Yaşar Nəzihə Bükülməz (türk. Yaşar Nezihe; 29 yanvar 1882, Konstantinopol, Osmanlı imperiyası – 5 noyabr 1971) — Osmanlı imperiyası dövrü şairəsi.
Yaşar Nəzihə | |
---|---|
türk. Yaşar Nezihe | |
| |
Doğum tarixi | 29 yanvar 1882 |
Doğum yeri | |
Vəfat tarixi | 5 noyabr 1971 (89 yaşında) |
Dəfn yeri | Kiçikyalı qəbiristanlığı |
Fəaliyyəti | şairə |
Fəaliyyət illəri | 1896-1953 |
Əsərlərinin dili | türk dili |
Vikianbarda əlaqəli mediafayllar |
Yaşar Nəzihə 1896-1953-cü illər arasında dövrünün fəal ədəbi simalarından biri olub. Şeirlərində kasıb və çətin uşaqlığına, evliliklərinə də yer verib. Yaşadığı yoxsul həyatı əsərlərində qabartması, müxtəlif tətil və fəhlə hərəkatlarını dəstəkləməsi onun sosialist şair kimi tanınmasına rəvac verib. O, ədəbi kimliyi ilə yanaşı, həyat hekayəsi ilə də dövrün qadın şairləri arasında özünəməxsus yer tutub.[1] Onun "Aydınlıq" jurnalının 1923-cü il iyun nömrəsində dərc olunan şeiri 1 May Beynəlxalq Əmək Günü ilə bağlı ilk türkcə şeiri hesab olunur.[2][3]
1882-ci ildə İstanbulun Silivriqapı ilçəsində anadan olan Yaşar Nəzihənin anası tatar əsilli Qaya xanım, atası isə bələdiyyə işçisi Qədir bəy idi.[3] Kasıb bir ailədə böyümüş Yaşar Nəzihə ailənin 5 uşağından üçüncüsü idi. Ailənin digər uşaqlarının hamısı gənc yaşlarında vərəm xəstəliyi və baxımsızlıqdan dünyalarını dəyişiblər.[4] Özündən əvvəlki bac-qardaşlarının taleyini yaşamaması üçün ona Yaşar Zəliha adı verilsə də, adı illər sonra ailə həyatı qurduğu Atıf Əfəndi tərəfindən dəyişdirilərək Yaşar Nəzihə oldu.[5]
Altı yaşında anasını itirən Nəzihə xanım, annasının ölümündən sonra içki problemi yaşayan atası və atasının xala deyə xitab etdiyi yaşlı və xəstə qadının himayəsində böyüyüb.[4] Yetərincə ailəsindən qayğı görməyən Nəzihə xanım vaxtının çox hissəsini küçələrdə keçirirdi. Atası onun məktəbə getməsinə icazə verməsə də, özü məktəbə yazılır və bir il təhsil alır. Atası tərəfindən evdən qovulan qızcığaz, məktəbi tərk etməli olur.[6] Təhsil aldığı bir il müddətində, oxuyub-yazmağı və Quranı əzbərdən öyrənir.[4]
Xalasından eşitdiyi eşq hekayələri və onun ölümündən sonra oxuduğu romanlarından təsirlənərək əsərlərini qələmə almağa başlayıb. O, ilk şeirlərini "Məzlumə" və "Mahmurə" təxəllüsləri ilə "Məlumat" jurnalında çap etdirib.
Atasının təkidi ilə özündən iyirmi 27 yaş böyük Atıf Zahir Əfəndi ilə evləndirilən Nəzihə xanım bir müddət sonra həyat yoldaşından övladı olmamasını əsas gətirərək boşanır.[7] 5 il yarım evli qaldığı ikinci həyat yoldaşı mühəndis Fevzi bəydən üç oğlu dünyaya gəlir. 1910-cu ildə Fevzi bəy onu və uşaqlarını tərk etdikdən sonra iki oğlu qida çatışmazlığından vəfat edir. O, itirdiyi oğulları Sədat və Suatla bağlı xatirələrini şeirlərində yad edirdi.[8] O, Atıf Əfəndi ilə evlənməmişdən öncə iki il nişanlı olub, ayrıldığı Yusif Niyazi bəylə 1912-ci ildə ailə qurur. Niyazi bəyin işlədiyi Cidəyə gedəndə Niyazi bəyin üçüncü arvad olduğunu öyrənib, İstanbula qayıdaraq məhkəməyə müraciət edir.[4] 50 gün davam edən üçüncü evliliyi də boşanma ilə nəticələnir.[4]
Yaşar Nəzihə çörəkpulunu yaza bilməyənlər üçün məktublar yazaraq, tikiş tikməklə qazanırdı. Bu dövrdə tez-tez "Tərəqqi" və "Məlumat" qəzetlərində Yaşar Nəzihə adı ilə şeirlərini dərc etdirirdi. O, şeirlərini Məzlumə, Mahmurə, Məhcurə, Yaşar Nəzihə, Yaşar binti Qədri, Yaşar binti Əbdülqədir, Yaşar Nəzihə binti Kantarcı Qədri təxəllüsləri ilə yazırdı. 1913-cü ildə "Bir dəstə bənövşə" adlı ilk şeir kitabını nəşr etdirir və müntəzəm olaraq "Qadın dünyası" jurnalında şeir və məqalələrini dərc etdirməyə başlayır. İlk dəfə müsəlman qadınların niqabsız fotoşəkillərinin yer aldığı bu nəşrdə Nəzihə Yaşarın niqabsız fotosu da dərc edilib.[7]
1917-1928-ci illər arasında 193 nömrəsi nəşr edilən "Nazikdər" jurnalının demək olar ki, hər nömrəsinin birinci səhifəsində onun şeirləri yer alırdı.[4] Onun həmçinin əlyazma üsulu ilə buraxdığı "Çiçək" adlı qəzetində şeirləri və məktubları yer alırdı.[4] Xəttat Yusif Niyazi bəy bu qəzet üçün məqalələr yazır, miniatürlər çəkirdi.
