Xuan Qomesin Somosierra aşırımında itkin düşməsi

Hadisədən qısa müddət öncə çəkilmiş Xuan Perdo Martinez Qomesin fotosu. (1986)

Xuan Qomesin Somosierra aşırımında itkin düşməsi (isp. La desaparición de un niño de Somosierra.) - 1986-cı ilin 25 iyun tarixində İspaniyanın paytaxtı Madrid şəhərindən şimalda yerləşən Somosierra aşırımında baş vermiş yük avtomobil qəzası nəticəsində Xuan Perdo Martinez Qomes (isp. Juan Pedro Martínez Gómez) adlı 10 yaşlı İspaniya vətəndaşının itkin düşməsi hadisəsi. İnterpol baş vermiş itkin düşmə hadisəsinin son 30 il ərzində Avropadakı ən mistik və sirri açıla bilməyən itkin düşmə hadisəsi olduğunu bildirmişdir. 1986-cı ilin yayında hadisə baş verən zaman Xuan Pedronun 10 yaşı vardı. Hadisə Madrid şəhərindən şimalda yerləşən Somosierra dağ keçidində baş vermişdir.

Xuanın atası Andres Martinez Navvaro şəxsi Volvo F-12 tipli yük maşını ilə yerli neft-kimya şirkətlərindən birində sürücü olaraq çalışırdı. Hadisə günü Martinez Navvaro, həyat yoldaşı və 10 yaşlı oğlu Mursiya bölgəsindən Bilbao şəhərinə doğru səfər etməkdə idilər. Sürücü 20 min litr kükürd turşusu məhlulu daşımaqda idi. Somosierra dağ keçidində irəliləyən zaman yük maşının əyləc sistemində yaranmış problemə görə yük avtomobili dərədən aşağı yuvarlanaraq, qəza törətmişdir. Hadisə nəticəsində 20 min litr kükürd turşusu ətrafa dağılmış, sürücü Andres Martinez Navvaro və həyat yoldaşı hadisə yerindəcə həlak olmuşdular.

Polis ilkin araşdırma zamanı qəzada həlak olanların iki nəfərdən olduğunu zənn etsə də, sonradan 10 yaşlı Xuan Pedro Martinez Qomesində qəza anında yük avtomobilində olduğu dəqiqləşmişdir. Bütün araşdırmalara baxmayaraq 10 yaşlı Xuan Pedro Martinez Qomesə aid olan heç bir iz aşkarlanmamışdır. Əsas ehtimallardan biri qəzanın baş verdiyi andan etibarən, polisinin hadisə yerinə gəldiyi müddət ərzində hadisə yerinə yaxın şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən Xuan Qomesin oradan oğurlanmasıdır. Bütün bu iddiaları sübut edəcək tutarlı faktlar olmadığı üçün hadisə bu gün də öz qeyri-müəyyənliyini qorumaqdadır.

Baş vermiş olay İspaniya cəmiyyətində geniş əks-səda yaratmışdır. İnsanlar 10 yaşlı bir uşağın heç bir iz buraxmadan yoxa çıxa biləcəyi faktına inanmamış və hadisənin doğru formada araşdırılmasını dövlət rəsmilərindən tələb etmişdilər. El Español , El País , El CasoInterviu kimi ölkənin önəmli mətbuat orqanları baş vermiş müəmmalı hadisəni mütamadi formada öz səhifələrində işıqlandırmışdır.

2011-ci ildə Rui Qonzales Martin tərəfindən Somosierradan olan oğlan kitabı nəşr edilmişdir. Yazıçı və jurnalist İlker Ximenez İspaniyada baş vermiş qeyri-məchul cinayətlərə dair yazmış olduğu kitabında 1986-cı ildə baş vermiş hadisəyə geniş bir bölməni həsr etmişdir. Mövzu ilə maraqlanan jurnalistlər və kriminalistlər baş vermiş hadisə ilə 1987-ci ilin 6 aprel tarixində Malaqa şəhərində naməlum şəraitdə itkin düşmüş David Guerrero Guevaranın yoxa çıxması ilə eyniləşdirməkdədirlər.[1][2][3]

  1. "La mañana — Caso sin resolver: Dónde está el niño de Somosierra?" (ispan). Corporación de Radio y Televisión Española. 25 oct 2013. 2018-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-25.
  2. "«El niño de Somosierra», la desaparición más extraña de Europa 30 años después" (ispan). Cuatro, canal de televisión. 26.09.2016. 2018-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-25.
  3. "Las claves del caso del niño de Somosierra, la desaparición más extraña ocurrida en Europa, según la Policía" (ispan). Atresmedia Corporación de Medios de Comunicación, S. A. 22.03.2018. 2018-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-25.