Venesiya avtobusu qəzası — 3 oktyabr 2023-cü il tarixində, axşam saatlarında İtaliyanınVenesiya şəhərinin Mestre rayonunda avtobusun dəmir yolu relslərinə çırpılması nəticəsində baş vermiş böyük yol qəzası.[3][4] Avtomobil qəzası nəticəsində 21 nəfər həlak olmuş, 15 nəfər yaralanmışdır.[5][6][7]
Avtomobil qəzası 3 oktyabr 2023-cü ildə, axşam yerli vaxtla 19:38-də baş vermişdir.[8] "La Linea" avtobus şirkətinə məxsus avtobus Venesiyanın mərkəzindəki Pyatstsale Romadan 35 turisti Margera ərazisindəki düşərgəyə aparırdı.[9] Hadisə şahidlərinin sözlərinə görə, avtobus Mestredən Margeraya gedən yol körpüsü ilə təxminən 50 metr irəliləmiş, sonra hasara çırpılaraq 15 metr hündürlükdən dəmiryol relslərinə düşüb və yanmışdır.[10][11][12]
Əvvəlcə mediada avtobusun metanla dolduğu və çırpılan zaman elektrik naqillərinə dəyərək alovlandığı barədə məlumatlar yayılmışdır.[13] Avtobusun sahibi olan şirkət çəkisi 13 ton olan və yaşı bir ildən az olan nəqliyyat vasitəsinin elektriklə işlədiyini qeyd etmişdir.[14] Hadisə yerinə gələn yanğınsöndürmə briqadasının komandiri mətbuata bildirmişdir ki, yanğın avtobusun akkumulyatorlarından baş vermişdir.[15]