Xaçbulaq kurqanları

Xoşbulaq kurqanlarıDaşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində daş örtüklü kurqan tipli qəbirlər.

Orta Tunc dövrünə aid kurqanların bir qrupu Daşkəsən rayonunda, Xoşbulaq yaylağında yerləşir. Xoşbulaqdakı 1 №-li kurqan Qoşqarçayın sol sahilində, Zağalı kəndinin müasir qəbirstanlığından şərqdə yerləşir. Dairəvi formalı kurqanın hündürlüyü 0,75, diametri şimal-cənub istiqamətində 11,5, şərq-qərb istiqamətində isə 10 metr olmuşdur. Kurqanın əsas qəbiri İlk Tunc dövrünə aid edilmişdir. Buradan yarımşar formalı qulpu olan küpə, sümükdən hazırlanmış muncuqlar tapılmışdır. Kurqanın torpaq örtüyündə, 1,45 və 1,7 metr dərinlikdə aşkar olunan iki qəbir Orta Tunc dövrünə aiddir. Torpaqda qazılmış qəbirin forması müəyyən edilməmişdir. Birinci qəbirdəki skelet tamamildə çürümüşdür. O, şimal-qərbdən cənub-şərqə doğru, bükülü vəziyyətdə dəfn edilmişdir. Skeletin ayaq tərəfinin yaxınlığında iribuynuzlu heyvan sümüklərinə, ağac kömürünə rast gəlinmişdir. Kəllənin ətrafından qara, qəhvəyi, çəhrayı rəngli cızma naxışlı gil qablar, daş toppuz, borudəstəkli nizə ucluğu, obsidian və çaxmaqdaşından ox ucluqları, tunc xəncər aşkar olunmuşdur. İkinci qəbirdən şimal-qərb və cənub-şərq istiqamətində, bükülü vəziyyətdə çürümüş insan skeleti, onun ayaqlarının yaxınlığında isə xırdabuynuzlu heyvan skeleti aşkar olunmuşdur. Heyvan skeleti kömür qalıqlarının arasında idi. İnsan və heyvan skeletlərinin ortasında gil qab parçalarına rast gəlinmişdir. Bu qəbirlərdən aşkar olunan gil qabların bənzərləri Üzərliktəpə, Qaraköpəktəpə, Babadərviş və II Kültəpədən məlumdur.

1959-cu ildə, Xoşbulaq yaylağında, "Hamamdüzü" adlanan yerdə üç kurqan tədqiq edilmişdir ki, onların da ikisi Orta Tunc dövrünə aiddir. Həmin kurqanlardan birincisi dairəvi olub, diametri 8,6, hündürlüyü 0,6 m-dir. Qəbir kamerası kurqanın cənub tərəfində aşkar edilmişdir. Qəbirin üzərini örtən daş kurqan götürülərkən, obsidian parçalarına və kömür qalıqlarına rast gəlinmişdir. Kurqanın altında yerləşən torpaq qəbirin ölçüləri 2,9 x 1,3 x 0,8 m-dir. Qəbir kamerası şimal-qərbdən cənub-şərqə doğru yönəlmişdir. Skelet olduqca pis qaldığından, onun yalnız lülə sümüklərinə və dişlərinə aid qalıqlar aşkar olunmuşdur. Qəbirdən müxtəlif muncuqlar və saç üçün spirallar, 16 ədəd qara və boz rəngli gil qab aşkar olunmuşdur. Bu kurqanın materialları Üzərliktəpənin ikinci qrup keramikası ilə bənzərdir. Aşkar olunmuş materiallara əsasən, kurqan e.ə. II minilliyin ortalarına aid edilmişdir.

Kurqanın ikinci əsas qəbrindən uzunluğu 33 sm olan dördtilli süngü tipli nizə ucu tapılmışdır. Arxeoloq H.P.Kəsəmənli həmin nizə ucunu Zaqafqaziya və Ön Asiyadan tapılmış analoji nizə ucları ilə müqayisə edərək, e.ə. III minilliyin sonlarına aid etmişdir.

Xoşbulaqda tədqiq olunan Orta Tunc dövrünə aid digər kurqan 1962-ci ildə açılmışdır. Həmin kurqan əvvəlkinin yaxınlığında yerləşir. Kurqanın hündürlüyü 1,8, diametri 15 m olmuşdur. Onun örtüyü çay daşlarından qurulmuşdur. Kurqan örtüyünün altından cənub-şərq tərəfdə qara rəngli torpaq qatı, tunc nizə ucluğu, gümüş düymə və qara rəngli gil qab parçaları aşkar olunmuşdur. Bu təbəqədən altda yerləşən qəbir kamerasının uzunluğu 1,6, eni 0,9, dərinliyi 0,8 m olmuşdur. Qəbir kamerası cənub-qərbdən şimal-şərqə doğru yönəlmiş, qara rəngli torpaqla dolmuşdu. Qəbirdə bir ədəd sırğadan başqa, skeletə və dəfn avadanlığına rast gəlinməmişdir. Bu kurqan e.ə. XVI-XV əsrlərə aid edilir.

  • Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007
  • Rəşid Göyüşov. Azərbaycan arxeologiyası.