Yaponiya türkləri

Yaponiya türkləri (在日トルコ人, Zainiçi torukocin?)Yaponiya dövlətinin ərazisində yaşayan Türkiyə türkləri.

Yaponiya türkləri
Dondurma satan Yaponiya türkləri.
Ümumi sayı
5393[1]
Yaşadığı ərazilər
Aiçi prefekturası 1616 [1]
Saytama prefekturası 1555 [1]
Tokio prefekturası 814 [1]
Kanaqava prefekturası 264 [1]
Dili

türk dili, yapon dili

Dini

İslam

Türklərin Yaponiyaya miqrasiya dalğası 1990-cı illərdə başlayıb. Həmin dövrlərdə 20-30 yaşlı kişilər işləmək üçün təkbaşına Yaponiyaya miqrasiya edirdilər.[2] 1990-cı ildə Yaponiyada yaşayan türklərin sayı 220 olduğu halda, 30 il sonra - 2010-cu ildə bu say 7,6 dəfə artaraq 1553-ə çatmışdır. Yaponiyaya gələn türk kişilərin çoxu burada yapon qadınlarla evlənərək ailə həyatı qurublar. 2000-ci illərdə isə öz icmalarını qurmağa başlayıblar.[3] 2018-ci ilin məlumatına əsasən hazırda Yaponiyada 5393 türk yaşayır ki, onlardan 619-u Yaponiya vətəndaşı ilə evlənib və bu evliliklərdən 400-ə yaxın türk-yapon uşaq doğulub.[1]

Yaponiyada doğulan türk uşaqların qarşılaşdıqları əsas problemlər İslam təhsilinin olmaması və türk dilində təhsil ala bilməmələridir.[3]

Türklərin ən çox cəmləşdiyi prefektura Aiçi prefekturasıdır. Yaponiya türklərinin üçdə biri burada yaşayır. Daha sonra Tokio və Saytama prefekturaları da Yaponiya türklərinin ən çox yaşadığı ərazilərdir.[3] 2018-ci il məlumatına görə Yaponiya türklərinin prefekturalara görə paylanması belədir: Aiçi (1616), Saytama (1555), Tokio (814), Kanaqava (264), Osaka (218), Qunma (195), Çiba (95), Qifu (76), Kioto (71) və Hyoqo (56).[1]

2010-cu ilin statistikasına görə yaponlarla evlənən türk qadınların göstəricisi 2,1% olduğu halda, yaponlarla evlənən türk kişilərin göstəricisi 66,2% təşkil edir.[3]

Aiçi prefekturasında yaşayan türklər iki icma halında yaşayırlar ki, onlardan birincisi Ordu mənşəli icmadır. Bu icmadan olan türklər Türkiyənin Ordu vilayətindəndirlər. Çoxu xalçaçı, rəngsaz kimi işlərlər məşğul olan işçilərdir. İcmanın mərkəzi 2004-cü ildə açılmış K məscididir. İcmanın uşaqları Yaponiya məktəblərinə gedirlər. K məscidində isə Quran dərsləri keçirlər. Quran öyrətmə metodu isə 2006-cı ildə könüllü müəllim olmuş bir türk tərəfindən təklif olunub. Türkiyədə Quran dərsləri minimum 5-ci sinifdən başlasa da, Yaponiyada belə məhdudiyyət olmadığından uşaqlar lap balacalıqdan bu dərslərə qatıla bilirlər.[4]

İkinci icma isə bir qeyri-kommersiya təşkilatı və Türk Beynəlxalq Məktəbi tərəfindən əsası qoyulan icmadır. Bu təşkilatın üzvləri yüksək təhsil alan və Türkiyənin digər bölgələrindən olan türklərdir. Onlar Yaponiyaya 2006-cı ildə gələrək icmalaşıblar.[4] Bu icmanın üzvləri Gülən hərəkatının dəstəkçisidirlər. İcmanın uşaqları Türk Beynəlxalq Məktəbində təhsil alırlar və ordulu icmadan fərqli olaraq dini təhsilə diqqət yetirmirlər.[5]

  1. 1 2 3 4 5 6 7 "Sayılarla Japonya'daki Türk Toplumu, 29.1.2019". T.C. Tokyo Büyükelçiliği. 9 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2021.
  2. Takeshita, 2015. səh. 1
  3. 1 2 3 4 Takeshita, 2015. səh. 2
  4. 1 2 Takeshita, 2015. səh. 3
  5. Takeshita, 2015. səh. 4