bubonlar tək və çox ola bilər. Ən çox qoltuqaltı, qasıq, bud limfa düyünləri zədələnir. 2-3 gündən sonra bubon inkişaf edən limfa düyünü nahiyyəsi ağrılı olur, sonra limfa düyünü böyüyür, ağrılı olması azalır. Bubonu əhatə edən dərialtı piy toxuması da prosesə cəlb olunur, sonra bubon deşilir və irin xaricə axır, irin qatı, ağ rəngli, iysiz olur, bubonun sağalması xəstələrin bəzisində 1-4 ay ləng, çapıq əmələ gəlməsilə, bəzən də bubon sklerozlaşır. Göz-bubon forma – törədicinin gözün selikli qişasına düşməsi nəticəsində inkişaf edir. Bu formada kəskin konyunktivit və zədələnmiş gözün selikli qişasında xoralı dəyişiklik və gözdən sarımtıl, qatı irin ifrazı ilə xarakterikdir. Xəstələrin ümumi vəziyyəti ağır, gedişi uzun sürür. Xoralı-bubon forma – törədicinin daxil olduğu yerdə birincili əlamət, 1-7-ci günündə isə ardıcıl olaraq ləkə, papula, qovuqcuq, irincik, sərt xora əmələ gəlir. Xora açıq rəngli qabıqlanan haşiyə ilə əhatə olunur, üzəri tünd qabıqla örtülü olur, regionar limfa düyünləri zədələnir və limfadenit baş verir. Anginoz-bubon forma – törədicinin infeksiyalaşmış su və qida ilə orqanizmə daxil olması nəticəsində baş verir. Ümumi əlamətlərlə yanaşı xəstədə boğazda ağrılar, udmanın çətinləşməsi olur. Badamcıqlar böyümüş, ödemli, bozumtul-ağrəngli, nekrotik ərplə örtülmüş olur. Ərp çətin ayrılır, bu difteriyadakı ərpi xatırladır, lakin badamcıqların hüdudundan kənar yayılmır, nekrotik zədələnmələr badamcıqları dağıdır və onların çapıqlaşmasına səbəb olur. Abdominal forma – mezenterial limfa düyünlərinin iltihabi prosesi ilə gedir. İntoksikasiya əlamətləri ilə yanaşı qarında tutmaşəkilli daimi ağrılar, ürəkbulanma, qusma meydana çıxır. Qaraciyər, dalaq böyüyür. Ağciyər forması – infeksiyanın hava toz yolu ilə verilməsi nəticəsində inkişaf edir və iki variantda gedir: 1. Bronxotik 2. Pnevmotik Bronxitik formada – döş qəfəsinin (bronxial, paratraxeal, mediastenal) limfa düyünləri zədələnir. Xəstəlik döş sümüyü arxasında ağrılar, quru, bronxial öskürək və ümumi intoksikasiya əlamətləri ilə gedir. Xəstəlik 10-12 gün çəkib sağalma ilə nəticələnir. Pnevmotik variant – kəskin başlanğıc, intoksikasiya əlamətləri və uzun müddətli – 2 aya yaxın gedişlə xarakterizə olub quru və yaş xırıltılı öskürəklə, döş qəfəsindəki ağrılarla müşahidə olunur. Xəstəliyin generalizə olunmuş forması əsasən zəifləmiş şəxslərdə təsadüf olunur. Xəstəlik güclü baş ağrısı, əzələ ağrısı, 390 temperaturla xarakterizə olunur. Temperatur dalğavari olub, 3 həftə davam edir, yuxarı və aşağı ətraflarda, sifət, boyun, döşdə simmetrik yerləşən – “əlcək-yaxalıq” deyilən rozeolyoz səpkilər olur. Qaraciyər, dalaq böyüyür, sağalma gec olur. Bu forma ikincili pnevmoniya, meningit, meninqoensefalit, infeksion psixoz, miokardiodistrofiya ilə ağırlaşa bilər.

