Xirqeyi-səadət

Xirqeyi-səadət vaya Bürdəyi-səadətMəhəmməd peyğəmbərə aid olduğuna inanılan və Topqapı sarayında xüsusi otaqda mühafizə edilən, keçi tükündən hazırlanmış geniş qollu əbadır. Rəvayətə görə, Məhəmməd peyğəmbər əbanı şəxsən özü səhabələrindən şair Kab ibn Züheyrə hədiyyə etmişdir. I Səlimin Misiri fəth etməsinin ardından İstanbula gətirlərək digər Müqəddəs Əmanətlərlə birlikdə xüsusi otaqda mühafizə edilir.

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

1.24 metr uzunluğunda geniş qollu və qara rəngə çalan yunlu parçadan hazırlanmışdır. İç hissəsi ağ rəngdə kobud parçadan hazırlanmışdır. Qarşı sağ tərəfində 23*30 sm ölçülərində əskiklik var. Sağ qolunda da qopuq hissələri olan əba, 57*45*21 sm həcmində, üstdən açılan iki qapılı bir siyirmənin içində, boxcalara sarılmış formada mühafizə edilir. 1962-ci ildən bəri Topqapı sarayında sərgilənməyə başlanılmışdır. I Səlimdən Xəlifə Əbdülməcidə qədər səltənətə gələn bütün Osmanlı sultanları artıq saray ənənəsi olaraq Ramazan ayının 15-ci günü bu əbaya üz sürüb dualar edər, sonra yenə yerinə qoyardılar.

Qardaşı Büceyrin İslamı qəbul etməsinin ardından İslam dininə və onun peyğəmbərinə qarşı kəskin şeirlər yazmağa başlayan Kab ibn Züheyr Məkkənin fəthiylə birlikdə edam olunması ehtimal olunanlardan birinə çevrildi. Artıq müsəlman olan və İslamı qəbul edən Kab ibn Züheyr keçmişdə gördüyü işlərdən peşman olaraq gizlicə Mədinəyə getmiş, özünü tanıtmadan Məhəmməd peyğəmbərin hüzuruna çıxmışdır. Peyğəmbər tərəfindən bağışlandığını eşitdikdən sonra özünü təqdim edən İbn Züheyr İslamı və peyğəmbərini tərifləyən məşhur şeiri Qəsideyi-Bürdəni yazdı. Qəsidəni çox bəyənən Məhəmməd peyğəmbər kürəyindəki əbanı çıxardaraq İbn Züheyrə hədiyyə etmişdir. Muaviyə ibn Əbi Süfyan bu əbanı 10.000 dirhəm qarşılığında almaq istəsə də, Kab ibn Züheyr əbanı satmaqdan imtina etdi. Ancaq onun ölümündən sonra Muaviyə əbanı 20.000 dirhəm qarşılığında satın aldı. Sırayla əməvilərə və abbasilərə keçən bu əba bir müddət Misirdə mühafizə edildi və Abbasi xəlifələri tərəfindən bəzi dini mərasimlərdə geyinildi.