Uşaqları Mühafizə Cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət xeyriyyə təşkilatı.
Y.A.Gindesin təşəbbüsü ilə yaradılmışdı (1917). Sədri Y.A.Gindes, sədr müavini isə Eynülhəyat Yusifbəyli (Azərbaycan Xalq Cümhuriyyəti 4-cü və 5-ci hökumət kabinələrinin başçısı Nəsib bəy Yusifbəylinin həyat yoldaşı) olmuşdur.
Cəmiyyətin məqsədi Bakıda yaşayan 17 yaşınadək uşaqların həyat şəraitini hərtərəfli öyrənmək, əhalini onların yaşayış tərzi və bütün ehtiyacları ilə geniş tanış etmək idi. Cəmiyyət xüsusi uşaq məhkəməsi təşkil etməklə, kimsəsiz uşaqların cinayətkar aləmdən uzaqlaşdırılmasına, onların yenidən tərbiyələndirilməsinə və cəmiyyətə faydalı vətəndaşlar kimi yetişdirilmələri üçün etibarlı əllərə verilməsinə səy göstərirdi. Uşaq məhkəməsinin nəzdində uşaq koloniyası vardı. Aprel işğalından (1920) sonra fəaliyyətini dayandırmışdır.[1]