Yabanı alça– Qızılgülçiçəklilər fəsiləsinin gavalı cinsinə aiddir.
30-dan çox növü vardır. Yabanı alça Qafqaz, Orta Asiya və Zaqafqaziyada geniş yayılmışdır. Azərbaycanda ən çox Quba və Xaçmaz rayonlarında, Dağlıq Qarabağda bitir.[1] Alça yarpaqlamazdan bir az əvvəl mart-may aylarında çiçəkləyir. Çiçəkləri ağ və xırdadır. Yabanı alçanın meyvələri iyun ayından başlamış sentyabrın axırına qədər müxtəlif vaxtlarda yetişir. 4-7 yaşında bar verir. 100-120 il ömür sürür. Meyvələri əksəriyyətlə yumrudur. Yastı-yumru və bir qədər oval şəklində olanları da vardır. Bir meyvənin çəkisi 2-6 qr-dır. Ətliyi çəyirdəyindən ayrılmır. Meyvələri sarı, qırmızı, çəhrayı, tünd bənövşəyi, yaşıl və ağ rəngdə olur. Meyvələri, həmçinin ölçüsünə, dadına, formasına və yetişmə müddətinə görə fərqlənirlər.
Yabanı alçanın tərkibində 3,12-5,96% şəkər, 1,32-3,97% üzvi turşu (ən çox limon), 0,46-1,39% pektinli maddə, karotin və C vitamini vardır. Təzə halda yeyilir. Yabanı alça qurudulur, kompot, mürəbbə, povidlo, pastila hazırlanmasında istifadə edilir. Şirəsindən spirtsiz içkilər üçün cövhər hazırlanır. Ətlik hissəsindən hazırlanan lavaşana aşpazlıqda geniş tətbiq olunur. Meyvələri (həmçinin kal meyvələri) bəzi xörəklərin hazırlanmasında istifadə edilir ki, nəticədə hazır xörək turşməzə dadlı olur. Çəyirdəyində yağ vardır, lakin ondan təcrübi olaraq hələlik istifadə edilmir. Xalq təbabətində alça lavaşı sinqaya qarşı tətbiq olunur. Boğaz ağrısında alça ekstraktından istifadə edilir. Alçanın qabıq hissəsindən alınan qatran öskürəyi zəiflətmək məqsədi ilə işlədilir.