Əzizov Xubəli Fətəli oğlu — fizika-riyaziyyat elmləri doktoru, professor.
Xubəli Əzizov | |
---|---|
Əzizov Xubəli Fətəli oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Buruq, Lerik rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi |
Əzizov Xubəli Fətəli oğlu 1949-cu ildə Azərbaycan Respublikasının Lerik rayonunun Buruq kəndində anadan olmuşdur. 1971-ci ildə "mexanik" ixtisası üzrə ADU-nin mexanika-riyaziyyat fakültəsini bitirib. 1971-1989-cu illərdə Azərbaycan EADNQYPİ-nun "Hidrodinamika" laboratoriyasında böyük laborant, mühəndis və böyük elmi işçi vəzifələrində işləyib. 1980-ci ildə "Yeraltı hidrodinamikanın bəzi fəza məsələləri və qeyri-bircins məsaməli mühitlərdə mayenin süzülmə məsələləri" mövzusunda namizədlik, 1994-cü ildə isə "Məsaməli mühitdə köçürülmənin qeyri-stasionar və qeyri-xətti hadisələrinin tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1989-1995-ci illərdə Azərbaycan EA MRİ-da "Neft və gazın qeyri-xətti mexanikası" şöbəsinin baş və aparıcı elmi işçisi işləmişdir. 1995-ci ildən 2014-cü ilə qədər Nijnevartovsk Dövlət humanitar universitetində professor, "Tətbiqi riyaziyyat və fizika" kafedrasının müdiri işləmişdir. 2007-2014-cü illərdə Tümen neft və qaz universitetinin professoru və bu universitetin Nijnevartovsk filialının elm üzrə direktor müavini işlmişdir. 2014-cü ildə vəzifəsindən istefa etmiş və ailəsi ilə Moskva şəhərinə köçmüşdür. İki oğlu, üç qızı vardır.
Əzizov X.F. maye və qaz mexanikası, tətbiqi riyaziyyat və ətraf mühitin mühafizəsi sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: yeraltı hidrodinamika, qeyri-xətti və qeyri-nyuton süzülmə nəzəriyyəsi; məsaməli mühitlərdə istilik mübadiləsi və neft laylarında istiliyin konvektiv köçürülməsi; neftçıxarma və neft yataqlarının işlənməsində riyazi modelləşdirmə və statistik analiz; texniki qəzalar zamanı neft tullantılarının təbii mühitdə yayılması; maye tipli sənaye tullantılarının yeraltı qatlarda bastırılması. Əzizov X.F. 60-dan artıq elmi məqalənin "Ehtimal nəzəriyyəsi" adlı dərs kitabının müəllifidir. O həmçinin çalışdığı universitetlərin elmi əsərləri və tematik məcmuələrində iri həcmli ümumiləşdirici problem məqalələr yazmış və bu elmi əserlərin "Matematika" və "Fizika" seriyalarının elmi redaktoru olmuşdur.