Orta əsrlər zamanı Naxçıvan ərazisində özünəməxsus yeri olan sosial-siyasi və ideoloji mərkəzlərdən biri də Kəngərli bölgəsinin Xok kəndinin mərkəzində yerləşən Came məscididir. Daşdan və bişmiş kərpicdən inşa edilən məscidin binası yarandığı vaxtdan indiyədək keçən müddətdə müəyyən dağıntı və aşınmalara uğrasa da, bu günədək əsasən salamat vəziyyətdə gəlib çatmışdır. Məscidin həcmi, möhtəşəmliyi və s. əlamətləri təsdiq edir ki, bu məscid inşa edildiyi zamandan ticarət karvan yollarının üstündə yerləşən Xok kəndinin sosial-siyasi və ideoloji həyatında mühüm yer tutmuş, cəmiyyətin həyatında fəal rol oynamışdır.
Xok kənd Came məscidi | |
---|---|
Xok kənd Came məscidi | |
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Xok, Kəngərli rayonu |
Vəziyyəti | restavrasiya edilib |
Bir sıra memarlıq abidələrində olduğu kimi bu məscidin də üzərində abidə haqqında müəyyən məlumatları özündə əks etdirən bir neçə kitabə vardır. Bu kitabələrdən biri məscidin şərqdən giriş qapısının sol yanında qoyulmuşdur. Dörd sətirdə, fars dilində boz daşa həkk edilmiş kitabənin mətnindən aydın olur ki, məscid binasının təmiri 1910-cu ildə, böyük çillədə başlamış, kiçik çillənin axırında, qış dövründə tamam olmuşdur.
Kitabənin sonunda qeyd edilən 17 məhərrəm 1328-ci il tarixli miladi ilə 29 yanvar 1910-cu ilə müvafiq gəlir.
Göründüyü kimi, Quranın "Allahın məscidlərini yalnız Allaha və axirət (qiyamət) gününə iman gətirənlər təmir edərlər" ayəsinə (IX surə, 18-ci ayə) uyğun olaraq Xok kənd məscidi 1910-cu ildə təmir etdirilmişdir.
Təmir zamanı giriş qapısının başında daha iki ədəd kitabə qoyulmuşdur. Kitabələrdən biri ancaq tarixdən ibarətdir: "1328". Üç sətirdə həkk edilmiş ikinci kitabədə isə Allahın və şiə aləmində “Pənc əl-Əba” adı ilə tanınan müqəddəslərin adı qeyd edilmişdir: "Allah, Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn. 1328".
İnşa tarixi haqqında binanın üzərində heç bir məlumat yoxdur. Məscidin şərq divarının aşağı tərəfindəki pəncərənin sağ tərəfində boz daş üzərində kobud xətlə "Molla Abbas" şəxs adı, sol yanında isə tarix həkk edilmişdir: "1280". Hicri-qəməri təqvimilə verilən bu tarix miladi ilə 1863-1864-cü illərə müvafiqdir. Bu tarixi məscidin inşa ilinə aid etmək olmaz. Çünki məscidlər inşa edilərkən onlara aid kitabələr adətən giriş qapısının baş tərəfində qoyulurdu. Həmçinin, məscidin binasının memarlıq xüsusiyyətləri də onun XIX əsrin ortalarına aid edilməsi üçün əsas vermir. Fikrimizcə, daş üzərində çox naşı şəkildə qazılmış 1280-ci il tarixi daşa sonralar, ehtimal ki, adı digər daşda qeyd edilən Molla Abbas tərəfindən həmin ildə yazılmışdır.[1]
Məscidin binası son illərdə camaatın vəsaiti və köməyi ilə yenidən təmir edilərək əhalinin istifadəsinə verilmiş, dindarların yığıncaq yerinə çevrilmişdir. Bununla da məscidin əvvəllər daşıdığı funksiya bərpa olunmuşdur. Təmir zamanı məscidin qarşısında, şərqdən girişinin önündə bişmiş kərpiclə artırma inşa olunmuşdur. Həmçinin həmin vaxt məscidin şimal və cənub tərəfində olmaqla dəmir borudan iki ədəd minarə düzəldilmişdir.
Məscidin kitabələrində tikilmə tarixi haqqında bəhs edilmədiyindən onun inşa ilini dəqiq söyləmək mümkün deyildir. Ancaq memarlıq-konstruktiv xüsusiyyətlərinə və Azərbaycanın, o cümlədən Naxçıvanın digər bölgələrindəki oxşar abidələrlə müqayisəsinə əsasən onu XVII-XVIII əsrlərə aid etmək olar [2]
Kəndin şimal hissəsində əhali arasında “Köhnə məscid” kimi tanınan başqa bir məscid də vardır. Ancaq bu məscid zaman keçdikcə güclü aşınmaya məruz qalmış, dam örtüyü tamamilə dağılmışdır. Hazırda xarabalıqları qalmaqdadır.