Vəfa Əliyev

Əliyev Vəfa Xanoğlan oğlu (14 sentyabr 1953, Aşağı Kürdmahmudlu, Qaryagin rayonu) — Filologiya üzrə fəlsəfə doktoru, sənətşünaslıq elmləri doktoru.

Əliyev Vəfa Xanoğlan oğlu
Doğum tarixi (71 yaş)
Doğum yeri Füzuli rayonu, Kürdmahmudlu kəndi
Vətəndaşlığı Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Xanoğlan Əliyev
Elmi dərəcələri Filologiya üzrə fəlsəfə doktoru, sənətşünaslıq elmləri doktoru
İş yeri Azərbaycan Universiteti
Üzvlüyü Yeni Azərbaycan Partiyası
Mükafatları Azərbaycan Respublikasının əməkdar müəllimi

14 sentyabr 1953-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində ziyalı ailəsində anadan olmuşdur. 1969-cu ildə Kürdmahmudlu kənd orta məktəbini bitirərək Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1974-cü ildə həmin institutda təhsilini başa vuraraq Azərbaycan dili və ədəbiyyatı ixtisasına yiyələnmişdir. 1974–1982-ci illərdə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində müəllim və direktor müavini kimi fəaliyyət göstərmişdir. Həmin illərdə yerli "Araz" qəzetində elmi-nəzəri və publisistik məqalələrlə çıxış etmişdir. 1982–1985-ci illərdə "Bilik" Cəmiyyəti Füzuli rayon təşkilatının məsul katibi və rayon partiya komitəsində təlimatçı vəzifəsində çalışmışdır. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1986-cı ilin sentyabr ayından 1987-ci ilin avqust ayına qədər Beyləqan şəhər orta məktəbində direktor müavini işləmişdir. 1987-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əmək fəaliyyətini davam etdirmişdir.

1990-cı ildə baş müəllim seçilmişdir. 1991–1994-cü illərdə Universitetin "Ədəbiyyat və dillər" kafedrasında dosent, 1994–1997-ci illərdə elmi katib vəzifəsində çalışmışdır. 1997-ci ilin sentyabr ayından 2014-cü ilin may ayına kimi Universitetin sənətşünaslıq fakültəsində dekan kimi fəaliyyət göstərmişdir. 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, 2009-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqına üzv seçilmişdir. 2005-ci ildə A. A. Bakıxanov adına mükafatla təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013-cü il 10 dekabr tarixli 151 nömrəli Sərəncamı ilə "Əməkdar Müəllim" fəxri adına layiq görülmüşdür.[1] 2016-cı ilin dekabr ayında doktorluq dissertasiyası müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 2015-ci ilin oktyabr ayından Bakı Xoreoqrafiya Akademiyasında elmi katib vəzifəsində çalışmışdır. 2016-cı ilin sentyabr ayından Bakı Xoreoqrafiya Akademiyasında mətbuat katibi və "Azərbaycan dili və ədəbiyyat" kafedrasında dosent vəzifəsində çalışmışdır. 23 dekabr 2016-cı ildən "Azərbaycan dili və ədəbiyyat" kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 10 aprel 2017-ci ildə professor vəzifəsinə seçilmişdir.

Pedaqoji fəaliyyətlə yanaşı 03.11.2014-cü ildən 01.09.2015-ci ilə kimi Akademik Milli Dram Teatrında truppa müdiri və ədəbi dram hissəsinin rəhbəri vəzifəsində çalışmışdır.

2021–2022-ci tədris ilinin fevral ayından iyul ayına kimi Lənkəran Dövlət Universitetində pedaqoji fəaliyyətini davam etdirmişdir.

Hal-hazırda Azərbaycan Universitetinin "İctimai elmlər" kafedrasında pedaqoji fəaliyyətini davam etdirir.

Pedaqoji fəaliyyətlə yanaşı bir tənqidçi və ədəbiyyatşünas kimi intensiv fəaliyyət göstərir, müxtəlif ədəbi dərgilərdə elmi-nəzəri məqalələrlə çıxış edir. Dövri mətbuatda 100-dən çox məqaləsi, dörd monoqrafiyası və iki dərsliyi çap olunub. 2000-ci ildə "Hürriyyət fədaisi", 2004-cü ildə "Sənətkar və ədəbi proses", 2008-ci ildə "Ədəbi proses və ədəbi nəsil", 2011-cil ildə "Kino və televiziya ssenariləri", 2013-cü ildə "İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti", 2017-ci ildə "Balet tarixi" kitabları çap olunmuşdur. 2004-cü ildə Cənubi Azərbaycan şairi Həbib Sahirin "Məndən salam deyin gözəl Təbrizə" adlı seçilmiş əsərlərini tərtib etmiş və ön söz yazaraq çap etdirmişdir.

Vəfa Əliyev radio və televiziyada, ədəbi verilişlərdə də tez-tez çıxışlar edir. O, bir sıra elmi və bədii kitabların tərtibçisi, redaktoru və rəyçisi olmuşdur. Bir sıra dissertasiyalara rəsmi opponent olmuş və rəy vermişdir.

Ailəlidir, iki övladı var.

  1. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.