Fərmanov Vüqar Xankişi oğlu (Vüqar Rahi) — şair.
Vüqar Rahi | |
---|---|
Vüqar Xankişi oğlu Fərmanov | |
Doğum adı | Vüqar Fərmanov |
Təxəllüsü | Vüqar Rahi |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşaqları | Hüseyn, Əkbər |
Atası | Xankişi |
Təhsili | SDU-nun İqtisadiyyat fakültəsi |
Fəaliyyəti | şair |
Vüqar Rahi 13 avqust 1979–cu ildə Sumqayıt şəhərində müəllim ailəsində doğulmuşdur[1]. 1986–cı ildə Sumqayıt şəhər 27 saylı orta məktəbində orta təhsilə başlamış, 1990–cı ildə məktəbin iki hissəyə bölünərək bir hissəsinin 37 saylı orta məktəbə çevrilməsi səbəbindən təhsilini orda davam etdirmiş, 1996 – cı ildə həmin məktəbdə orta təhsilini bitirmişdir. Eyni ildə dövlət imtahanlarını müvəffəqiyyətlə verib Sumqayıt Dövlət Universitetinin “İqtisadiyyat” fakultəsinə qəbul olmuşdur. 2000–ci ildə Sumqayıt Dövlət Universitetində ali təhsilini “bakalavr” dərəcəsi almaqla uğurla başa vurmuşdur. İlk illərdə “Azpetrol Neft Şirkəti”ndə, daha sonra özəl mühafizə şirkətlərində çalışmışdır.
Bədii yaradıcılığa orta məktəb illərində ədəbiyyata olan xüsusi marağı sayəsində gəlmişdir. Uşaqlıqdan rəssam, və ya heykəltaraş olmağı arzulasa da özünün yaradıcı keyfiyyətini və düşüncələrini yazdığı şeirlərdə daha yaxşı ifadə etməsi bədii ədəbiyyatın nəzm forması ilə ciddi məşğul olması və şair kimi formalaşmasına səbəb olur. Tədricən təhsil aldığı orta məktəbin divar qəzetlərindən dövri mətubatın bir sıra qəzetlərinə qədər şeirləri çap olunmağa başlayan yeniyetmə Vüqarın ədəbiyyata olan marağı get–gedə ailəsinin onu iqtisadçı görmək maraqlarını üstələyir. Ali təhsil aldığı illərdə – 3 – cü kursda oxuyarkən ailə qurması ədəbi yaradıcılığında da həyatında olduğu kimi yeni bir mərhələnin başlanğıcı olur. Bundan sonra “Vüqar Fərmanov” imzasına müxtəlif qəzet və jurnallarda daha tez–tez rast gəlinir. Eyni zamanda daha çox vətənpərvərlik və dini mövzuda yazdığı şeirlərini, yeni sevgi şeirləri əvəzləməyə başlayır. Məhz bu illərdə “Mənə inanma”, “Yuxuma qayıt”, “Səni sevmişəm” kimi şeirlər “Oxu məni” və digər tanınmış qəzetlərdə, həmçinin jurnallarda dərc olunmuşdur. Həmin illərdə müxtəlif tədbirlərdə aparıcı qismində fəaliyyət göstərməsi və ədəbi məclislərə dəvət alması onun həm şair kimi, həm də bir qiraətçi kimi formalaşmasında mühüm rol oynayır. Lakin, bununla kifayətlənməyən gənc Vüqar ədəbi biliklərini artırmaq zərurətini dərk edir və bunun üçün müxtəlif ədəbi birliklərin tədbirlərinə qatılır. Əsasən dinləyici qismində qatıldığı ədəbi məclislərdə ara–sıra yazdığı şeirləri qiraət etməklə onların təhlilinə də imkan yaradır, bir növ fərdi qaydada öyrənməyə davam edir. Eşitdiyi tənqidlər belə onda ümidsizlik yaratmır, əksinə daha əzmlə çalışması üçün bir stimul olur.
Dini–fəlsəfi görüşləri və dini mövzudakı şeirləri səbəbi ilə dini tədbirlərə tez–tez dəvət alması nəticəsində dini ədəbiyyatla sıx təması olan və bu mövzuda şeirlər yazan müxtəlif şairlərlə bilavasitə tanış olur.
