Yaponiyada latın qrafikalı əlifbanın qəbul edilməsi təklifi

Romaciron (ローマ字論?) – yapon dilinin ənənəvi yazı sisteminin (kancikana) latın qrafikasına əsaslanan yazı sistemi (romaci) ilə əvəz olunması təklifi. Yapon dilinin romanizasiya üçün Hepbörn, Nihon-şikiKunrey-şiki sistemləri təklif olunmuşdur.

Meyci dövründən etibarən Yaponiyada latın qrafikalı əlifbanın qəbul edilməsi üçün bir çox cəhd və təklif başa tutsa da, romaci bir çox səbəbə görə heç vaxt Yaponiyada əsas yazı sistemi kimi qəbul olunmamışdır: kanci və kananın yapon mədəniyyətinin bir hissəsi kimi qəbul olunması; əhalinin ənənəvi yazı sisteminə uzun müddətdir ki, öyrəşməsi; romanizasiya üçün istifadə olunacaq sistemin seçilməsi barədə konsensusun əldə olunmaması əsas səbəblərdir.[1] İkinci Dünya müharibəsindən sonra Yaponiyanı işğal altında saxlamış ABŞ rejimi yapon yazı sistemində romacini qəbul etdirmək üçün cəhdlər göstərsə də, uğursuz olmuşdur.

Yapon dilinin yazı islahatına ehtiyac olduğunu düşünən ilk şəxslər XVII əsrdə yoqakuşalar (Qərb ölkələrini öyrənən alimlər) olmuşdurlar. Aray Hakuseki 1715-ci ildə yazdığı "Seyyo kibun" adlı əsərində 1708-ci ildə Yakuşima adasına ayaq basmış italyan keşiş Covanni Battista Sidotti ilə söhbətlərini təsvir etmiş və əlifba sisteminin rahatlığı haqqında fikirlər yazmışdır. Buna baxmayaraq, o, Yaponiyanın xarici yazı sistemini qəbul etməli olduğunu deməmişdir.[2]

XVII əsrdə bir çox ranqaku alimi (Hollandiya vasitəsilə xarici ölkələri öyrənən alimlər) holland dilini öyrənmiş və əlifba sisteminin rahat olduğunu bildirmişdir. Hətta belə alimlərdən biri olan Honda Toşiaki 1798-ci ildə yazdığı "Seyiki monoqatari" əsərində Qərb yazısının istifadə olunmasını təklif etmiş, bu yazının kanadan daha rahat olduğunu və Qərb ölkələri ilə əlaqə saxlamağı asanlaşdıracağını demişdir.[3]

Romaci Klubunun qurucusu Toyama Masakazu.

1868-ci ildə baş vermiş Meyci islahatından sonra bir çox şəxs Yaponiyanın ənənəvi yazı sisteminin dəyişdirilməsini təklif etmişdir. Xüsusilə, Yaponiyanın Qərb ölkələri ilə eyni səviyyədə olmasını arzu edən və Avropa sivilizasiyalarını öyrənən universitet tələbələri və müəllimləri romacinin qəbul edilməsini dəstəkləmişdirlər.[4]

Yaponiyada romacinin milli yazı kimi qəbul edilməsini təklif edən ilk şəxs Nambu Yoşikazu olmuşdur. O, "Şukokuqo Ron" adlı petisiyasını Dayqaku-ryo universitetinin başçısı Yamanoçi Yodoya göndərmişdir. Daha sonra 1871 və 1872-ci illərdə Təhsil Nazirliyinə iki petisiya göndərmişdir. Nambudan sonra Nişi Amane 1874-cü ildə "Meiroku" jurnalı üçün romaci haqqında esse yazmış, xalqın inkişafında elmin vacib rol oynadığını və Yaponiyanın ənənəvi yazı sisteminin buna mane olduğunu bildirmişdir.[5] O, ən yaxşı yolun latın qrafikasını mənimsəməyin olduğunu qeyd edərək romacinin tədricən qəbul edilməsini təklif etmişdir. Nişiyə görə birinci mərhələdə romaci klubu yaradılmalı və romacinin təbliğatı aparılmalı idi.[6]

Meyci və Tayşo dövrlərinin yapon dili mütəxəssisi olan, bir çox lüğət tərtib etmiş Otsuki Fumihiko 1876-cı ildə yazdığı "Nihonmoci Henkaku Ron" məqaləsində kanci və kana sisteminin lüğətlərin tərtib edilməsi zamanı çətinlik yaratdığını, ən yaxşı çıxış yolunun latın qrafikalı əlifbanı qəbul etmək olduğunu iddia etmişdir. O, latın hərflərini qəbul etmək fikrini ilk dəfə 1866-cı ildə Yokohamada olarkən qəbul etmişdi.[6] Botanik və şair Yatabe Ryokiçi 1882-ci ildə yazdığı "Romaci o Mote Nihonqo Tsuzuru" məqaləsində romacinin qəbul edilməsini təklif etmişdir.[7]

