Uşaqlara Yardım Bürosu

Uşaqlara Yardım BürosuAzərbaycan Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət xeyriyyə təşkilatı. Təşkilat Mart soyqırımından sonra kimsəsiz qalmış uşaqlara və eləcə də ölkədə yaşayan yardıma ehtiyacı olan digər uşaqlara yardım məqsədilə yaradılıb.

Uşaqlara Yardım Bürosu
Növü Qeyri-hökumət təşkilatı
Yaranma tarixi 1918
Ləğvolma tarixi 1920
Sədr Yevsey Gindes
Üzvləri Hacı Zeynalabdin Tağıyev
Ağa Musa Nağıyev
Şəmsi Əsədullayev

Büronun sərəncamında bir neçə uşaq sığınacağı olub. Fəaliyyətlərinə Azərbaycan Cümhuriyyəti ilə yanaşı ölkədə yaşayan milyonçu xeyriyyəçilər də dəstək veriblər.

Aprel işğalından sonra büronun fəaliyyəti dayandırılıb.

Azərbaycan Cümhuriyyətinin Xalq Səhiyyəsi naziri Yevsey Gindes

Mart soyqırımından sonra kimsəsiz qalmış və eləcə də soyqırımdan əziyyət çəkmiş uşaqlara yardım məqsədilə 1918-ci ilin sentyabr ayında o zaman fəaliyyət göstərən ən iri xeyriyyə təşkilatı olan Mərkəzi Ev Komitəsinin nəzdində Uşaqlara Yardım Bürosu yaradılır.[1][2] Büronun sədri Yevsey Gindes, müavini isə Liza Muxtarova təyin edilir. [3]

Büronun fəaliyyəti və binalarının tikintisinə bir sıra milyonçular da dəstək göstərirdilər. Onların arasında Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev var. Bundan başqa büroya ayrı-ayrı şəxslər də ianələr verirdilər. Bu xeyriyyəçilərin sırasında İsabəy Sadıxbəyov, Hənifə Zeynalabdin oğlu Tağıyev, Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri Qasım Qasımov, Tağı Nağıyev, Zeynəb xanım Səlimxanova və digərləri də var.[3]

Əsas məqsədi kimsəsiz qalmış, küçələrə atılmış uşaqlara yardım etmək olan büro, fəaliyyətə başladığı ilk dövrlər əsasən sığınacaqların təşkilinə çalışırdı. Lakin vəsait çatışmazlığına görə çətinliklər yaranırdı. Buna görə də, müvafiq dövlət strukturları büronun işinə dəstək məqsədilə əhaliyə müraciət etmişdi. Həmin dövrdə nəşr edilən Azərbaycan qəzetində bunlar yazılıb[3]:

" Uşaqlara verilən ən adi oyuncağın belə anlamı böyük idi... Bu uşaqlar cəmiyyətdən çıxmışdılar və cəmiyyətə də qayıdacaqdılar, buna görə də onların cəmiyyətin yardımına, köməyinə tam hüquqları vardı... "

Büronun sərəncamında ilk vaxtlar minə qədər uşağın yerləşəcəyi 5 sığınacaq var idi. Sığınacaqlardan biri dekabr ayında Liza Muxtarovanın yardımı ilə kimsəsiz uşaqlar üçün açılmış "Körpələr evi" idi. Bu sığınacaq 1895-ci ildən 1917-ci ilə qədər fəaliyyət göstərmiş "Körpələr evi" əsasında açılmışdı. O zaman sədr doktor Gindes, maliyyəçi isə Hacı Zeynalabdin Tağıyev idi. H.Z.Tağıyev sonralar büronun fəxri üzvü seçilmişdi. Bu "Körpələr evi"nin inşasına 1898-ci ildə başlanılmışdı. Lakin vəsait çatışmazlığına görə tikinti yarımçıq qalır. Sonradan Ağamusa NağıyevŞəmsi Əsədullayev sığınacağın tikintisi üçün pul ayırıb onu sona çatdırırlar. XIX əsrə aid bu bina Süleyman Rüstəm və Mikayıl Rəfili küçələrinin kəsişməsində yerləşir.[3]

Liza Muxtarova

Öz övladı olmayan Liza Muxtarova maarifçilik və tərbiyəçilik işində fəallıq göstərir. O, öz şəxsi mülkündə (indiki Səadət sarayında) pansion təşkil edərək yoxsul ailələrdən olan və valideynlərini itirmiş qızları himayəsinə götürmüşdü[3].

