Yalançı İsmayıl Mirzə üsyanı və ya Yalançı Şah İsmayıl üsyanı — 1578-ci ildə Osmanlı hakimiyyətinə qarşı Maraş və Bozox bölgələrində özünü II Şah İsmayıl adlandıran şəxs tərəfindən başladılan üsyan. Səfəvi hökmdarı II Şah İsmayılın ölümündən sonra Səfəvi imperiyası daxilində olan ərazilərlə yanaşı Osmanlı imperiyasına daxil olan Maraş və Mərkəzi Anadolu bölgələrində də saxta Şah İsmayılllar meydana çıxmışdı.
Yalançı Şah İsmayıl üsyanı | |||
---|---|---|---|
Osmanlı İmperiyası | |||
Tarix | 1578-ci il | ||
Yeri | Əlbistan, Maraş, Bozox | ||
Səbəbi |
Osmanlı torpaqlarında yaşayan qızılbaşları öz ətrafında birləşdirmək Osmanlı hakimiyyətini sarsmaq |
||
Nəticəsi | Yalançı Şah İsmayıl məğlub edilir. O və tərəfdaşları Sivərəkə qaçır. Bundan sonra taleyi haqqında mənbələrdə məlumat yoxdur. | ||
Komandan(lar) | |||
|
|||
Yalançı Şah İsmayıl və tərəfdarlarının etirazları böyük bir üsyana çevrilməmişdən əvvəl Osmanlı əsgərləri tərəfindən yatırılmış və bu prosesdə çoxlu Qızılbaş türkmənləri öldürülmüş, bir çoxu da qaçaraq izlərini itirmişdir.
Üsyanın rəhbəri haqqında qaynaqlarda kifayət qədər məlumata rast gəlinmir. Başnazirlik Osmanlı arxivlərində MD 35–445 nömrəli sənəddə onun haqqında Vilayəti Əcəmdən Anadoluya gəldiyi və üsyana başladığı yazılır. Burada sözü gedən Əcəm ərazisinin Ərəbistan yoxsa Səfəvi torpaqları olması haqqında dəqiq məlumat yoxdur. Lakin MD 35–445 nömrəli sənəddə onun xarici görünüşünün "orta boylu, sarı və qısa saqqallı farsca danışan bir şəxs" kimi təsvir edilməsi Vilayəti Əcəm kimi qeyd olunan ərazinin Səfəvi dövləti olma ehtimalını artırır. Digər tərəfdən bu şəxsin Şam Bayadı türkmənlərindən olması, camaatlığının Rəqqə, Konya, Sivas, Niğdə, Adana, Hələb, Tarsus, Bozox, Maraş, Qaraman kimi ərazilərdə yarı-köçəri həyat sürməsi, o cümlədən, XVI əsrin ortalarından etibarən Anadolunu tərk etməməsi onun Səfəvi dövlətindən gəlmə ehtimalını azaldır.[1]
Bundan başqa, yalançı Şah İsmayıl haqqında əldə etdiyimiz məlumatlar, ümumiyyətlə, onun xüsusiyyətləri ilə bağlı olub, Osmanlı iqtidarının ona olan baxışını əks etdirir. Məsələn, sənədlərdə yalançı Şah İsmayıl və onun tərəfdarları ilə bağlı "… Şah İsmayıl olduğunu söyləyən ekstremist və onun yanında olan fitnə əhli" və ya "Şah İsmayıl adına zühur edən bədbəxt" ifadələri işlədilib. O və tərəfdarları fitnə-fəsad törədən quldurlar kimi qiymətləndirilərək fasiq məzhəbdən olduqları və dini tərk etdiklərini yazılmışdır. Göründüyü kimi, üsyandan bəhs edən sənədlərdə yalançı Şah İsmayılın qısa şəkildə Anadoluya haradan gəldiyi qeyd edilir və onun keyfiyyətlərindən söz edilir. Onun qiyamdan əvvəlki və sonrakı həyatı ilə bağlı məlum olanlar bunlardır.[2]
Osmanlı sərkərdəsi Lələ Mustafa paşa Gürcüstan və Şirvan üzərinə hücum məqsədilə 1578-ci ildə İstanbulu tərk edib Sivas şəhərinə gəlir. Bu zaman Zülqədər bəylərbəyi və Əlbistan qadısı ona məktub yazıb bildirir ki, 12 avqust tarixində Şam Bayadı türkmənlərindən bir şəxs Mən Şah İsmayılam deyərək Əlbistana gəlib burada 200 nəfərə qədər süvarini öz ətrafında toplayıb Maraş ərazisində gecələr yolları kəsib soyğunçuluqla məşğuldular. Onlar daha çox tərəfdaş toplamaq məqsədilə Əshabül Kəhfə yönəlib burada qurbanlar kəsirlər.