Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yaqub Rüstəmov Azərbaycanlı toxucu (20 oktyabr 1942, Mahrızlı, Ağdam rayonu – 12 noyabr 2011, Mingəçevir) — Sosialist Əməyi Qəhrəmanı.[1]
Yaqub Rüstəmov | |
---|---|
Doğum tarixi | 20 oktyabr 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 12 noyabr 2011 (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | Lyubov Rüstəmova |
Milliyyəti |
SSRİ→ Azərbaycan azərbaycanlı |
Partiyası | |
Mükafatları | rus. орден «Трудовое Красное Знамя» |
1942-ci ildə oktyabrın 20-də Ağdam rayonu Mahrızlı kəndində dünyaya gözlərini açıb həyatının böyük bir hissəsini Mingəçevirdə keçirib.
O, ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində respublikada yaratdığı intibah, hərtərəfli yüksəliş dövrünün qəhrəmanlarından biri idi. Azərbaycanlı toxucu, Mingəçevir toxuculuq kombinatının usta köməkçisi Yaqub Rüstəmov bir neçə adamın normasını yerinə yetirməklə ittifaq miqyasında ilk dəfə "bir beşillikdə 3 beşilliyin" göstəricilərinə imza atmışdı.Qəzet-jurnallar, teleradio 70-ci illərin ortalarında Azərbaycanın bu qəhrəman oğlunu "1990-cı ilin adamı" adlandırmışdı. Toxuculuq sənayesinin vətəni sayılan Rusiyada Yaqub Rüstəmovun ölkəyə səs salmış əmək zəfərlərinə inamsız yanaşsalar da, ölkə mətbuatı, mərkəzi televiziya həmyerlimizin "qələbə raportları"nı tez-tez səsləndirirdi.
Azərbaycanın öndə gedən, istedad və qabiliyyəti ilə zirvələrə yüksələn övladlarını diqqətdə saxlayan, himayə edən, yüksək qiymət verməklə daha da irəli getməyə həvəsləndirən Heydər Əliyev Yaqub Rüstəmovun SSRİ miqyasında respublikamıza qazandırdığı ən yüksək toxuculuq rekordunu layiqincə dəyərləndirirdi. Qabaqcıl əmək insanına dərin ehtiram bəsləyən Azərbaycan rəhbərinin böyük diqqət və qayğısı nəticəsində Yaqub Rüstəmov o vaxtın ali məclisləri olan respublika və ölkə partiya qurultaylarına nümayəndə seçilir, müşavirə və təntənəli yığıncaqlarda rəyasət heyətində əyləşdirilirdi. Heydər Əliyev respublikanın ali kürsüsündə çıxışları zamanı dəfələrlə nəvazişli replikaları ilə salonun diqqətini bu utancaq, qarabuğdayı, gülümsər oğlana yönəltmiş, onun əmək hesabatını ikiqat alqışlatmışdı.
Yaqub Rüstəmov adını şərəfləndirdiyi Mingəçevirdə şəhər Partiya Komitəsinin büro üzvü, Azərbaycan KP MK-nın üzvü idi. Tez-tez respublikadan və ittifaqdan xaricə gedən seçmə nümayəndə heyətlərinə daxil edilirdi. SSRİ-nin yüksək mükafatları olan Qırmızı Əmək Bayrağı və 2 Lenin ordeninə layiq görülmüşdü. Daim artan göstəricilər onu ən ali təltifə - əmək qəhrəmanı adına doğru aparırdı. Lakin bütün bunlar, necə deyərlər, onu burjuylaşdırmır, hara getsə geri dönəndə birbaşa sevimli dəzgahlarının yanına qayıdırdı. Onu şöhrətə, ad-sana çatdıran bu dəzgahlar ən yaxın dostuna, sirdaşına çevrilmişdi. Nə az, nə çox - 28 əvəzinə 112 dəzgahla zəhmət estafetində, qələbə yürüşündə zəmanəsinin qəhrəmanına çevrilirdi.
