1977-ci il avqust ayının 15-də Şəmkir şəhərində, ziyalı ailəsində anadan olub.
1993-cü ildə Bakı şəhər 112 saylı orta məktəbi bitirib. Həmin il "Azərbaycanfilm" kinostudiyasında assistent kimi əmək fəaliyyətinə başlayıb. 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinə qəbul olunub və 1999-cu ildə oranı bitirib. Həmin ildən Azərbaycan Milli Ordusunda həqiqi hərbi xidmət keçib. 2003-cü ildə ADMİU-nun Rejissorluq fakültəsinin magistraturasına daxil olub və 2005-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Tələbə ikən Dövlət Yuğ Teatrında çalışıb. 2000-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinində əvvəlcə rejissor assistenti, sonra isə kinorejissor vəzifələrində çalışıb. CBC Teleradio Şirkətinin Televiziya Filmləri Studiyasında kinorejissor kimi fəaliyyət göstərib. 2016-cı ildən 2020-ci ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətinin "CARÇIFİLM" Yaradıclıq Birliyində quruluşçu rejissoru olub. 2020-ci ildən AzTv-də kinorejissor kimi fəaliyyət göstərir.
Bir neçə daxili və beynəlxalq kinofestivalların iştirakçısı və qalibidir. Gürcüstanda və İranda keçirilən Azərbaycan Mədəniyyəti və İncəsənəti günlərində "Duz gölü" və "Kömür" filmləri ilə ölkəmizi təmsil edib.
2001-ci ildə "Ümidli gənclər" adlı festivalda "Olqa" filminə görə "Çarli Çaplin" mükafatına, 2002-ci ildə Beynəlxalq Audiovizual festivalda "Duz gölü" filminə görə AYB-nin təsis etdiyi "Ən orjinal ideya tapıntısı" nominasiyasında "Qızıl qartal" mükafatına və diploma, 2003-cü ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi III "Naməlum" kinofestivalında "Lal" bədii filminə görə Qran-Pri və "Ən yaxşı rejissor" mükafatına layiq görülüb. Bu qalibiyyətinə görə "Azərbaycanfilm" kinostudiyasında Qarabağ mövzusunda "Lal çinar" adlı bədii filmini çəkib.[2] 2013 və 2014-cü illərdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri Dövlət Komitəsinin keçirdiyi ənənəvi Beynəlxalq kino festivalında CİBC Telekanalının "Televiziya Filmləri Studiyası"nın "Qaranlıq dünyanın nuru" və "Liderlər Lider haqqında. Heydər Əliyev" adlı sənədli televiziya filmləri xüsusi mükafata layiq görülüb. Həsən bəy Zərdabi mükafatının laureatıdır.
"Şəhər içində şəhər" adlı sənədli televiziya filmi 2013-cü ilin noyabr ayının 20-dən 24-nə kimi keçirilən I Bakı Beynəlxalq Turizm Filmləri Festivalında iki mükafat qazanmışdır. Belə ki, film "TV filmlər" nominasiyasında 2-ci yeri tutaraq gümüş, "Milli kino" nominasiyasında qızıl mükafatı qazanmışdır. Film Azərbaycandan qızıl mükafat qazanan yeganə ekran əsəridir.[3] 2015-ci ildə çəkdiyi və akademiki Xoşbəxt Yusifzadənin 85 illiyinə həsr olunan "Fədakar" 2 hissəli bədii-sənədli filminin uğurlu alınmasına görə ARDNŞ-in "Fəxri fərman"ına layiq görülüb.
2015-ci ildə Sərkərdə ləyaqəti… General Əliağa Şıxlinski filminə görə Respublika Veteranlar Təşkilatının qərarı ilə "General Əliağa Şıxlinski" yubiley medalı ilə təltif edilib.
Azərbaycan Professional Kinorejissorlar Gildiyasının və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Evlidir, üç övladı var.
29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.[4]
↑Milli adət-ənənə və toy mədəniyyətini əks etdirən yeni sənədli film…: "Bəxtimə düşən sənət: Nazim Ağayev": [Rejissor Vasif Məmmədzadənin eyni adlı filmi haqqında] //Yeni Azərbaycan.- 2008.- 14 may.- S. 8.
↑Allahverdiyev, E. Əli Vəliyev barədə film: [Rejissor Vasif Məmmədzadənin Xalq yazıçısı Əli Vəliyevə həsr etdiyi "Əli Vəliyev" adlı sənədli filmi haqqında] //Ekran-efir.- 2011.- 6 may.- S. 5.
↑Allahverdiyev, E. Qədim ənənələri yaşadaq: [Quruluşçu rejissor Vasif Məmmədzadənin çövkən idman növü haqqında çəkdiyi "Ərənlərin oyunu" adlı sənədli film haqqında] //Ekran-efir.- 2010.- 28 may.- S. 6.
↑Allahverdiyev, E. "Söz körpüsü"nün premyerası: [Rejissor Vasif Məmmədzadənin akademik Həmid Araslıya həsr etdiyi eyni adlı filmi haqqında] //Ekran-efir. — 2010. — 3 dekabr. — S. 5.