Xəzər Dəniz Neft Donanması

Xəzər Dəniz Neft DonanmasıAzərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxil olan qurum.

Xəzər Dəniz Neft Donanması
Ümumi məlumatlar
Tipi Dənizçilik
Rəhbərlik
Rəhbərlik Taqət Qurbanov
www.acsc.az

Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi, onların istismar dövründə təmiri, neft obyektlərinin yanğından mühafizəsi, neftçilərin iş yerlərinə çatdırılması kimi işləri yerinə yetirir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq onların vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür, dəniz dibində və təkində mineral ehtiyatların kəşfiyyatı və hasilatı ilə əlaqədar digər xidmətlər göstərir.

Xəzər Dəniz Neft Donanmasının tərkibinə ixtisaslaşdırılmış gəmilər, gəmi təmiri emalatxanaları, yanğından mühafizə balonlarının və gəmi xilasetmə vasitələrinin təmiri, karvan növbə xidməti, qalıqların qəbulu, işlənməsi və təhvili sahələri daxildir.

SSRİ Nazirlər Sovetinin 31 oktyabr 1949-cu il tarixli "Xəzərdə dəniz neft istehsalının inkişafı haqqında" sərəncamı ilə "Azneft" birliyi, onun tərkibində isə SSRİ Neft Sənayesi Nazirliyinin 4 noyabr 1949-cu il tarixli əmri ilə Üzən Vasitələr idarəsi yaradıldı.

Xəzər Dəniz Neft Donanmasının inkişafı yolu da məhz bu tarixdən başlanır. Həmin dövrdə "Artyomneft" və "Stalinneft" dəniz qazma trestlərinin üzmə vasitələri yeni yaradılmış idarənin tərkibinə keçilirdi. Bunlar əsas etibarilə "Transportnik", "Qəbələ", "BMK-90" tipli kiçik həcmli katerlər, buxar yedəkləri, "Gürganı" və "İliç Buxtası" özü hərəkət etməyən 20 tonluq üzən kranlar, taxta kərəçilər və özü hərəkət etməyən barjalar idi. SSRİ Neft Sənayesi Nazirliyinin 22 yanvar 1953-cü il tarixli əmri ilə Üzən Vasitələr idarəsi "Xəzərdənizneftdonanma" idarəsinə çevrildi.