Vitruvius insanı

Leonardo da Vinçinin Vitruvius insanı

Vitruvius insanı (ya da Vitruvian insanı) — məşhur rəssam Leonardo da Vinçinin gündəliklərindən birində, qeydlərinin yanında çəkdiyi eskizdir. 1492-ci ildə çəkmişdir. Məşhur Roma memarı və yazıçısı Marcus Vitruvius Pollionun (e.ə. 80-15) “De Architectura” əsərində izah etdiyi nisbətlərdən ilhamlanaraq hazırlandığı üçün “Vitruvius insanı” adlanır.

Şəkildə, iç-içə bir dairənin və bir kvadratın ortasında çəkilmiş, açıq və qapalı vəziyyətdə əzalarını üst-üstə qoyan çılpaq bir adam təsvir edilmişdir. Bu rəsm və yanında olan qeydlər çox vaxt “nisbətlər qanunu” və ya daha az “insanın nisbətləri” adlanır. Venesiyadakı Gallerie dell'Accademia sərgisində nümayiş etdirilir.

Leonardo da Vinçinin Vitruvian insanı İntibah dövründə çəkilmiş elm və sənət nümunəsidir. Bu Leonardonun nisbətlərə qarşı hiss etdiyi marağın bir sübutudur. Bundan əlavə, rəsm Leonardonun insanla təbiəti bir-biri ilə əlaqələndirmə-birləşdirmə işi üçün də bir dönüş nöqtəsidir. “Britannica” ensiklopediyasına görə, Leonardo “insan bədənini kainatın fəaliyyətinin bir analogiyası (bənzətməsi)” olduğunu düşünürdü. Bununla birlikdə, Leonardonun maddi varlığı kvadrat, mənəvi varlığı bir dairə olaraq simvollaşdırdığı və insanın iki cəhətini bu şəkildə ifadə etdiyinə inanılır.