Xələf bəy Süfrəçi (?-1638)—I Şah Abbas Səfəvinin süfrəçibaşısı, Qızılbaş sərkərdəsi, qurucu.
Xələf bəy I Şah Abbas Səfəvinin süfrəçibaşısı, həm də Qızılbaş sərkərdəsi idi. Bir çox döyüşlərdə iştirak etmişdi. O, əslən Arazbardan olub, Qaracadağ sufilərindən idi. Gənc yaşında Fərhad xan Qaramanlının mülazimi olmuş, bacarıq və qabiliyyətinə görə süfrəçibaşı məqamına yüksəlmiş, əsgəri təşkilatda çərxçibaşı kimi məsul hərbi vəzifədə də olmuşdu.[1]
Xələf bəy Süfrəçi 1622-ci ildə I Şah Abbasın Qəndəhar səfərinə qatılmışdı.[2]
Məhəmməd Məsumun məlumatına əsasən, türklər ciddi müqavimət göstərdiyinə görə mühasirə uzanmış və Səfəvi ordusu İrəvan altında dörd ay dayandıqdan sonra I Şah Səfi ramazan ayının 25-də (5 mart 1636) qalaya hücum əmrini vermişdi. Orduya yeni komandan təyin edilmiş Xələf bəy üç gün davam edən ağır döyüşdən sonra şəhərə əsas ordunun yolunu aça bilmişdi.[3]
1636-cı ildə İrəvanın fəthindən sonra Xələf bəy süfrəçibaşı Hillə qalasına yol çəkmək üçün göndərildi. Burada yol çəkilişində bir çox evlər plana düşüb sökülmüş və əhaliyə məxsus xeyli xurma ağacı kəsilmiş, nəticədə ev və bağ sahiblərinə külli miqdarda ziyan dəymişdi. Təxminən ev və xurma ağacı sahiblərinə 4300 tümən zərər dəymişdi. Şahın göstərişi ilə ev və bağ sahiblərinə dəymiş zərər tam ödənildi.
İsfahandan Şah Səfinin ordusu Bağdada yola düşür. Böyük hərbi təcrübəyəmalik Xələf bəy çərxçibaşı da Bağdada yola salınmışdı. Ərəb İraqının bəylərbəyi Bektaş xan və Bağdada köməyə gəlmiş əmirlər müdafiə mövqeyini üstün tutdular. Sultan Muradın ordusu bundan istifadə edib 2 rəcəb 1047 (20 noyabr 1637-ci ildə) qalanı mühasirəyə aldı. Bu zaman baş verən su daşqınları şəhər əhalisinə ciddi ziyan vurmuş və qalanı bir neçə yerdən dağıtmışdı. Qazilər çətinliyə dözür, sinələrini sipər edib qalanın divarlarını təmir edib qoruyurdular.[4]
Getdikcə Bağdadın mühasirə daralır, həm qala müdafiəçiləri, həm də şəhər əhalisinin itkiləri çoxalır, ruh düşgünlüyü gərginliyi daha da artırırdı. Belə bir vəziyyətdə Bektaş xan çıxılmaz vəziyyətdə qalıb bir nəfəri Osmanlı baş vəzirinin yanına göndərib döyüşü dayandırmağı, sülh bağlamağı təklif edir. Sultan Murad çoxdan gözlədiyi bu təklifi böyük qələbə sayıb belə bir şərt irəli sürdü ki, Bektaş xan özü qaladan çıxıb onun hüzuruna gəlsin və sülh danışıqları hazırlansın. Bektaş xan bir neçə nəfər əmir, minbaşı, yüzbaşı ilə qaladan çıxıb onun hüzuruna gedir. Sultan Murad ona vəd verdi ki, müqavimət dayandırılıb qala qapıları açılsa əmirlərə, qala mühafizəçilərinə aman veriləcək və osmanlılar onlara toxunmayacaqlar.[5] Bağdadı 25 şaban 1047 (12 yanvar 1638)-ci ildə Osmanlılar tutdular.
Məhəmməd Məsum İsfahani hesab edir ki, Şah Səfinin hərbi rəisləri xəyanət etdiklərinə görə Bağdadı Osmanlılar tutmağa müvəffəq olmuşdular. Qızılbaş hərbi rəisləri -I Şah Səfinin yaxın silahdaşlarından Bağdad hakimi Bektaş xan, Xələf bəy, Nəğdi xan və Mir Fəttah İsfahani osmanlılarla razılaşıb Bağdad darvazasını onlara açmışdılar.[6]
Bağdad tutulduqdan sonra Xələf bəy, Mir Fəttah, Nəğdi xan və Əliyar xan Gəraylı Sultanın xidmətinə göndərilmiş, qaladakı əmirlərin bir çoxu isə ölüm cəzasına məhkum edilmişdi.[7]
Xələf bəy Süfrəçi haqqında Təbrizli Arakel də bəhs etmişdir. Tarixçi yazır: "28 aprel 1638-ci ildə Sultan Mirad Bağdada getdi. 6 noyabrda Bağdada çatdı. 38 gün qalanı mühasirə edib, topla döydü. 4 dekabrda qalanı aldı. Orda yerləşən İran ordusunu son nəfərək qırdı. Onlardan İrəvan ətrafındakı itkinin qısasını aldı. Orda olan məşhur əyanlardan Xələf bəyi başqaları ilə bərabər İstanbula göndərdi. Onlar orda öldülər".[8]
Övliya Çələbi Xələf bəy Süfrəçidən Xələf xan kimi bəhs edir. O, yazır: "Şah Səfi Dərəcəzin xanlığını Bağdaddan Murad xanın amanı ilə çıxan Xələf xanın qardaşına vermişdir. O ağbaş bir adam idi".[9] Görünür Xələf bəy Süfrəçi Şah Səfi Səfəvinin dövründə xan ünvanı alıb.
Xələf bəy Süfrəçi qurucu bir şəxsiyyət idi. 1606-cı ildə İsfahan şəhərində məscid tikdirmişdi. Bu məscid əvvəlcə "Süfrəçi məscidi" adlanırdı. İllər keçdikdən sonra bu möhtəşəm məbəd "Qırmızı məscid" adlanmağa başladı.
Xələf bəyin törəmələri Xələfbəyi soyadını daşıyırlar. Onlar Şiraz, İsfahan şəhərlərində və Qarabağda məskunlaşıblar.
Xələf bəyin İbrahim sultan, Maqsud sultan adlı oğlanları vardı. Böyük oğlu İbrahim sultan 1638-ci ildən sonra süfrəçibaşı təyin olmuşdu. Kiçik oğlu Maqsud sultan 1662-ci ildə süfrəçibaşı, 1663-cü ildə isə naziri-büyutat təyin olunmuşdu.[10]
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |