Xəzərin Su Bioresursları Komissiyası — 1992-ci ildə 4 Xəzəryanı ölkə (Azərbaycan, Rusiya Federasiyası, Qazaxıstan və Türkmənistan) tərəfindən təsis edilmiş komissiya.
2002-ci ildə İran İslam Respublikası bu komissiyaya qoşulmuşdur. Komissiyanın əsas məqsədi Xəzər dənizinin su bioresurslarından davamlı və səmərəli istifadə etmək, balıq ehtiyatlarının artırılması və mühafizəsi sahəsində xüsusi tədbirlər hazırlayıb həyata keçirməkdən ibarətdir. Bundan əlavə Komissiya Xəzərin su bioresurslarının vəziyyətinin (sayının, növünün, yayılmasının) elmi-tədqiqat ekspedisiyaları vasitəsilə öyrənilməsini təmin edir və dəniz üzrə ümumi ov kvotasını, habelə 5 Xəzəryanı ölkə arasında Milli ov kvotalarına bölünməsini müəyyənləşdirir və eyni zamanda CITES Konvensiyası Katibliyinə təsdiq üçün təqdim etmək məqsədilə nərəkimi balıqların ət və kürüsünün ixrac kvotalarının miqdarını təyin edir. Azərbaycan Respublikası 2001–2002-ci illərdə Xəzərin Su Bioresursları Komissiyasına sədrlik etmişdir. Bu müddətdə Bakı şəhərində Komissiyanın 5 iclası keçirilmişdir. 2003–2004-cü illərdə sədrlik Rusiya Federasiyasında, 2005–2006-cı illərdə isə sədrlik Qazaxıstan Respublikasında olmuşdur. 2007–2008-ci illərdə Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin nümayəndə heyəti Komissiyanın Aşqabad şəhərində keçirilən iclaslarında iki dəfə iştirak etmişdir.
Departamentin və onun struktur bölmələrinin fəaliyyəti üçün 2007-ci ildə 1,683982 büdcə vəsaiti ayrılmış, 2008-ci il üçün isə 1,682581 manat həcmində təsdiq edilmişdir.
Arxivləşdirilib 2010-11-21 at the Wayback Machine