Xalisə Hacı Bayram qızı

Xalisə Hacı Bayram qızı və ya təxəllüsü ilə Xalisə Qarı (XVIII əsr, ŞəkiXVIII əsr, Şəki) — Azərbaycan şairəsi.

Xalisə Qarı
Doğum adı Xalisə Hacı Bayram qızı
Doğum tarixi XVIII əsr
Doğum yeri
Vəfat tarixi XVIII əsr
Vəfat yeri
Fəaliyyəti şair, kitabxanaçı

Xalisə Hacı Bayram qızı XVIII əsrin ikinci yarısında varlı-ziyalı ailəsində anadan olmuşdur. Atasının evində qonaq olan ziyalılar və şairlər kiçik Xalisənin əzbərdən dediyi qoşmabayatıları dinlədikdən sonra atasına Xalisəni oxudub savadlandırmasını məsləhət görmüşlər. Onun atası Hacı Bayram qızına xüsusi müəllim vasitəsilə təhsil verib. Xalisə böyüdükcə şeirə və elmə həvəsi artmış və özü orijinal qoşmalar yazmağa başlamışdır. O, həmyaşıdı olan kiçik qızların savadsız, hüquqsuz vəziyyətlərinə acıyaraq öz evlərində qızlar üçün məktəb təşkil etmiş, onlara savad öyrətmişdir. Bununla kifayətlənməyərək, atasının yardımı ilə kiçik ev kitabxanası da yaratmışdır. Kiçik yaşlarında özünü böyüklərdən daha fərasətli apardığı, dərin mənalı söhbətlər etdiyi üçün qocalar ona "Qarı" (qoca, çox bilmiş) təxəllüsü vermişlər. O, özündən sonrakı nəslinə örnək olmuşdur. Bunun nəticəsidir ki, onun nəslindən Əbdüllətif əfəndi "Nuxəvi" kimi tarixçi alim yetişmişdir.[1]

  1. Ə.M.Abdullayev. Şəkinin XVIII-XIX əsr şairləri. Bakı, 2020, s. 129