Dairəvi iqtisadiyyat (ing. circular economy[1]) — ümumi mənada bu, resursların yenilənməsinə əsaslanan iqtisadiyyatdır, ənənəvi xətti iqtisadiyyata alternativdir (tullantıların meydana gəlməsi, istifadəsi, utilizasiyası).
Dairəvi iqtisadiyyat tullantıları və digər çirklənmə növlərini minimuma endirən məhsul və xidmətlərə diqqət yetirməklə klassik xətti istehsal modelini dəyişdirmək üçün nəzərdə tutulmuşdur.
Dairəvi iqtisadiyyatın əsas prinsipləri resursların yenilənməsinə, ikinci dərəcəli xammalın təkrar emalına, qalıq yanacaqlardan bərpa olunan enerji mənbələrindən istifadəyə keçidə əsaslanır.
Həmçinin bu tip iqtisadiyyat dördüncü sənaye inqilabının tərkib hissəsi hesab olunur ki, bunun nəticəsində təbii resurslar da daxil olmaqla ehtiyatlardan rasional istifadə ümumən artacaq, iqtisadiyyat daha şəffaf, proqnozlaşdırıla bilən olacaq, onun inkişafı sürətli və sistemli olacaqdır.
Çin dairəvi iqtisadiyyatı inkişaf etdirmək üçün qanun qəbul edir; Cənubi Koreya oxşar Yaşıl İnkişaf Strategiyasını tətbiq edir; Yaponiyada "Düzgün Material Dövrü üçün Cəmiyyət" qurulur. Oxşar proqramlar Almaniya və İsveçrədə də mövcuddur. Milli inkişafın bu yeni konsepsiyaları tullantıların idarə olunması sistemlərində əsaslı dəyişiklikləri nəzərdə tutur, diqqəti tullantılardan ikinci dərəcəli resursların maksimum çıxarılmasına və təbii minerallar əvəzinə sənaye istehsalında istifadəsinə yönəldir[2][3][4][5].
Dairəvi iqtisadiyyat insanın hər hansı hərəkətinin, təfəkkürünün, istehlak vərdişlərinin fərqli qavranılması sistemini, daha rasional istehsal və istifadəni nəzərdə tutur[6].
Dünya İqtisadi Forumu, Ellen MacArthur Fondu və McKinsey & Company konsaltinq firmasının 2014-cü il hesabatına görə, istehsal dövriyyəsi hər il qlobal iqtisadiyyata 1 trilyon dollar əlavə edə bilər. 2025-ci ilə qədər, eləcə də növbəti beş ildə 100 min yeni iş yerinin təşkili, 500 milyon dollarlıq materiallara qənaət edilməsi və 100 milyon ton tullantıların yaranmasının qarşısının alınması mümkündür[7].
CISCO-nun baş vitse-prezidenti Kris Dedikot texnologiyanın inkişafının dairəvi iqtisadiyyatın geniş şəkildə mənimsənilməsini təmin etdiyi fürsəti vurğulayır: "Əşyaların internetinin yayılması dairəvi innovasiyalar üçün imkanlar açır. Sensor texnologiyasının ucuzlaşması və şəbəkələrin çoxalması istehsal prosesinə daxil olan hər bir komponenti birləşdirməyə imkan verir. Belə əlaqələr vasitəsilə toplanan məlumatlar məhsulun mənşəyini, istehsal üsulunu və onun istehsalına sərf olunan enerjinin miqdarını bilməyə imkan verir. Bu məlumatlar dairəvi iqtisadiyyatın əsasını təşkil edir. Onların əsasında əldə edilən məlumatlar müəssisələrə, şəhərlərə və bütöv ölkələrə bu resursları daha səmərəli şəkildə bərpa etmək, qurmaq və yerlərini dəyişdirmək imkanı verir".
Dairəvi iqtisadiyyat ideyasını təbliğ edənlər arasında Con Layl, Valter Staxel[8], David Pirs, Kenneth Boulding, Mark Demesmaeker və başqaları var.