1979-cu ildə Azərbaycan rəhbəri Heydər Əliyev Mingəçevirin əmək cəngavərini Sosialist Əməyi Qəhrəmanı adı almağa təqdim etdi. Moskvada SSRİ-nin 1 nömrəli toxucusunun göstəricilərinə qısqanclıqla yanaşırdılar. Çox keçmədi ki, Mingəçevirə Sov.İKP MK-nın yüngül sənaye şöbəsindən, ümumittifaq nazirliyindən və sahə elmi-tədqiqat institutundan, toxuculuğun vətəni İvanovo şəhərindən komissiya gəldi. Bu çağırılmamış müfəttişlər bir həftə heç kəsə məhəl qoymadan "dəmir atlar"ını çapan Yaqub Rüstəmovu səhərdən axşamadək izlədilər. Onun toxuduğu parçanı müəyyənləşdirmək üçün sayğaclara inanmayıb metrlərlə də ölçdülər. Sonda bir-birinin üzünə baxıb pərt halda çıxıb getdilər.Komissiyanın "əliboş" geri döndüyündən xəbər tutan Heydər Əliyev öz təqdimatının üstündə möhkəm dayandı. Beləliklə, 1980-ci ilin Yeni ili üçün nəzərdə tutulmuş bu təltif o vaxt ölkədə əmək bayramı kimi qeyd olunan 1 Mayda elan olundu. Həmin gün SSRİ üzrə Sosialist Əməyi Qəhrəmanı adı verilən 2 nəfərdən biri Azərbaycanın əmək bahadırı Yaqub Əbülfət oğlu Rüstəmov idi. Bu xəbər o vaxtkı ənənəyə uyğun olaraq, ilk dəfə Moskvada Qızıl meydandan ölkəyə yayılan bayram reportajında səsləndi. Heydər Əliyev isə bundan 2 saat qabaq Mingəçevirə zəng vurub respublikanın yeni qəhrəmanını şəxsən təbrik etmişdi.
Çox keçmədi ki, respublika rəhbərinin tövsiyəsi ilə zəhmətdə möhkəmlənmiş, ictimai fəaliyyətdə yetkinləşmiş Yaqub Rüstəmov sahə üzrə respublikanın nüfuzlu postu olan Yüngül və Toxuculuq Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə sədr seçildi. Bu vaxtadək qiyabi ali siyasi məktəb bitirmiş toxucu lider qiyabi yolla ali texnoloji təhsil də aldı. Həmkarlar İttifaqlarının xarici və ümumittifaq təcrübəsini də öyrəndi. Heydər Əliyev onun rəhbər işdə fəaliyyəti ilə də maraqlanırdı və yetişdirdiyi qəhrəman fəhlənin məsul vəzifədə təşəbbüskarlıqla işlədiyindən, sahə işçilərinin qayğılarına canıyananlıqla çiyin verdiyindən xəbər tuturdu. Bu diqqət və himayə həmkarlar liderinə arxa-dayaq olurdu, yüksək etimadı qədərincə doğrultmağa çalışırdı
Növbəti MK plenumlarından birində gözü Yaqub Rüstəmova sataşan He üzünü ydər Əliyev ona tutub demişdi: "Hə, qəhrəman, Mingəçevir üçün darıxmırsan ki? Yeni işdə çətinliyin yoxdur ki?" Cavabını da özü vermişdi: "Bilirəm, sən çətinlikdən qorxan deyilsən". 1982-ci ilin noyabrında xalqımızın böyük oğlu Heydər Əliyev Moskvaya SSRİ rəhbərliyinə gedərkən baş vermiş təsirli bir epizod da Yaqub Rüstəmovun həyatının ən əziz xatirələrindən biri olmuşdu.Respublikanın rəhbər kadrları və fəalları ilə vida görüşünün sonunda salondakılar böyük rəhbəri ayaq üstdə alqışlayanda Heydər Əliyev qabaq cərgədə əl çalan Yaquba baxıb deyir: "Bu nədir, qəhrəman, gözlərin yaşarıb". Bu müraciət onu daha da