Ucadivar yaşayış yeri

Ucadivar yaşayış yeri — Ordubad-Naxçıvan şosesindən 7 km şimalda, Baş Dizə kəndindən 2 km aralıda, Gilançayın sağ sahilində yerləşir. Keçən əsrin 70-ci illərində abidənin ərazisindən kənd təsərrüfatı məqsədi ilə intensiv istifadə olunması, daha dəqiq desək, aparılmış dərin şum nəticəsində yaşayış yerinin mədəni təbəqəsi və bu məskənin qəbiristanlığı qismən dağıdılmışdır. Toplanmış yerüstü arxeoloji materiallar əsasən saxsı qab qırıqlarından ibarətdir. İlkin tədqiqatlar əsasında Ucadivar yaşayış yeri XII-XVI əsrlərə aid edilir.

Hazırda Ucadivar orta əsrlər yaşayış yerinə aid Sumbatan-Dizə Baş-Dizə yolunun qərb tərəfndə, dağın yamacında bir neçə qəbir abidəsi salamat qalmışdır. Əldə edilən keramika nümunələrinə və qəbir abidələrinə əsasən abidənin XII–XVI əsrlərə aid olduğunu ehtimal etmək olar. Buradan XX əsrin 40-cı illərində təsərrüfat işləri zamanı daş kitabə tapılmışdır.

  • İbrahimli B.İ. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Xaraba-Gilan arxeoloji ekspedisiyasının 2007-ci il hesabatı. AMEA AEİÇTBEA.
  • Azərbaycan arxeologiyası. Altı cilddə, VI cild. Bakı,”Şərq-Qərb”, 2008, 632 s.