XVIII əsrin ortalarında gərgin emosiyalı, əzəmətli barokko musiqisi öz əhəmiyyətini tədricən itirməyə başlayır. Daha dürüst, tarazlaşdırılmış musiqi formalarına meyl yeni, Klassisizm cərəyanının bərqərar olmasına gətirib çıxarır. O zaman Avropanın «musiqi paytaxtı» sayılan Vyananın zəngin bədii ənənələrindən bəhrələnmiş Haydn, Motsart və Bethoven yaradıcılığı klassisizm üslubunun ən parlaq təzahürüdür. Bu üç dahi sənətkar musiqi tarixinə Vyana klassikləri adı ilə daxil olmuşlar. Vyana klassiklərinin bədii nailiyyətləri musiqi sənətinin inkişafında çox yüksək, tarixi əhəmiyyətə malikdir. Belə ki, Avropa musiqisinin ən nəhəng janrı simfoniya, eləcə də onun «yaxın qohumlar»ı sonata və kvartet məhz bu bəstəkarların yaradıcılığında klassik səviyyəyə çatdırılmışdır. Avropa musiqisinin yaraşığı və fəxri olan simfonik orkestr də Haydn, Mosart və Bethovenin əsərlərində formalaşmışdır. Vyana klassik məktəbini təmsil edən hər bəstəkar özünəməxsus obrazlar aləmi və fərdi dəst-xətti ilə seçilir.
Musiqi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |