Uşaqsızlıq vergisi

Uşaqsızlıq vergisi (rus. налог на бездетность) — 1940-cı illərdən etibarən Sovet İttifaqı və digər kommunist ölkələrində natalist siyasətin tərkib hissəsi kimi tətbiq edilən vergi. Yerli əhali arasında "subaylıq vergisi" adı ilə də bilinir. İosif Stalin rejimi, yetkin insanları çoxalmağa təşviq etmək məqsədilə vergi yaratdı və beləliklə Sovet İttifaqı əhalisinin sayını artırdı. Gəlirin 6%-nin cəlb edildiyi vergi 25–50 yaşlı kişiləri və 20–45 yaşlı evli qadınları əhatə edirdi.[1]

Vergi Sovet İttifaqı dağılanadək qüvvədə qalmış, lakin məbləği dayanmadan azalmışdır. 2006-cı ildə Səhiyyə naziri Mixail Zurabov və Dövlət Dumasının Sağlamlığın qorunması Komitəsinin sədr müavini Nikolay Gerasimenko bu vergini Rusiyada yenidən bərpa etməyi təklif etsələr də, ideya reallaşmamışdır.[2]

İlkin olaraq SSRİ-də 1941–1990-cı illərdə tətbiq edilən vergi uşağı olmayan bir çox 25–40 yaşlı kişiləri və 20–45 yaşlı evli qadınları təsir dairəsinə almışdı. Vergi uşaqsız şəxsin əmək haqqının 6%-ni təşkil edirdi. Burada müəyyən istisnalar da var idi: övladları İkinci Dünya müharibəsində həlak olmuş şəxslər, eləcə də müəyyən mükafatlar almış müharibə qəhrəmanları bu vergini ödəmirdi. Ayda 70 rubldan az aldığına görə bir çox tələbələr vergidən azad edilmişdi. Eləcə də tibbi cəhətdən uşaq doğa bilməyənlər də vergidən azad edilənlərdən idi. Lakin subay kişilərin çoxu sonsuzluq iddiası ilə vergidən yayınır və saxta tibbi sənədlər verirdilər.[1]

1990-cı ildən sonra uşaqsızlıq vergisinə cəlb olunmayan əmək haqqının məbləği 150 rubladək artırıldı: yəni artıq əmək haqqının ilk 150 rublu bu vergiyə cəlb olunmurdu.[3] Uşaqsızlıq vergisi 1991-ci ildən qadınlara tətbiq edilməməyə başladı. Sovet İttifaqının süqutundan sonra 1992-ci ildə vergi aradan qaldırıldı.

1946-cı ildə kommunist Polşa gəlir vergisinin dərəcəsində oxşar artımın tətbiqini ictimaiyyətə təqdim etdi. Əslində yeni artım uşaqsızlıq vergisi idi. Polşada bu vergi bikove (pol. bykowe) (mənası "öküz" deməkdir. "Öküz vergisi" də adlanırdı. "Öküz" metonimiya kimi subay qadınlara işarə edirdi) ilə məşhurdur. İlk olaraq (1 yanvar 1946-cı ildən 29 noyabr 1956-cı ilədək) yaşı 21-dən yuxarı olan, daha sonra (30 noyabr 1956-cı ildən 1 yanvar 1973-cü ilədək) isə yaşı 25-dən çox olan subaylara tətbiq edildi.[4]

1967–1989-cu illərdə uşaqsızlıq vergisi Kommunist Rumıniyasında Nikolae Çauşeskunun təqdim etdiyi natalist siyasətin bir parçası idi. Abort və kontrasepsiyanın qadağan edilməsi (1967) və məcburi ginekoloji müayinələrlə bərabər bu vergi 1977 və 1986-cı illərdə müxtəlif formalarda tətbiq edildi. Evlənməyən vətəndaşlar uşaqsızlığa görə cərimə ödəməli idilər. Bu da onların gəlirlərinin 8–10%-ni təşkil edirdi.[5][6]

Təsirləri və təkliflər

[redaktə | mənbəni redaktə et]

Sovet İttifaqı dövründə Rusiya Sovet İttifaqının süqutundan sonrakı illərlə müqayisədə daha yüksək doğum göstəricisinə sahib idi və bu, bəzi Rusiya liderlərini uşaqsızlıq vergisini geri gətirməyi təklif etməyə vadar etdi.[2] Səhiyyə Nazirliyinə görə, Sovet İttifaqının süqutundan sonra hər qadına düşən uşaq sayı üzrə göstəricilər 2.19-dan 1.17-ə düşmüşdür. Demoqrafiya Mərkəzinin rus direktoru Anatoli Vişnevskiyə görə, bu doğum göstəricisi dünyada ən aşağı göstəricilər arasındadır və Rusiya liderləri Rusiyadakı bu demoqrafik vəziyyəti "böhran" adlandırırlar.

Uşaqsızlıq vergisinin yenidən tətbiqi mümkün olmadıqda digər təkliflər irəli sürülmüşdü. Məsələn, Vladimir Putin ikinci uşaq sahibi olmaq istəyən qadınlara nağd vəsaitlərin verilməsi təklifini qəbul etdi.[7]

  1. 1 2 "Tax on childlessness, which existed in the Soviet Union, proposed to be restored" ("Налог на бездетность, существовавший в СССР, предлагают восстановить") http://www.finiz.ru/cfin/tmpl-art/id_art-1054929 Arxivləşdirilib 2019-07-07 at the Wayback Machine (accessed January 3, 2010.)
  2. 1 2 "Childless Russian families to pay taxes for their social inaction," http://english.pravda.ru/russia/economics/15-09-2006/84467-childless-0 Arxivləşdirilib 2015-10-16 at the Wayback Machine (accessed January 3, 2010.)
  3. "On the phasing out of the tax on single men and small families of Soviet citizens" (О ПОЭТАПНОЙ ОТМЕНЕ НАЛОГА НА ХОЛОСТЯКОВ, ОДИНОКИХ И МАЛОСЕМЕЙНЫХ ГРАЖДАН СССР) http://www.businesspravo.ru/Docum/DocumShow_DocumID_37788.html Arxivləşdirilib 2011-07-17 at the Wayback Machine (accessed January 3, 2010.)
  4. Art. 20 Personal Income Tax Decree of 26 Oct 1950, Dz. U. No. 7 of 1957 r., Item 26.
  5. Kligman, Gail. "Political Demography: The Banning of Abortion in Ceausescu's Romania". In Ginsburg, Faye D.; Rapp, Rayna, eds. Conceiving the New World Order: The Global Politics of Reproduction. Berkeley, CA: University of California Press, 1995 :234–255. Unique Identifier : AIDSLINE KIE/49442.
  6. "Romanian Pro-Natalism by Max Rudert on Prezi". prezi.com. 2014-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-14.
  7. "A second baby? Russia's mothers aren't persuaded" Arxivləşdirilib 2019-06-30 at the Wayback Machine. Accessed January 3, 2009.