1884-cü ildə romaci tərəfdarları kancinin ləğv olunması üçün daha effektiv yollar axtarmağa başlamışdırlar. Həmin ilin iyul ayında Toyama Masakazu romaci klubunun yaradılmasını təklif etmişdir. 2 dekabr 1884-cü ildə Toyama, Yatabe, Terao HisaşiYamakava Kenciro daxil olmaqla 70-dən çox şəxsin iştirakı ilə baş tutan görüşdə klubun yaradılması müzakirə olunmuşdur. 17 yanvar 1885-ci ildə Romaci Klubu rəsmi olaraq yaradılmışdır.[7]

Klubun təşkilat komitəsinə 40 şəxs seçilmişdir. Onlardan altısı – Toyama, Terao, Bezil Hol Çemberleyn, K. S. Ebi, Yatabe və Kanda Naybu təşkilat üçün təklif planı hazırlamışdırlar. "Romaci nite Nihonqo no Kakikata" adlı bu plan 19 bənddən ibarət idi və bəndlərin birinə görə romaci standart Tokio dialektinə əsaslanmalı idi. 1885-ci ilin iyulunda klubun "Romaji" adlı rəsmi jurnalı nəşr olunmağa başlamışdır. Bu jurnal 1892-ci ilin dekabrına qədər dövriyədə olmuşdur. Jurnaldakı esselərin böyük qismi romaci ilə yazılırdı.[7]

Klub üzvlərinin çoxu xarici dillər bilirdi. 1885-ci ilin iyulunda Romaci Klubunun üzv sayı 2908-ə çatmışdır. Onlardan 174-ü əcnəbi şəxs idi. 1887-ci ilin martına qədər klubun 21 regional şöbəsi açılmış, həmin il üzv sayı 6876 nəfər olmuşdur. 1888-ci ilin sonunda isə üzv sayı 10 mini keçmişdir.[7]

Romaci Klubu romanizasiya sistemi üstündəki anlaşılmazlıq səbəbilə bölünmüşdür. Klubun komitəsi Hepbörn sistemini seçsə də, Tanakadate Aykitsu bunla razılaşmamış, Hepbörn sisteminin xarici dillərə uyğun formada yaradıldığını qeyd edərək yapon dili üçün yeni romanizasiya sisteminin yaradılmasını müdafiə etmişdir.[7] O və onun dəstəkçiləri əsas qrupdan ayrılaraq yeni bir romaci təşkilatı yaratmışdırlar. Bu təşkilat 1886–1890-cı illərdə "Romaji Sinsi" adlı jurnal nəşr etdirmişdir.[8]

İşğal dövrü

[redaktə | mənbəni redaktə et]

İkinci dünya müharibəsindən sonra 1945–1952-ci illərdə Yaponiyanı işğal altında saxlamış Müttəfiq Qüvvələrin Ali Komandanlığı yapon dilini romanizasiya etməyi rəsmi siyasət kimi qəbul etmişdir. 1950-ci ilin fevralına olan məlumata əsasən Yaponiyada icbari təhsil səviyyəsində olan 23.177 məktəbdə romaci öyrədilirdi. 1949–1952-ci illərdə Yaponiyada 20 milyona yaxın romaci ilə yazılmış dərslik çapdan çıxmışdır.[9]

Romaci hərəkatını təbliğ etmək məqsədilə romaci ilə yazılmış reklam materialları, nağıl kitabları, qəzetlər və jurnallar nəşr olunmuşdur. 1950-ci ildə yaradılmış "Romaji Shimbun" qəzetinin aylıq tirajı 50.000 idi. 1947-ci ildə Yaponiyada 25 romaci jurnalı yaradılsa da, 1950-ci ilə qədər ancaq ikisi fəaliyyətini davam etdirə bilmişdir. Onlardan biri Hepbörn, digəri isə Kunrey-şiki sistemi ilə nəşr olunurdu.[10]

  1. Eells. səh. 213
  2. Twine. səh. 116
  3. Twine. səh. 117
  4. Twine. səh. 122
  5. Twine. səh. 123
  6. 1 2 Twine. səh. 124
  7. 1 2 3 4 5 Twine. səh. 125
  8. Twine. səh. 126
  9. Eells. səh. 211
  10. Eells. səh. 212
  • Eells, Walter Crosby. "Language Reform in Japan". The Modern Language Journal (ingiliscə). Wiley. 36 (5). may 1952: 210–213. doi:10.2307/318376. İstifadə tarixi: 19 avqust 2023.
  • Twine, Nanette. "Toward Simplicity: Script Reform Movements in the Meiji Period". Monumenta Nipponica (ingiliscə). Sofiya Universiteti. 38 (2). 1983: 115–132. doi:10.2307/2384557. İstifadə tarixi: 19 avqust 2023.