Bunlardan biri də həmşəhərlisi Xaqani Əmini olur ki, bu tanışlıq Vüqarın yaradıcılığında ən köklü dəyişikliklərdən birinə çevrilir. Belə ki, Vüqar bununla da klassik əruzu Xaqani Əmininin sayəsində mükəmməl mənimsəyərək qısa bir zamanda klassik əruz şairi kimi adından söz etdirməyi bacarır. Bu hadisə həm də “Vüqar Fərmanov” imzasının “Vüqar Rahi”yə çevrilməsinə səbəb olur. Təsadüfi deyil ki, şair özü də Xaqani Əmininin onun yaradıcılığına təsirini yüksək qiymətləndirərək onu öz ustadı kimi xarakterizə edir. Artıq həvəskar şair şəklini peşəkar şair simasına dəyişən Vüqar Rahinin imzasına daha tez–tez təsadüf olunur. Yazdığı qəzəlləri “Vahid Ədəbi Məclisi”, “Məcməüş–Şüəra” kimi ədəbi məclislərin bəzəyinə çevrilir. Vüqar Rahi üçün bu illəri uğur üzərinə uğur, sevinc üzərinə sevinc illəri kimi qeyd etmək daha doğru olar. 2010–cu ildə “Gənc Şairlər Birliyi”nin üzvü olmaqla bərabər məşhur “Mənə bir az ondan danış” şeirini də qələmə alır. 2011– ci ildən qəzəlləri “Heydər Əliyev Fondu”nun dəstəyi ilə keçirilən “Muğam Müsabiqəsi”nin qalibləri tərəfindən ifa edilir. Ümumilikdə isə bir çox muğam ifaçıları, habelə Respublikanın Əməkdar Artistləri də şairin qəzəllərinə oxuduqları muğam parçalarında sıx müraciət edirlər. 2010–cu ildə şairin qələmə alıb–səsləndirdiyi “Mənə bir az ondan danış” şeirinin qısa zamanda dillər əzbərinə çevrilməsi məşhur aparıcıların, habelə ölkənin tanınmış incəsənət xadimlərinin də diqqətini çəkir. İlk əvvəl şeirin müəllifi ilə bağlı anlaşılmazlıq yaransa da sonradan bu məsələ öz həllini tapır. 2014–cü ildə bir dəvət sonrası Türkiyənin İsparta şəhərində “Uluslararası Türk Dünyası Edebiyat ve Sanat Buluşması” toplantısına qatılan şair, türkdilli dövlətlərin şairləri arasında da diqqət mərkəzinə düşməyi bacarır. Səfərdən dönər–dönməz qardaş Türkiyə və onun hüdudlarında yetərincə tanınmış “Avrasya Sanat Kültür ve Edebiyat Dernegi”nin (ASKED) başqanı tərəfindən ilk öncə Azərbaycan üzrə rəsmi təmsilçilik, daha sonra isə Azərbaycan nümayəndəliyinin sədri vəzifəsinə layiq görülür. İşi ilə bağlı Moskva şəhərinə yollanması və buna görə nümayəndəliyin fəaliyyətində yarana biləcək boşluqları nəzərə alaraq bir neçə ay sonra könüllü olaraq “ASKED”in Azərbaycan nümayəndəliyinin sədri vəzifəsindən istefa verir. İlk şeirlər kitabını öz doğum gününə hədiyyə edərək 2014–cü ilin avqust ayında oxuculara təqdim edir. Bundan sonra şairin “Mənə bir az ondan danış” şeirinə mahnılar bəstələnir, tanınmış müğənnilər tərəfindən ifa olunur. 2014–cü ilin dekabr ayında tanınmış ədəbiyyat adamlarının, o cümlədən incəsənət xadimlərinin iştirakı ilə kitabının təqdimat mərasimi keçirilir. 2015–ci ildə növbəti “Səni sevirəm” adlı şeirinə mahnı bəstələnərək dinləyicilərə təqdim edilir və elə həmin il də Azərbaycan Yazıçılar Birliyinin üzvülüyünə qəbul olunur. 2022–ci ildə isə prezident təqaüdünə layiq görülür.