Versal müqaviləsi - Səfəvi dövləti ilə Fransa arasında 1715-ci ildə imzalanmış ticarət müqaviləsi
1708-ci il müqaviləsindən sonra Fransa yeni imtiyazlar əldə etmək üçün Səfəvilər dövlətinə yeni bir müqavilə təklifi irəli sürür. Bununla əlaqədar olaraq 1715-ci il avqustun 15-də Versalda müqavilə imzalandı.[1] Müqavilənin I maddəsinə görə 1708-ci il müqaviləsi hazırkı müqavilənin müddəalarına zidd gəlmədiyi üçün qüvvədə qalırdı. II maddədə göstərilirdi ki, fransız tacirləri və ümumiyyətlə, fransız bayrağı altında İranda bütün ticarət edənlər hər hansı məhdudiyyət qoyulmadan və hər hansı gömrük və vergi ödəmədən istənilən malları azad surətdə İrana gətirə və oradan həm Hindistana, həm də Avropaya apara bilər. IV maddə ilə şah fransız tacirlərini, həmçinin konsulları İsfahanda, Fars körfəzi limanlarında, Türkiyə və Gürcüstanla sərhədlərdə pulsuz olaraq həm yaşayış, həm də onların kantor və faktoriyalarının münasib evlərlə təmin etməli idi, bu binalar üzərində fransız bayrağı qaldırıla bilərdi. V maddəyə görə İran sarayı yanında digər ölkələrin səfirlərilə müqayisədə fransız səfirinə müstəsna yer verilirdi. Bu digər dövlətlərin təbəələrilə müqayisədə fransız konsullarına, faktoriyaların rəislərinə və onların agentlərinə də şamil edilirdi. VI maddə ilə bütün fransızlar can vergisi verməkdən azad olunurdu. X maddədə bildirilirdi ki, fransızlar və digər dövlətlərin nümayəndələri arasında həm mülki, həm də cinayət-məhkəmə işlərini yerli hakimiyyət orqanları fransız konsulunun iştirakı ilə həll etməlidir. XI maddəyə görə 1708-ci il müqaviləsi və hazırkı müqavilə üzrə fransızlara verilmiş immunitet və imtiyazlara əlavə olaraq digər dövlətlərin nümayəndələrinin istifadə edəcəyi bütün imtiyazlar da onlara şamil edilirdi. Müqaviləyə qeyddə göstərilirdi ki, 1715-ci il müqaviləsinin bu əsas maddələri İran tacirlərinin Fransada, о cümlədən Marseldəki hüquqi vəziyyəti haqqında bir neçə bəndlə tamamlanmışdır. Onlarda deyilirdi ki, Marselə gələn İran tacirləri digər millətlərin tacirlərinin istifadə etdiyi imtiyazlardan istifadə edə bilərlər, lakin onlara qadağan siyahısında adları verilmiş malları gətirməyə icazə verilmir. Marseldəki İran konsulu yalnız iranlılar arasındakı mübahisələri həll edir. İranlılar və digər dövlətlərin təbəələri arasındakı mübahisələri fransız hakimiyyət orqanları həll etməlidir. İran taciri Fransada öldüyü halda, onun mülkiyyəti İran konsuluna verilməli idi. Əgər ondan sonra borcu qalmışdırsa, onlar mərhumdan sonra qalan vardan ödənilməli idi. Müqavilə üç fransız naziri və İran şahının nümayəndəsi Məhəmməd Rzabəy tərəfindən imzalanmışdı.[2]