Xəbər budaq cümləsi baş cümlənin əvəzlik-qəliblə ifadə olunmuş xəbərini izah edir və ismi xəbərin suallarına (kimdir? nədir? nədəndir? nə oldu? necədir? və s.) cavab verir.
Xəbər budaq cümləsində işlənən əvəzlik-qəliblər bunlardır: odur, budur, o idi, bu idi, elədir, belədir, eləsən, beləsən, oradadır, buradadır, burası idi, orasındadır, onun üçündür, bunun üçündür . Baş cümlənin xəbəri, əsasən, ismi xəbərli olur.
- Xəbər budaq cümləsində əvəzlik-qəlib, demək olar ki, həmişə işlənir. Əlaqə vasitəsindən asılı olaraq, xəbər budaq cümləsində baş cümlə budaq cümlədən əvvəl və sonra işlənə bilər.
- Baş cümlənin əvvəl gəldiyi xəbər budaq cümlələrində əlaqə vasitəsi intonasiya və tabelilik bağlayıcısı olur. Məs: Tələbim bu oldu ki, mərkəzdən yoxlama gəlsin. Elə məsələnin mühüm cəhəti oradadır ki, insanlar bir çox şeyləri bilmirlər. Bizim rəyimiz belədir, kəndin yolları bərbad gündədir. İlk iki cümlə tabelilik bağlayıcısı, digəri isə intonasiya vasitəsilə əlaqələnib. Belə cümlələri sadələşdirdikdə budaq cümlə baş cümlədəki əvəzlik-qəlibin yerində işlənir. Məs: Tələbim mərkəzdən yoxlamanın gəlməyidir. Bixim rəyimiz kəndin yollarının bərbad gündə olmağıdır.
- Budaq cümlənin əvvəl gəldiyi cümlələrdə əlaqə vasitəsi bağlayıcı söz olur. Bəzən isə bağlayıcı sözlə bərabər, cümlədə -sa² şəkilçisi də əlaqə vasitəsi ola bilər. Məs: Əvvəllər kim idi, indi də odur. Hər kim tez gəlsə, bu yer onundur. Belə cümlələr sadələşən zaman birinci gələn budaq cümlə, baş cümlədəki əvəzlik-qəlibi əvəz edir. Verilmiş nümunələri sadələşdirək: İndi də əvvəlki kimidir. Bu yer tez gələnindir.
- Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələrinin aşağıdakı forması da olur: Birlik harada, dirilik orada. Niyyətin hara idi, mənzilin də oradır. Hamı necə, sən də elə.
- Elə məsələnin mühüm cəhəti də oradadır ki, o zamanlar iş çox idi.
- Vəziyyət elə idi ki, bu sirri Mehmandan gizlətmək olmazdı.
- Hamı necə, sən də elə.
- Hər kim yüz il yaşamasa, günah onun özündədir.(O.S)
- Səhvimiz orada okub ki, yazdığımızın altına qol qoymamışıq.(Ə.V)
- Ailəmiz haradadır, kiçik qardaşım da oradadır.
- Kim sənə axmaq deyirsə, axmaq onun özüdür.
- Niyyətin hara, mənzilin də ora.
- Hava isinən kimi məsləhət bu oldu ki, yaz əkininə başlasınlar.
- Axırda muzdu o oldu ki, xan gözlərini çıxartdırdı.(Koroğlu).
- Birlik harada, dirilik oradadır.