Vikipediyada gender bərabərsizliyi — Vikipediya redaktorlarının əsasən kişilər olması, Vikipediyadakı bioqrafiyaların daha az bir qisminin qadınlara aid olması və qadınları maraqlandıran mövzuların daha az əhatə olunmasına verilmiş ümumi ad.[1][2]
2018-ci ildə aparılmış Vikipediyanın 12 dil versiyasını və Vikimedia Fondunun bəzi digər layihələrini əhatə edən sorğu zamanı sorğuda iştirak edən 3734 nəfərdən 90%-nin kişi, 8,8%-nin qadın olduğu, 1%-nin isə cinsi azlıqlara aid olduğu ortaya çıxmışdır.[3] 2019-cu ildə Wikimedia Fondunun ozamankı baş direktoru Katherine Maher bildirmişdir ki, onun komandası qadınların ümumi redaktorların 15–20%-ni təşkil etdiyini ehtimal edir.[4]
Vikipediyada qadınlarla bağlı məqalələrinin yaradılması, genişləndirilməsi, neytral və təfərrüatlı olması ehtimalı daha azdır. 2021-ci ildə aparılan bir araşdırma göstərmişdir ki, 2017-ci ilin aprelində dərc edilmiş bioqrafiyaların yalnız 17%-i qadınlara aid olduğu halda, silinməyə namizəd göstərilmiş bioqrafiyaların 41%-i qadınlara aid olmuşdur. Gender bərabərsizliyi Vikipediyaya ən çox irad tutulmuş mövzular arasındadır.
2015-ci ildə Vikipediyanın qurucusu Cimmi Vels ensiklopediyanın redaktorlarının ən azı 25%-nin qadınlardan ibarət olması ilə bağlı qoyduqları məqsədə çata bilmədiklərini açıqlamışdır.[1] Vikipediyada qadın redaktorları həvəsləndirmək və qadınlarla bağlı mövzuların əhatə dairəsini artırmaq üçün "Edit-a-thon" və "Women in Red" kimi layihələr hazırlanmışdır.[5][6]
2008-ci ildə dünya miqyasında aparılnmış ilk araşdırma zamanı bütün redaktorların 13%-nin qadınlar olduğu ortaya çıxmışdır. 2011-ci ildə aparılmış araşdırmada bu rəqəmin qlobal miqyasda 9%-ə qədər endiyi müşahidə edilmişdir.[1] 2009-cu ildə Vikimediya Fondunun sorğusu göstərmişdir ki, ortalama fəaliyyəti olan bir kişi redaktorun bu rəqəmdən iki dəfə çox redaktəsi olduuğu halda, 500-dən çox redaktə edən redaktorların yanlız 6%-i qadınlardır.[7]