İşləri genişləndirmək məqsədilə 1918-ci ilin noyabrın 26-da yerli ictimai və milli təşkilatların üzvlərindən ibarət geniş iclas keçirilir. Burada kollegial orqan yaradılır, bütün milli, ictimai və xeyriyyə təşklatlarından üzvlər seçilir. Mərkəzi Ev Komitəsindən A.Leontoviç, Y.Gindes, Q.Bron, Rus Xeyriyyə Cəmiyyətindən Krılova və mühəndis Krivoşein, Yəhudi Milli Komitəsindən Y.Varşavskiy, Müsəlman Xeyriyyə Cəmiyyətindən Liza Muxtarova, Müsəlman sığınacağından Vasilyevskaya, "Körpələr evi"ndən Radzinskaya, "Uşaq evləri"ndən Koritskaya və digərləri büroya üzv seçilirlər. Doktor Allahverdiyev isə uşaqların sağlamlığının qorunmasını öz öhdəsinə götürür[3].

Musa bəy Rəfiyevin rəhbərlik etdiyi sosial müdafiə nazirliyi ərzaq şöbəsini maliyyələşdirirdi. Nazirin müavini Rüstəm xan Xoyski Bakının dağlıq hissəsinə, Suraxanı, SabunçuRamanada yaşayan müsəlman əhaliyə, xüsusilə də qida məntəqələrinə gələ bilməyən qadınlara quru ərzaqlar daşıyan paylama məntəqələrinin açılmasında kömək edirdi. Nahar əsasən pulsuz, ya da bir-iki qəpiyə verilirdi. [4]

Büro müsəlman uşaq sığınacağına yardım göstərirdi. Xeyriyyə tədbirləri də keçirilirdi: ucuz ağ çörək bişirilərək, onun satışından gələn gəlir, milliyətindən asılı olmayaraq, yetimxanalara sərf edilirdi. Yay vaxtlannda Büro "Nina" barjasını icarəyə götürərək, vərəmdən əziyyət çəkən 130-dək uşağını səhhətinin yaxşılaşmasına şərait yaratmışdı. 1918-ci ilin sonu – 1919-cu ilin əvvəllərində Bakıda yatalaq epidemiyası zamanı Büro şəhərin fəhlə rayonlarında uşaqlar üçün gündüz evləri açmışdı. Uşaqlar saat 8-dən 18-ə qədər həmin evlərdə yeməklə təmin edilir, xəstələndikdə onlara tibbi yardım göstərilirdi.[3]

Aprel işğalından sonra Uşaqlara Yardım Bürosunun fəaliyyəti dayandırılıb.[1]

  1. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 421. ISBN 9952-417-44-4.
  2. Gülzar İbrahimova. The women’s rights in the period of Azerbaijan Democratic Republic. Nevşehir: The Journal of International Civilization Studies. səh. 274. Archived from the original on 2021-03-03. İstifadə tarixi: 2022-06-24.
  3. 1 2 3 4 5 6 7 Şəlalə Bağırova. "Cümhuriyyətdə uşaq xeyriyyəçiliyi məsələləri" (az.). 525-ci qəzet. 6 fevral 2020. 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2022.
  4. "Azərbaycan qadınları müstəqil dövlətimizin inkişafına böyük töhfələr verirlər" (az.). İki sahil (qəzet). 7 mart 2018. 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2022.