"Yalnız almanlar üçün" (alm. Nur für Deutsche) və ya "Yalnız arilər üçün" (Nur für Arien) — İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasında və onun işğal etdiyi ölkələrdə istifadə olunmuş milliyətçi şüar. Bu ifadə ictimai nəqliyyat vasitələrində, kafelərdə, parklarda, kinoteatrlarda və s. yerləşdirilmişdi. Bu, ictimai ziyarət yerlərinin yalnız almanəsilli insanlar üçün nəzərdə tutulduğunu göstərirdi. İşğal olunmuş ölkələrin qalan əhalisinə bu yazı ilə ictimai yerlərə getmələri qəti qadağan edilmişdi.[1][2][3][4]
Nasist Almaniyasının irqi siyasətinin elementlərindən biri olan yazı əsasən qeyri-alman əhalisinin çoxluq təşkil etdiyi Şərqi Avropa ölkələrində istifadə olunurdu və yerli əhalini irqi cəhətdən təcrid etmək məqsədi daşıyırdı. Bir qayda olaraq, tramvay və qatarların birinci vaqonları Almaniya işğal və hərbi idarəsinin, Almaniya hərbi qulluqçularının, NSAFP üzvlərinin və almanəsilli mülki əhalinin daşınması üçün ayrılmışdı.[1][2][3][4]