Yaponiyada pişiklər ən populyar ev heyvanlarından biridir. Yapon pişiyi vaneko (和猫?) adlanır. Yaponiyada pişiklərə həsr olunmuş məbədlər mövcuddur və pişiklər Yaponiya folklorunda vacib yer tuturlar.
Pişiklərin ilk dəfə Yaponiyaya necə gəldiyi dəqiq məlum deyil. Güman olunur ki, yapon ev pişiklərinin əcdadları Nara və ya erkən Heyan dövründə buddist sutraları gəmiricilərdən qorunmaq üçün və ya imperatora hədiyyə kimi verilmək üçün Çin və Koreyadan Yaponiyaya gətiriliblər. 2011-ci ildə Naqasaki prefekturasının İkki adasında yerləşən və Yayoy dövrünə aid edilən Karakami xarabalıqlarında Yaponiyada ən qədim pişik qalıqları aşkar edilmişdir.[1]
Heyan dövründə (794–1185) pişiklər imperatorlar və zadəganlar tərəfindən ev heyvanı kimi saxlanılırdı. İmperator Uda gündəliklərində pişiklərdən bəhs etmiş, 17 yaşında olanda atası İmperator Kokonun ona qara pişik hədiyyə etdiyini qeyd etmişdir. İmperator İçico pişiklərə olan sevgisinə görə tanınmış, hətta pişiyi üçün xüsusi saray rütbəsi vermişdir.[1]
Pişiklər yapon zadəganlar üçün qiymətli ev heyvanları hesab olunduqları üçün Heyan dövründən Edo dövrünün əvvəlinə qədər pişiklərə xalta taxılırdı. 1602-ci ildə Kiotodakı bir imperator nümayəndəsi pişiklərin xaltadan azad edilməsi haqqında dekret yayımlamış, lakin insanlar pişiklərə xalta taxmağa davam etmişdirlər. 1685-ci ildə şoqun Tokuqava Tsunayoşi pişiklərə xalta taxılmasını qadağa edən dekret yayımlamışdır.[1]
Yapon folkloruna görə pişiklər fövqəltəbii xüsusiyyətlərə malik canlılardır. Pişiklərin folklordakı digər canlılardan daha fərqli aura ilə yanaşılmasının səbəblərindən biri onların yerli canlılardan olmamalarıdır. Gözlərinin gecələr parlaması və ya səssiz yerimələri də mistik heyvan kimi tanınmalarına səbəb olmuşdur. Üç rəngli pişiklər, xüsusilə, dənizçilər tərəfindən uğurlu hesab olunurdular və kabusları qovduğuna inanılırdı.[2] Köhnə bir inancda cəsədlə tək buraxılmış pişiyin cəsədin oyanmasına və rəqs etməsinə səbəb olduğu qeyd olunur. Buddizm inancına görə Budda öldüyü zaman bu hadisəyə ağlamayan yeganə canlı pişik idi.[3]
Yaponiyada pişiklərlə bağlı əfsanələrin ən çox yayıldığı yerlərdən biri Niiqata prefekturasıdır. Bu, Niiqatanın tarixən Yaponiyanın ən böyük düyü istehsalçısı olması, bu səbəbdən də gəmiricilərlə ən çox problem yaşayan yerlərdən biri olması ilə əlaqələndirilir. Naqaoka şəhərində yerləşən Nabu məbədi pişiklərlə assosiasiya olunan məşhur məbəddir. Məbədin girişində pişik heykəli yerləşir və keçmişdə insanlar məhsullarının siçanlardan qorunmasını arzulamaq üçün bu məbədə gəlirdilər. Naqano prefekturasında karanekolar (Çin pişikləri) ilə bağlı bir çox əfsanə yayılıb. Ərazidə yerləşən Karaneko məbədi bu əfsanələrlə bağlıdır. Yerli bir əfsanə nəhəng bir siçanı öldürmək üçün qonşusunun karanekosunu götürən bir şəxsdən bəhs edir.[1]
Edo dövrünün yapon folklorunda bədheybət pişiklər haqqında əfsanələr populyar olmuşdur. Nekomata və bakeneko yapon folklorunda pişik görünüşündə olan yokaylardır.[1]
Yaponiyada pişiklərin sayının çoxluq təşkil etdiyi bir çox pişik adası (nekocima) mövcuddur. Yaponiyanın şərqində yerləşən Taşiro adası bu cür pişik adalarından biridir və adanın mərkəzində pişiklərə həsr olunmuş kiçik məbəd yerləşir. Məbədin adadakı balıqçılara uğur gətirdiyinə inanılır. İkinci ən məşhur pişik adası olan Aoşima adası isə Ehime prefekturasının tərkibindədir və bəzən adanı "pişik cənnəti" adlandırırlar. Pişik adaları son illərdə turistlərin axınına məruz qalır.[4]
Edo dövründə Utaqava Hiroşiqe və Utaqava Kuniyoşi kimi tanınmış ukiyo-e sənətçiləri pişiklərə həsr olunmuş qravürlər hazırlamışdırlar. Meyci dövrünün tanınmış yazıçısı Natsume Soseki Yaponiya ədəbiyyatının klassiklərindən olan "Mən bir pişiyəm" romanını yazmışdır.[4]