Xarici dairəvi pardaqlama dəzgahı maşın hissələrinin silindrik xarici səthlərinin təmiz emalında istifadə olunur.
Proses fasiləsiz olaraq pardaq dairəsinin doğuranı ilə hissə boyunca aparılır. Dəzgahda pəstah mərkəzlər arasında və ya patronda yeləşdirilib, bərkidilir. Pəstah pardaq dairəsinə nisbətən aşağı dövrlər sayında fırladılır. Dəzgahların konstruksiyası emal olunan hissələrin ölçüsündən asılı olur. Kiçik hissələr üçün nəzərdə tutulmuş dəzgahlarda, üzərində hissə bərkidlimiş stol uzununa hərəkəti icra edir. Pardaq dairəsi bərkidilmiş başlıq isə yalnız eninə veriş alır. Böyük (uzun) hissələrin emalında isə kinematik bölgü əksinə olur. Alət uzununa veriş, hissə bərkidilmiş stol isə eninə verişə malik olur. Dəzgahın əsas təşkiledici düyümləri pəstahın tutulub hərəkət etdirilməsi üçün patron qutusu, hissənin mərkəzləşdirilməsi və hərəkətini tənzimləyən dal aşıqdan ibarətdir. Hissəni tutan mərkəzləri özündə götürən stolun ox boyu dönə bilməsi konik səthlərin pardaqlanmasına imkan verir.
Şəkildə dirsəkli valların pardaqlanması üçün xarici dairəvi pardaqlama dəzgahının sxematik təsviri verilmişdir. Bu dəzgahda dirsəkli qolların boyuncuqları valın fırlanması və alətin irəli-geri hərəkətinin kinematik əlaqəsi sayəsində alətin doğuranı ilə pardaqlanır (şəkil 2). Müasir NC dəzgahlarında bu kinematik hərəkət rəqəmli proqramın köməyi ilə aparılır. Xarici dairəvi pardaqlama dəzgahlarında kiçik uzunluğa malik hissələri eninə verişlə bir dəfəyə alətin eni ilə emal etmək mümkündür. Köməkçi vaxta qənaət etmək məqsədilə seriyal istehsalda tətbiq olunan dəzgahlara avtomatik pəstah dəyişən sistem də inteqrasiya olunur. Xüsusi profilə malik silindrik hissələrin pardaqlanması üçün pardaq dairəsinin düzləndirilməsi və profilləşdirilməsi üçün düzləndirici alətlərdən istifadə edilir. Burada bir şpindeldə iki profil dairəsinin tətbiqi də mümkündür.