təsirləndirir və göz yaşları içərisində gülümsəyərək deyir: "Heydər Əliyeviç, sevincimdən ağlayıram. Həm də sizsiz hamımıza çətin olacaq". Heydər Əliyev isə demişdi: "Mən həmişə Azərbaycanla olacağam. Mən sənin kimi kadrlar yetişdirmişəm. Qoy yeni rəhbərlik də öz layiqli adamlarını seçib irəli çəksin".Sonralar ümummilli liderə qarşı baş verən yaramaz hərəkətlər Heydər Əliyevdən atalıq qayğısı görmüş, onu millət atası kimi sevən başqa adamlar kimi Yaqub Rüstəmovu da çox ağrıtmışdı. Heydər Əliyev Naxçıvana rəhbərlik edəndə tanınmış ziyalılarla birlikdə 2 dəfə onun görüşünə getmişdi. Respublikada baş verən hadisələrlə maraqlanan Heydər Əliyev keçmiş yetirməsi ilə səmimi görüşüb soruşmuşdu: "Yaqub, Mingəçevirdə nə var, nə yox, yüngül sənaye işçilərinin vəziyyəti necədir?" Yaqub Rüstəmovun cavabı belə olmuşdu: "Hamı sizi gözləyir. Siz gəlməsəniz, yaxşı heç nə olmayacaq".
Yaqub Rüstəmov o dövrdə və aylarda harda olurdusa, kiminlə görüşürdüsə həmsöhbətlərinə yaranmış vəziyyətdə yeganə çıxış yolunun ümummilli liderin hakimiyyətə qayıdışında olduğunu anladırdı. Nəhayət, xalq Heydər Əliyevi hakimiyyətə gətirdi. "Azadlıq aşiqləri"nin ləğv etmək istədikləri Həmkarlar İttifaqları da yenidən dirçəldi, cəmiyyətdə yerini tutdu. Yaqub Rüstəmov da bu prosesdə fəal iştirak etdi. Yaqub Rüstəmovun oğul məhəbbəti ilə sevdiyi Heydər Əliyev əbədiyyətə qovuşanda o, ağır ürək əməliyyatından yenicə çıxıb xəstəxanada yatırdı. Fəxri Xiyabanla üzbəüz klinikadan izdihamlı dəfn mərasimini göz yaşları içərisində izləyən Heydər Əliyev epoxasının qəhrəmanı səhərisi gün onun məzarı üstünə əklil göndərdi. Xəstəxanadan çıxandan sonra isə getdiyi ilk yer Fəxri Xiyabanda üstündə gül-çiçəkdən təpələr yaranmış ümummilli liderin son mənzili oldu.
Yaqub Rüstəmov təqaüdə çıxıb Mingəçevirə - onu ucaldan şəhərə köçmüşdü. Heydər Əliyevin sərəncamı ilə Prezident təqaüdçüsü idi. Bakıya gələndə redaksiyadakı köhnə dostları ilə də görüşürdü. Deyirdi ki, mən həm də sizin qəzetin qəhrəmanıyam. Təkcə qəzetin o vaxtkı bölgə müxbiri Sadıq Qarayev mənim haqqımda bir kitablıq material yazıb. Vaxtilə əmək uğurlarından yazdığım qəhrəman haqqında yenidən nəsə qələmə almaq istəsəm də həmişə başqa bir vaxta qoyurdu.
Amansız ölüm Yaqub Rüstəmovu 70 yaşında - ümummilli liderin anım gününə bir ay qalmış qəfil haqladı. Əslində, Yaqub müəllim Heydər Əliyevin onun taleyində oynadığı misilsiz roldan, Heydər Əliyevlə bağlı xatirələrindən bizə çox danışmışdı. Azərbaycan rəhbərinin yetirdiyi əmək qəhrəmanının qırx mərasimi ərəfəsində bu yazını qələmə almaqla Yaqub Rüstəmovun ruhunu şad etmək istədik. Onun özü isə yuxarıda yazılanları qəzetimizdə çap etdirməklə öz böyük hamisinin ruhunu şad etmək istəyirdi. Allah hər ikisinə rəhmət eləsin!