1920-ci illərdə bəzi şeirləri "Aydınlıq" jurnalında dərc olunurdu. O, bu jurnalda şeirləri dərc olunan ilk qadın ədəbiyyatçı idi.[9] 1923-cü ilin mayında "Aydınlıq"da 1 May mövzusunda ilk türkcə şeirini nəşr etdirdi.[7] Həmin jurnalda "Qırmızı güllər" adlı şeiri də dərc olunub. 1924-cü ilin mayında bu jurnalda "1 May" adlı başqa bir şeiri də dərc edilib.[4]
Fəhlə Cəmiyyətinə üzv olan şairə, fəhlə tətillərini dəstəkləyən fəal kimi seçilirdi. Yazıçılar Dərnəyi ilə qəzet sahibləri arasında iş saatları ilə bağlı mübahisə nəticəsində 1923-cü ildə tətilə çıxan işçiləri, 1923-cü il 18 sentyabrda "Xəbər" qəzetində dərc olunmuş "Qəzet sahiblərinə" adlı şeiri ilə dəstəklədi.[4]
1925-ci ilin əvvəlində son şeir kitabı "Fəryadlarım"ı nəşr etdirib. Rıfat Necdət bəyin dəstəyi ilə nəşr olunan bu kitabı üç bölmədən: "Qəzəllər", "Nəzirələr" və "Nəğmələr" adlı 3 bölmədən ibarət idi. Nəzirələrindən dördünü Məhəmməd Füzuliyə ithaf etmişdir.[10]
Yaşar Nəzihə "Aydınlığın" digər işçiləri ilə birlikdə 3 iyun 1925-ci ildə "kommunizt" damğası ilə həbs olunur. Həbsdən çıxdıqdan sonra tez-tez yazmasa da, 1925-1928-ci illər arasında şeirləri yalnız "Nazikdər" və "Türk qadın yolu" jurnallarında dərc olunurdu.[4][11]
1934-cü ildə qəbul edilən Soyad Qanunu ilə "Bükülməz" soyadını götürüb. Şeirləri 1949-1954-cü illərdə "Qadınlar" qəzetində dərc olunub. 1971-ci il noyabrın 5-də İstanbulda vəfat edən Yaşar Nəzihə Kiçikyalı Altıntəpə qəbiristanlığında dəfn edilib.[10]
1896-1953-cü illərdə dövrünün ən fəal ədəbiyyatçısı olaraq, nəzm janrında fəaliyyətini davam etdirirdi.[4] İlk şeiri "Məlumat" jurnalında dərc edilib. "Qadınlar jurnalı" başda olmaqla o dövrdə qadınların yazdığı bir çox qəzet və jurnallarda şeirləri yer alırdı. 1895-ci ildən əsərləri Məzlumə, Mahmurə və Məhcurə imzaları ilə "Məlumat və Tərəqqi", "Nazikdər" jurnallarında çap olunurdu. Kardeş Yüreği, Efsûs, Leyâl-i Pür-Azab şeirlərindən bəziləridir.
1913-cü ildə nəşr olunan ilk kitabı "Bir dəstə bənövşə"dən sonra ikinci kitabı "Fəryadlarım" 1925-ci ildə nəşr olundu. Onun nəşr üçün tədqiqatçı Taha Torosa verdiyi üç dəftərindən birində 1934-1942-ci illər arasında qələmə aldığı 55 çap olunmamış şeiri yer alır.[4] Taha Torosa verdiyi "Şeir dəftəri" onun nəşr olunmamış son əsəridir.
Yaşar Nəzihənin 250 şeirinə mahnılar bəstələnib.[12] Onun bir çox qəzəlləri Urfa sıra gecələrində səslənir.