Takaqari (鷹狩?) – ənənəvi yapon şahinçiliyi. Yaponiyada saray əyanlarının və döyüşçülərin idman növü olmuşdur. Tokuqava İeyasu kimi hərbi xadimlər və daymyolar takaqari ilə siyasi məqsədlərlə məşğul olmuşdurlar.
Yaponiyada şahinçilik idmanı V–VI əsrlərdə ortaya çıxmışdır. Həmin dövrə aid kofunlarda gildən hazırlanmış şahinçi fiqurları tapılmışdır. 720-ci ilə aid "Nihon Şoki" əsərində şahinçilik ilə bağlı bacarıqlar və təchizatların Koreyadan idxal olunduğu göstərilir. Əsərdə göstərilir ki, İmperator Nintoku qırqovul ovunda istifadə olunacaq şahinlərə təlim keçmək üçün Koreyada yerləşən Pekçe krallığından adam gətizdirmişdir. Heyan dövründə takaqari saray əyanlarının məşğuliyyəti olsa da, Kamakura dövründə (1185–1333) döyüşçülər də şahinçilik ilə məşğul olmağa başlamışdırlar.[1]
XVI əsrdə takaqari həm saray əyanlarının, həm daymyoların məşğuliyyəti olmuşdur. Daymyolar üçün şahinçiliklə məşğul olmaq sahib olduğu əraziləri gəzmək və bu ərazilərin ona aid olduğunu göstərmək mənasını daşıyırdı. Takaqari Yaponiyada imtiyaz və siyasi gücün simvolun olmuşdur. Şahinləri almaq və saxlamaq böyük maddi vəsait lazım idi. Şahinçiliklə məşğul olmaq üçün böyük bir əraziyə sahib olmaq və ya həmin ərazinin idarəçisi olmaq tələb olunurdu.[1]
XVI əsrdə daymyolar bir-birilərinə şahinlər hədiyyə edirdilər. Kay əyalətinin daymyosu Takeda Katsuyori Uesuqi Kaqekatsuya şahin göndərərək "əyalətin məşhur məhsulu" kimi təqdim etmişdir. Yaponiyanın üç birləşdiricisi olan Oda Nobunaqa, Toyotomi Hideyoşi və Tokuqava İeyasu hərbi bacarıqlarını və güclərini göstərmək üçün şahinçilikdən istifadə etmişdirlər. Oda Nobunaqa kiçik yaşlardan etibarən takaqari ilə məşğul olmağa başlamış, sevimli şahinlərindən birinə Randori (hərf. "talan") adını vermişdir. O, 1577-ci ildə Kiotonu ziyarət edəndə imperatorun qabağına şahin tutan 14 adamla birlikdə çıxmışdır. Toyotomi Hideyoşi siyasi məqsədlər üçün şahinçiliklə məşğul olmuşdur. O, 1591-ci ildə bir aydan çox şahinçiliklə məşğul olmuş, bu müddət ərzində 150 şahinçi və 48 şahinlə işləmiş, 3000-dən çox quş ovlamışdır. Kiotoya qayıtdıqdan sonra qənimətlərini saray üzvlərinə göstərərək onları təsirləndirmək istəmişdir.[2]
Tokuqava İeyasu da takaqariyə əhəmiyyət vermiş, 1603-cü ildə şoqun olduqdan sonra ovladığı quş və digər heyvanları vassallarına hədiyyə göndərərək siyasi əlaqələrini gücləndirməyə çalışırdı. 1612-ci ildə Naqoyadan Sunpuya səyahət edərkən ovladığı 70-dən çox quşu Toyotomi Hideyori və imperatora göndərmişdir. İeyasunun vassalları da öz növbəsində siyasi məqsədlərlə ona şahinlər hədiyyə etmişdirlər. Satake Yoşinobu və Date Masamune 1615-ci ildə Toyotomi qüvvələrinin Osaka qəsrində məğlub olması münasibətilə İeyasuya 5 şahini hədiyyə kimi göndərmişdir. İeyasu həyatının son illərini şahinçiliklə məşğul olaraq keçirmişdir.[2]
Takaqari siyasi gücün simvolu hesab olunduğu üçün Tokuqava şoqunluğu şahinçiliklə bağlı məhdudiyyətlər tətbiq etmiş, böyük əraziləri takaba (hərf. şahinçilik ərazisi) kimi müəyyən edərək girişə ciddi nəzarət qoymuşdur. Şoqunluğun məhdudiyyətlərinə görə ancaq şoqun durna və qu quşlarını ovlaya bilərdi, daymyoların isə sadəcə ördək və qaz kimi digər quş növlərini ovlamaq icazəsi var idi. 1868-ci ildəki Meyci islahatından sonra takaqari imtiyazı sadəcə imperatora verilmişdir.[3]