Vahidəddin köşkü və ya Çəngəlköy köşkü — İstanbulun Üsküdar rayonunda yerləşən tarixi köşk.
Üsküdarın Çəngəlköy səmtində yerləşən köşk Krım müharibəsi illərində italyan əsgərləri üçün hospital kimi istifadə edilmişdir. Ardından Sultan Əbdülməcid köşkü satın alaraq oğlu Burhanəddin Əfəndiyə hədiyyə etdi. Burhanəddin Əfəndinin gənc yaşda vəfat etməsinin ardından köşk Sultan Əbdülhəmid tərəfindən qardaşı Vahidəddin Əfəndiyə bağışlandı. Vahidəddin Əfəndi taxta çıxdığı 1918-ci ilədək bu köşkdə yaşadı və bu səbəblə köşk Vahidəddin köşkü olaraq anılmağa başlandı. Köşkdə məskunlaşan Vahidəddin Əfəndi fransız memar Aleksandr Vallaurinin rəhbərliyi ilə köşkü yenidən təşkil etdi. Ögey anası Şayəstə xanım üçün köşkün yaxınlığında başqa bir mülk də inşa etdirdi.
Səltənətin ləğvindən sonra Sultan Vahidəddin ölkəni tərk etməyə məcbur oldu. Ölkəni tərk etməzdən öncə şəxsi mülük olan bu köşkü Zəhra adlı kənizinə bağışladı. Cümhuriyyət dövründə baxımsız qalan köşk 1988-ci ildə dövrün baş naziri Turqut Özalın təlimatıyla bərpa edildi və dövlət tərəfindən mənimsənildi. Ancaq Turqut Özalın vəfatından sonra bərpa işləri dayandırıldı. Uzun müddət yarımçıq qalan inşaat işləri 2014-cü ilin avqustunda tamamlandı.