Xınıslı — Azərbaycan Respublikasının Şamaxı rayonu ərazisində erkən və inkişaf etmiş orta əsrlər dövrünə aid arxeoloji abidə.
Qədim Şamaxı məskəni xarabalıqlardan və qəbirlər, o cümlədən yerli ustaların əməyinin məhsulu sayılan müəyyən miqdarda şüşə məmulatı, qab və bəzək şeyləri də aşkar olunmuşdur. Xammal kimi, ehtimal ki, Abşerondakı Xırdalan qumundan istifadə edilmişdir. Buxada şüşə istehsalı eramızın ilk əsrlərinə aiddir.[1] Göstərilən materiallar qədim Şamaxı məskəninin beynəlxalq ticarət yolunda mühüm iqtisadi mərkəzlərdən biri olduğunu ehtimal etməyə imkan verir.[2] Xınıslıda aparılan arxeoloji qazıntılar zamanı bir sıra gətirilmə əşyalar: minalı Roma toqqaları şüşə qablar, bəzək şeyləri, möhürlər, Sasani gümüş qabları, sikkələri və i.a. tapılmışdır ki, bu da bir sıra Avropa və şərq ölkələri ilə iqtisadi əlaqə saxlanıldığını göstərir. Şamaxı yaxınlığından qızıl sikkə ilə birlikdə, ehtimal ki, Roma dövründə bura gətirilmiş eramızın II–III əsrlərinə aid nadir sənət nümunəsi, üzərində yunan mifologiyası səhnəsi – dənizatı üstündə oturmuş nereidanın təsviri həkk olunmuş gümüş nimçə tapılması da bu əlaqələrin mövcudluğunu bir daha təsdiq edir.[3]
Əldə edilmiş materiallar hal-hazırda Xınıslı məskənində dörd əsas tikinti dövrünü ayırd etməyə imkan vermişdir.
Birinci dövr e.ə. IV–II əsrləri əhatə edir. Aşkar edilmiş evlər gil palçıqla çay daşından və çapıq daşdan tikilmişdir. Döşəmələr saman qarışdırılmış gil suvaqla suvanmışdır. Bu mədəni təbəqədə əldə qayırılmış, bəzən qırmızı şirlə örtülmüş müxtəlif formalı gil kasalar, bardaqlar, vazalar, manqal hissələri, həmçinin, gildən düzəldilmiş heyvan fiqurları, təkər modelləri, daş həvəngdəstə, kirkirə və digər məişət əşyaları tapılmışdır. Çoxlu miqdarda heyvan sümüklərinin və daşlaşmış buğda dəninin tapılması təsərrüfat həyatından xəbər verir. Qəbir quyularında bir adam dəfn olunmuş, oraya gil qablar və bir sıra digər əşyalar qoyulmuşdur.
E.ə. II – eramızın II əsrlərini əhatə edən ikinci dövrdə antik dövr Şamaxısının səciyyəvi şəhər əlamətləri nəzərə çarpır. Bu təbəqədə daş və çiy kərpicdən inşa edilmiş tikililərin, iri binaların, ola bilsin ki, məbədlərin divar qalıqları, əhəngdaşından yonulmuş sütunların bünövrələri aşkar olunmuşdur. Qırmızı və qara gildən düzəldilmiş çoxlu müxtəlif məmulat, zoomorf qablar, gil insan heykəlcikləri, oyma üsulu ilə maral şəkli həkk olunmuş möhür tapılmışdır. Bir sıra daş alətlər, kobud şəkildə yonulmuş daş heykəllər də bu dövrə aiddir. Dəfn abidələri içərisinə müxtəlif əşyalar qoyulmuş küp və torpaq qəbirlərlə təmsil olunmuşdur ki, bu da həmin məskənin sakinlərinin ideologiyasında dəyişikliklər baş verdiyini göstərir.
Üçüncü dövr eramızın II əsrinin sonu – III əsri əhatə edir. Bu mədəni təbəqədə xeyli ibna, divar və ocaq qalıqları aşkar edilmişdir. Sahəsi 14×5 m olan ibnalardan biri gil palçıqla çay daşından və çapıq daşdan tikilmişdir. İçəridən divarlara saman suvaq çəkilmişdir. Döşəmə torpaqla, qismən daşla örtülmüşdür. Ibna yanğmdan məhv olmuşdur. Aşkar olunmuş gil səhənglərdən yanıb kömürə dönmüş qoz, zeytun, buğda və arpa dənləri tapılmışdır. Binanın şimal hissəsindəki otaqda kürə olmuşdur. Mədəni təbəqədə külli miqdarda müxtəlif formalı boz və çəhrayı rəngli gil kasalar, bardaqlar, süd qabı, parç, boşqab və s.tapılmışdır. Onlardan bəziləri dulus çarxında hazırlanmışdır. Mədəni təbəqədən tapılmış materiallar son dövr küp qəbirlərindən və eləcə də torpaq qəbirlərindən tapılmış əşyalara uyğun gəlir. Təqribən eramızın III əsrinin sonunda məskənin əhalisi onu tərk edərək başqa yerə, ehtimal ki, qərb tərəfə, müasir Şamaxı şəhərinin 300–400 metrliyinə köçmüşlər. Yerüstü abidələr erkən orta əsrlərə aiddir.
Eramızın IV–V əsrlərinə aid olan sonuncu – dördüncü dövr üçün yalnız dəfn abidələri – IV əsr küp və torpaq qəbirləri və IV–VII əsrlərə aid daş qutu qəbirlər – səciyyəvidir. Xınıshda xristian qəbirləri aşkar edilməmişdir. Dəfh mərasimindəki dəyişiklikləri əhalinin həyatında baş verən müxtəlif siyasi hadisələr, ideologiyadakı dəyişikliklər, Sasanilərin Zərdüştiliyi yayması və onların yerli əhalinin dini görüşlərinə qarşı mübarizəsi ilə izah etmək mümkündür. Qəbirlərdə yanğın izlərinə rast gəlinir. Məskənin ərazisindən e.ə. IV əsrdən e.ə. I əsrə aid yerli zərb sayılan Selevki və Makedoniya draxmalarına oxşatma sikkələr tapılmışdır.[4]