[3] Daha sonra Bozoxdaki Qızılbaş xəlifəsinə və Hacı Bektaşın yanına gedərək üsyana başlamaq niyətində olduqlarını bildirirlər. Lələ Mustafa paşa məktubu aldıqdan sonra Türkmən sancaqbəyi Şah Murad bəyə, Bozox bəyi Çərkəz bəyə, Ayntab bəyi Keyvan bəyə və Qırşəhər bəyi Memi Şaha əmrlər göndərib yalançı Şah İsmayıl və tərəfdaşlarının öldürülüb, üsyanın yatırılmasını tapşırır. Bu əmrlərdə yalançı Şah İsmayıl və tərəfdaşlarının bölgədə asayişi pozduğu bildirilmiş, xalqın təhlükəsizliyini təmin etmək üçün bölgədəki türkmənlər və idarəçilərin birlikdə hərəkət etməsi, digər quldurlara nümunə olmaq məqsədilə onların zərərsizləşdirilməsi istənilmişdir.[4]
Bu ərəfədə yalançı Şah İsmayıl bir tərəfdən özünə tərəfdaş toplayırdı. Bu zaman Qızılbaş xəlifələri bölgədəki bəzi camaatlıqlar tərəfindən qorunurdu. Bozox bəyinə yazılan bir məktubda Şam Bayadı camaatından Yunus Xəlifə və Pəhlivanlı camaatından Cəvşidoğlu adında bir xəlifənin özlərinə tabe qruplar ilə bir evdə toplaşdıqları müəyyən edilsə də, camaatlıqları tərəfindən qorunub Osmanlı əsgərlərinə təslim edilməyiblər.[5]
Tərəflər arasında ilk qarşıdurma Yalançı Şah İsmayılın xəlifələrindən Cəvşidoğlu Hüseyn ilə Bozox bəyi arasında olmuşdur. Baş verən döyüşdə Hüseyn sağ olaraq ələ keçirilsə də sonradan şahın əmri ilə edam edilmişdir. Digər döyüş isə başqa bir Qızılbaş xəlifəsi ilə Osmanlı qüvvələri arasında Boybəyli yaylağında baş vermişdir. Üsyana hazırlığı zamanı Bozox bəyinin qüvvələri tərəfindən Kösə Yunus adlı bir Qızılbaş xəlifəsi ələ keçirilmişdi. Onun verdiyi məlumata görə yalançı Şah İsmayıl Əcəm vilayətindən gəlib, 1577-ci ilin qışını Əmik düzündə keçirmiş, burada özünü Şah İsmayıl elan edib daha sonra Yeni-İl türkmənlərinə tabe Kəmərli və Pəhlivanlı icmaları ilə yaylağa çıxmışdı.[6]
Malatya bəyinə göndərilən bir hökmdə bölgədəki bəzi camaatlıqların üsyan rəhbərlərinə maddi dəstək olduqları görünür. Hökmə görə, bölgədəki İzlü, Rişvan, İskanlu, Solaklu, Şeyh Həsənlü, Soysalu, Əyribüklü, Adaklu, Kalaçaklu, Bezki, Çakalu, Mihran, Qarasaz və Kömürlü adlı camaatlıqları özünü Şah İsmayıl adlandıran bu şəxsə sədəqə və nəzir göndəriblər. Bu məlumat sonradan yaxalanaraq şahın hüzuruna göndərilən üsyançılardan Məhməd adlı şəxs tərəfindən verilmişdir.[7]
Bölgədəki valilərin səylərinə baxmayaraq, yalançı Şah İsmayılı ələ keçirmək mümkün olmayıb. Bozox bəyə göndərilən fərmanda Şah İsmayılın adı ilə zühur edən bu şəxsin və xəlifələrinin harada olurlarsa olsunlar tutularaq ələ keçirilməsi, digər quldurlara örnək olması tələb olunurdu. Əslində Osmanlı qüvvələrinin israrlı təqibləri nəticə vermişdi. Belə ki, yalançı Şah İsmayılın vəziri Xan Piri əsir götürülmüşdü. Onun verdiyi məlumata görə, Şam Bayadlı Şah İsmayıl Bozoxdan üç yüz Qızılbaş türkmanı ilə Adana adlanan kəndə yola düşərək Ciyəlioğlu düşərgəsinə gəlmiş, burada bir neçə gün qaldıqdan sonra Ərguvana getmişdi. Burada qaldığı müddətdə Rişvan, Bezki və Cihanbəyli camaatlarlarının və topladığı tərəfdarların dəstəyi ilə Malatyanı qarət etmiş, Almalı kəndində Malatya qadısının adamlarından Əbdi Kəndxuda ilə aralarında böyük qarşıdurma yaranmışdı. Bu münaqişədə Şah İsmayılın bir çox adamları öldürülmüş, digərləri isə qaçmışdılar. Şah İsmayıl və ətrafındakı adamlar Fərat çayını keçərək Sivərəkə yola düşmüşdü. Bu hadisədən sonra mənbələrdə bir daha onun adına rast gəlinmir.[8]