Vilyam Uiçerli(ing. William Wycherley, 1640 — 1 yanvar 1716) — ingilis dramaturqu.
Bərpa dövrünün ingilis komediyasının ən nümayəndəsi U.Uiçerlidir. Onun komediyalarının qəhrəmanı soyuq, abırsız, xudbin, ancaq öz ehtiraslarını təmin etməyə can atan bir zadəgandır. Dvoryan, yaxud iri burjua dairələrinə mənsub olmasından asılı olmayaraq o, ikrahedici, alçaq, əxlaqsız bir varlıqdır. Dramaturqun "Kənd arvadı" adlı komediyası bu baxımdan səciyyəvidir. Əsərin qəhrəmanı pozğun bir adamdır. London-da keçirdiyi sevgi macəralarından doyan qəhrəman kəndə gəlir, burada qonşu arvadlarla əylənməyə başlayır. Komediya kobud, açıq-saçıq səhnələrlə doludur. Dramaturq belə yüngül, sənətə zidd bir yolla tamaşaçıların diqqətini cəlb etməyə çalışır.
Bərpa dövrünün ingilis komediyası bir qayda olaraq aşiqanə məzmun daşıyır, lakin burada insan hissləri son dərəcə bayağılaşdırılır. Guya insana materialistcəsinə yanaşan yazıçılar əslində insanı məhv edirdilər. Müasir ingilis kübar cəmiyyətinin eybəcərliklərini onlar yanlış olaraq bütün ingilis xalqına şamil edirdilər. Bununla yanaşı,70-80-ci illərin ingilis komediyasının uğurlarını da inkar etmək olmaz.
İngilis teatrının və bütövlükdə ingilis ədəbiyyatının inkişafında mühüm hadisə olan bərpa dövrü komediyası ingilis gerçəkliyinin rəngarəng tiplər qalereyasını yaradır, hakim dairələrinin mənəvi yoxsulluğunu, əxlaqsızlığını, pul hərisliyini açıb göstərirdi. XVII əsr komediyası ingilis ədəbiyyatında satirik meyllərin güclənməsinə güclü təkan vermiş və XVIII əsrin maarifçi realist ədəbiyyatı üçün səmərəli nümunələr yaratmışdır.