Bu məqsədlə seroloji reaksiyalardan və dəri-allergik sınaqdan istifadə edilir. Aqqlütinasiya reaksiyasının nəticəsi 1:100 titrində müsbət hesab edilir. Erkən diaqnostika məqsədi ilə tulyaremiya antigeni – tulyarinlə dəri-allergik sınaqdan istifadə olunur. Bu xəstəliyin 3-5-ci günündən müsbət olur.

Əsas yeri antibakterial preparatlar tutur. Streptomisin sutkada 2 qram – gündə 2 dəfə 1 qr əzələyə; tetrasiklin sutkada 1,5-2 qram; levomisetin 2 qr təyin olunur. Xəstəliyin gedişi uzanarsa, antibiotiklərlə yanaşı vaksin də kombinə edilmiş şəkildə aparılır. Vaksin dəridaxili, dərialtı, əzələyə, venaya hər inyeksiyaya 1-dən 15 milyon mikrob cismi dozasında 3 gündən 5 günə qədər intervalla vurulur, kurs müalicə 10-12 inyeksiyadır. Xəstəyə həm də vitaminoterapiya, intoksikasiyanı aradan qaldırmaq üçün hemodez, reopoliqlükin, qlükoza, fizioloji məhlul, antihistamin preparatlardan – pipolfen, suprastin, dimedrol təyin edilir. Dəridə xora, bubonlar olduqda yerli müalicəvi kompreslər, məlhəmli sarğılar, fizioterapiya – solyuks, diatermiya tətbiq edilir. Fluktuasiya meydana çıxdıqda bubonlar cərrahi yollla irin, nekrotik kütlələrdən azad olunmalıdır. Xəstələr xəstəxanadan klinik sağalmadan sonra evə yazılırlar.

Qeyri-sağlam təsərrüfatda dezinfeksiya, dezinseksiya ve deratizasiya tədbirləri vaxtaşırı olaraq həyata keçirilir. Epidemioloji göstəriş əsasında planlı şəkildə əhali arasında vaksinoprofilaktika həyata keçirilməli, 5 ildən sonra isə revaksinasiya aparılmalıdır.Tuləremiyadan ölmüş heyvanları 2 metr dərinlikdə basdıraraq üstünsdən əhəngli su axıdılmalıdır. Xəstə heyvanların ətindən istifadə qadağandır. Qeyri sağlam təsərrüfatrda yem qalıqları yığılaraq yandırılır və peyin biotermiki üsullarla zərərləşdirilir. 3%-li lizol və krizol, 3%-li xlorlu əhəng məhlulları, 2%-li natrium qələvisi məhlulu ilə heyvan və quş saxlanılan binalar, ətraf dezinfeksiya edilir.

  • Y.P. Şuvalova, İnfeksion xəstəliklər. Ali məktəblər üçün dərslik, Baki: Maarif, 1988 359 səh.
  • H. Krauss, A. Weber, M. Appel, B. Enders, A. v. Graevenitz, H. D. Isenberg, H. G. Schiefer, W. Slenczka, H. Zahner: Zoonosen. Von Tier zu Mensch übertragbare Infektionskrankheiten. 3. vollständig überarbeitete und erweiterte Auflage, 605 Seiten. Deutscher Ärzte-Verlag, Köln, 2004. ISBN 3-7691-0406-4
  • H. Krauss, A. Weber, M. Appel, B. Enders, A. v. Graevenitz, H. D. Isenberg, H. G. Schiefer, W. Slenczka, H. Zahner: Zoonoses. Infectious Diseases Transmissible from Animals to Humans. 3rd Edition, 456 pages. ASM Press. American Society for Microbiology, Washington DC., USA. 2003. ISBN 1-55581-236-8
  • H. Krauss, A. Weber, B. Enders, H. G. Schiefer, W. Slenczka,H. Zahner: Zoonosen [Arabisch]. 688 Seiten. ACATAP, Damaskus, Syrien. 2001.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]