Vuppertal asma yolu (alm. Wuppertaler Schwebebahn) — Almaniyanın Vuppertal şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat növlərindən biri. 1 mart 1901-ci il tarixində istifadəyə verilmişdir. Rəsmi adı - Oygen Langen sistemli monorels asma yoludur (alm. Einschienige Hängebahn System Eugen Langen)[1].
Ümumi uzunluğu 13,3 km-dir, bunun da təxminən 10 kilometri 12 metr hündürlükdə Vupper çayının üzərindən keçir, qalan 3,3 km isə 8 metr hündürlüyündə şəhərin küçələri üzərindən keçir. Yol estakadalar üzərində qurulmuş iki yollu monorels sistemidir. Qatarların hərəkətinin maksimal sürəti 60 km/s təşkil edir. 2013-cü ildə Vuppertal asma yolu 19,3 milyon sərnişinə xidmət göstərmişdir.