Xanlar Əhməd oğlu Əhmədov (12 iyun 1946, Bakı) — rəssam-heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı (2006).
Xanlar Əhmədov | |
---|---|
Doğum tarixi | 12 iyun 1946 (78 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | Heykəltaraşlıq |
Təhsili |
|
Janr | heykəltaraşlıq |
Mükafatları |
Əhmədov Xanlar Əhməd oğlu 12 iyun 1946-ci ildə Bakıda anadan olmuşdur. O, Ə.Əzimzadə adına Rəssamlıq Texnikumu (1961–1966), Daşkənd Teatral-Bədii İnstitutunda (1966–1972) təhsil almışdır.[1]
Əsasən dəzgah və monumental heykəltaraşlıq sahəsində işləyən Xanlar Əhmədov bir sıra məşhur monumental layihələrin müəllifidir. Xanlar Əhmədov Xocalı faciəsini əks etdirən silsilə əsərlərini yaradıb. Bu cür heykəltaraşlıq və qrafika əsərləri sırasında "Nalə", "Ana körpəsi ilə", "Yanmış qadın", "Ata fəryadı", "Fikir", "Ana", "Tomris ana", "Soyunan", "Leyli və Məcnun", "Əzmkarlıq" əsərlərini misal çəkmək olar. Azadlıq prospekti metrostansiyasında böyük həcmli relyef əsərlərinin müəllifidir. Həmçinin, metronun foyesində Azərbaycan tarixi abidələrini əks etdirən əsərləri yaradıb.[1][2]
Xanlar Əhmədov 1975-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. O, 1982-ci ildə VDNX-nın bürünc medalı, 1995 və 1998-ci ildə Heykəltaraşlıq nominasiyasında Milli "Humay" mükafatı almışdır. Xanlar Əhmədov 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı, 2006-cı ildə Azərbaycan Respublikasının xalq rəssamı fəxri adına layiq görülmüşdür. Onun əsərləri Fransa, Almaniya, İran, Polşa, Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrdə nümayiş etdirilib. Bir sıra əsərləri müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.[1][2]