Yaşıl tarif

Yaşıl tarifin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu tarif alternativ elektrik enerjisi istehsalçılarının hər kilovat-saat enerjisinin təyin edilmiş (minimum) qiymətinə ödəniş zəmanəti verir. Bu tarifin əsas meyarları aşağıdakılardır:

— Zəmanətli və güzəştli enerji təchizatı şəbəkəsinə qoşulma və elektrik enerjisinin Alternativ enerji mənbələrindən şəbəkəyə göndərilməsi;

— Yetərli olan minimum yaşıl tarif;

— Benefisiarlar üçün qanunla müəyyən edilmiş təhlükəsizliyin təmin edilməsi. Məsələn, müəyyən zaman ərzində tarifin ödənilməsi (investisiya xərcinin müddətlə ödənilməsi) üçün qanunla müəyyən edilmiş (minimum) qiymət ödəniş zəmanəti;

— Hər bir Alternativ enerji mənbələri texnologiyalarına aid ayrıca yaşıl tariflər;

— Mümkün olan qiymət azaldılması.

Effektiv şəkildə planlaşdırılmış yaşıl tarifin əsas üstünlükləri:

— Yüksək effektivlik;

— İnvestisiya təhlükəsizliyi. Uzunmüddətli perspektivlər və investisiyanın qaytarılma zəmanəti səbəbindən bank tərəfindən maliyyələşdirmə;

— Yerli bazarların AEM avadanlıqları üçün yüksək stimulyasiyası, yeni iş yerlərinin açılması, texnologiya yeniliklərinin dəstəklənməsi, həmçinin səmərəliliyin artırılması və mümkün olan qiymət azaldılması.

Bu sistemin sərfəli olmayan tərəfi isə son istehlakçılar üçün elektrik enerjisi qiymətinin artmasına səbəb olan birbaşa xərclərin təsiri və ya dövlət büdcəsindən xeyli maliyyə vəsaitinin tələb olunmasıdır. Yaşıl tarif sisteminin özünü doğrultduğu ölkələrdə ictimai-siyasi dəstək, davamlılıq, həmçinin fərdi və kiçik investorlar üçün qanunla müəyyən edilmiş təhlükəsizlik yüksək səviyyədədir. Almaniya bu sistemin ən yaxşı işlədiyi ölkələrdən biridir. Almaniyanın Alternativ Enerji Aktı Alternativ enerji mənbələrinin inkişafına dair bütün vacib strateji addımları özündə əks etdirən nadir siyasi sənədlərdəndir. Siyasi alətlərin növündən asılı olmayaraq, qeyd olunan sənəddə həm strateji qanunvericilik, həm də dəstək mexanizmi effektli şəkildə icra olunub və bu səbəbdən də o, dünyada Alternativ enerji mənbələrini dəstəkləyən ən uğurlu siyasətlər arasındadır. Almaniya adı çəkilən sənədi 2000-ci ildə qəbul etmişdir. Növbəti illər ərzində AEM-i və texnologiyaları daha da səmərəli inkişaf etdirmək məqsədilə müvafiq dəyişikliklər edilmişdir. Sənədin əsas strateji elementlərindən biri yaşıl tarif alətindən istifadə edərək qarşıya qoyulmuş hədəfə çatmaqdır. Bu baxımdan, məsələn, yaşıl tarif dəstək aləti kimi hər bir alternativ enerji mənbələri texnologiyasına səciyyəvi olan minimum tarif zəmanəti verir. İstənilən elektrik enerjisi istehsalçısı bu zəmanəti 10–20 il ərzində ala biləcək. İstehsalçının standartlaşdırılmış qaydalar çərçivəsində qanuni şəkildə elektrik enerjisi şəbəkəsinə çıxışı mövcuddur. Qiymət nəzarəti və rəqabəti gücləndirmək məqsədilə yeni quraşdırılan cihazlar üçün tariflər həril proporsional şəkildə azaldılır.[1]

  1. Azərbaycan respublıkasının prezidenti yanında strateji araşdırmalar mərkəzi "YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR