Xosrov Cəfərov (tam adı: Xosrov İsrafil oğlu Cəfərov; 31 oktyabr 1947, Maştağa – 8 yanvar 2007, Azərbaycan) — Azərbaycanın tanınmış pəhləvanı, Güləş üzrə Azərbaycan milli komandasının yeniyetmələrdən ibarət üzvlərinin baş məşqçisi (1974-2007-ci illər). Azərbaycan Respublikasının əməkdar məşqçisi,[1] SSRİ idman ustası, fəxri bədən tərbiyəsi və idman işçisi.[2]
Xosrov Cəfərov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Xosrov İsrafil oğlu Cəfərov |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Azərbaycan |
İdman növü | Güləş |
İdman dərəcəsi |
Xosrov Cəfərov 31 oktyabr 1947-ci ildə Bakı şəhərinin Maştağa kəndində anadan olub.
Xosrov Cəfərov 1962-ci ildən idmanın güləş növü ilə məşğul olub[1]. Sərbəst güləşin sirlərini Ordu İdman Klubunda öyrənib[2].
Müxtəlif yaş qrupları üzrə respublika çempionatının qalibi və mükafatçısı olub[2]. 1968-ci ildə orta çəkidə Azərbaycan SSR Çempionu olub. Bundan sonra 1969, 1970, 1971, 1972, 1973, 1974-cü illərdə də Respublika çempionluğu titulunu qoruyub saxlayıb[3].
O, hətta 1968-ci ildə SSRİ Silahlı Qüvvələrinin yarışında bütün rəqiblərinin belini yerə vuraraq qalib adını qazanıb[4].
Xosrov Cəfərov Almaniya və digər ölkələrin Azərbaycan ilə birlikdə keçirdikləri yarışlarda qızıl medal qazanaraq ən yaxşılardan olub. Eyni zamanda yeniyetmələr arasında SSRİ mükafatçısı, gənclər arasında SSRİ çempionu adını qazanıb[5].
Xosrov Cəfərov məşqçilik fəaliyyətinə 1969-cu ildən başlayıb[6].
1969-1987-ci illərdə İxtisaslaşmış Güləş Məktəbi məşqçi işləyib və uğurlu idmançılar yetişdirib[7].
1974-cü ildən ömrünün sonuna qədər yeniyetmələr üzrə milli komandanın baş məşqçisi olub.
1988-ci ildən isə “Dinamo” İdman Cəmiyyətində sərbəst güləş üzrə baş məşqçi kimi fəaliyyətə başlayıb[8].
Xosrov Cəfərovun rəhbərliyi ilə sərbəst güləş üzrə Azərbaycan seçməsi 1996-cı ildə İranın paytaxtı Tehranda təşkil edilmiş dünya birinciliyində komanda hesabında 3-cü yeri tutmuşdur[2]. Onun sayəsində 1998-ci ildə millinin nəticəsi bir az da yaxşılaşıb[2]. İngiltərənin Mançester şəhərində 2-ci yeri tutan Azərbaycan yığması, eyni nəticəni bir il sonra Polşanın Lodz şəhərində də təkrarlayıb[2].
Azərbaycan Respublikasının əməkdar məşqçisi idi.
Xosrov Cəfərov 8 yanvar 2007-ci ildə - Bakıda keçirilən ölkə çempionatının ikinci günü[2] uzun sürən xəstəlikdən 59 yaşında ikən dünyasını dəyişmişdir[9]. Həmin gün mərhum güləş ustadının xatirəsi ölkə çempionatında "Cəngi" sədaları ilə yad edilmiş, ruhuna dualar oxunmuşdur[2].
Ölümündən sonra 2007-ci ilin sonunda Azərbaycan Milli Olimpiya Komitəsinin mükafatına layiq görülmüşdür[10].
Onun yetirmələri - yeniyetmələr arasında 2 dəfə dünya birinciliyinin qalibi Namiq Sevdimov, Atlanta və Sidney olimpiadalarının iştirakçısı Elşad Allahverdiyev, Dünya kubokunun sahibi Vüqar Qurbanov, beynəlxalq turnirlərin qızıl mükafatçısı Anar İsmayılov, gənclər arasında SSRİ birinciliklərinin mükafatçıları Ehtiram Babayev, Rəsul Əmirov, İsa Səgərov, Həmid Rəsulov, Firudin Ağasıyev, Əfqan və Bəhruz Məmmədov qardaşları və başqa tanınmış güləşçilər Azərbaycanı beynəlxalq yarışlarda müvəffəqiyyətlə təmsil ediblər[2].
Oğlu Əjdər Cəfərov Azərbaycan Güləş Federasiyasının baş katibi[11] vəzifəsində işləyib[12], əməkdar məşqçi, “Tərəqqi” medalının mükafatçısıdır[13]. Daha əvvəl isə Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri olduğu dövrdə ölkəni beynəlxalq arenada layiqincə təmsil edərək[2], 2010-cu ildə Sinqapurda keçirilən yeniyetmələrin ilk olimpiya oyunlarının və 2012-ci ildə Londonda Yay Olimpiya Oyunlarının hakimi olmuşdur.
Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin Xosrov Cəfərov adına Güləş Klubu (“Xosrov Cəfərov” GK) ödənişsiz fəaliyyət göstərir[14][15][16].