Vaqif Deyruş oğlu Bayramov (28 yanvar 1957, Tbilisi) — Rusiya alimi; Sosiologiya elmləri doktoru, professor. Moskva Dövlət Humanitar‑İqtisad Universitetinin rektoru.
Vaqif Bayramov | |
---|---|
Bayramov Vaqif Deyruş oğlu | |
Doğum tarixi | 28 yanvar 1957 (67 yaş) |
Doğum yeri | |
Elm sahəsi | sosiologiya |
Elmi dərəcəsi | Sosiologiya elmləri doktoru |
Elmi adı | professor |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bayramov Vaqif Deyruş oğlu 1957-ci il yanvarın 28-də Tbilisi şəhərində anadan olub. 1986-cı ildə Moskva Metallurgiya İnstitutunu “metallurgiya sobalarının istilik texnikası və avtomatlaşdırılması” ixtisası üzrə, 2002-ci ildə A.S.Puşkin adına Leninqrad Dövlət Vilayət Universitetini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin dissertasiya şurası 2003-cü ilin may ayında V.Bayramova siyasi elmlər namizədi elmi dərəcəsi verib. O, 2004-cü ildən Moskva Dövlət Humanitar-İqtisad İnstitutunda (2014-cü ildən Moskva Dövlət Humanitar-İqtisad Universiteti) əvvəlcə dekan, sonra institutun birinci prorektoru vəzifəsində çalışıb. 2006-cı ildən həmin institutun rektorudur.[1]
2009-cu ilin aprel ayında sosiologiya elmləri doktoru elmi dərəcəsini, 2010-cu ildə isə professor elmi adını alıb. Onun 30 ildən çox ümumi əmək stajı var.
V.Bayramov institutun maddi-texniki bazasını genişləndirmiş təcrübəli rəhbərdir. Onun rektor işlədiyi dövr ərzində institutun bütün binalarında, qurğularında və ərazisində miqyaslı təmir-bərpa və abadlıq işləri aparılıb. Elmi fəaliyyətində uğurlarına, yüksək ixtisaslı mütəxəssis hazırlığı işlərinə verdiyi böyük töhfəsinə, institutun maddi-texniki bazasının gücləndirilməsinə görə Təhsil üzrə Federal Agentlik ona iki dəfə təşəkkür elan edib.
V.Bayramovun şəxsi töhfəsi sayəsində institutda yeni hazırlıq istiqamətləri açılıb. Son bir neçə ildə onların sayı 9-dan 17-yə, ixtisasların genişləndirilmiş qruplarının (hazırlıq istiqaməti) sayı 3-dən 8-ə, həmçinin təhsil proqramlarının sayı 9-dan 39-a qədər artıb.
V.Bayramov təhsil sisteminə cəlb olunan kadr resurslarının ixtisas artırması üzrə daimi işlər aparır. Kafedralarda əsas professor-müəllim heyətinin tərkibi professor və dosent elmi rütbələrinə malik elmlər namizədi və doktorlarından təşkil olunub. Təhsil səviyyəsinin yüksəldilməsi və nəzərdə tutulan məsələlərin həlli üçün ali təhsil müəssisəsinin informasiya strukturu, idarə sistemi təkmilləşdirilir, yeni müasir informasiya texnologiyaları tətbiq olunur.
V.Bayramov RF Federal Məclisi Federasiya Şurasının Sədri yanında əlillərin işi üzrə Şuranın üzvüdür, ali və ali təhsildən sonrakı peşəkar təhsilə çıxış məsələsində daim əlillərin maraqlarını müdafiə edir. Onun təşəbbüsü ilə Moskva Dövlət Humanitar-İqtisad İnstitutunda hər il yaradıcı qabiliyyətlərin “Hüdudsuz imkanlar həyatı” Beynəlxalq festivalı keçirilir. Burada Rusiyanın bütün regionlarından, yaxın və uzaq xaricdən sağlamlıq imkanları məhdud olan gənc insanlar iştirak edir. Moskva Dövlət Humanitar-İqtisad İnstitutu 2010-cu ildə Moskva Hökumətinin “Hər kəs üçün şəhər” müsabiqəsində “Təhsilin təşkili” nominasiyasının qalibi olub.
2011-ci ildə “Rusiya Federasiyasında ali peşə təhsilinin və elmin inkişafı perspektivləri və problemləri” adlı V Ümumrusiya Konfransında müstəqil ictimai müsabiqə şurasının qərarına əsasən institut “Ən yaxşı sosial təmayüllü ali təhsil müəssisəsi” nominasiyasında “Rusiyanın ən yaxşı 100 ali təhsil müəssisəsi” qızıl medalına layiq görülüb. Müsabiqənin nəticələrinə görə V.Bayramova “İlin rektoru-2011” qızıl medalı təqdim olunub.
V.Bayramov orta peşə təhsili fəxri işçisi, gənclər siyasəti sahəsində fəxri işçi, RF Federal Məclisi Federasiya Şurasının Sədri yanında əlillərin işi üzrə Şuranın üzvü, Rusiya Federasiyası prezidenti yanında əlillərin işi üzrə Şuranın əlillərin təhsili və sosial-mədəni fəaliyyəti məsələləri üzrə komissiyanın işçi qrupunun üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Humanitar Elmlər Akademiyasının üzvüdür.
2009-cu ildə Rusiya Elmlər Akademiyasının Sosiologiya İnstitutu və Sosial-Siyasi Tədqiqatlar İnstitutu tərəfindən sosioloji elmlərin inkişafı sahəsində nailiyyətlərinə görə Pitirim Sorokin adına Gümüş medalla təltif olunub.
2010-cu ildə Beynəlxalq İnformasiya, İnformasiya Prosesləri və Texnologiyaları Elmləri Akademiyasının akademiki seçilib.
2013-cü ildə V.Bayramov əldə etdiyi əmək nailiyyətlərinə və çoxillik vicdanlı işinə görə II dərəcəli “Vətənə xidmətlərinə görə” ordeni ilə təltif olunub.