Yaralı Sultan ocağı — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xıncab kəndində ziyarətgah. Bina dördkünc formalı kərpic tikintidən ibarətdir. Girişi cənub tərəfdəndir. Damı günbəzşəkilli örtüklə tamamlanmışdır. İçəri üzündə künclər bir-biri ilə tağbəndlərlə birləşdirilərək günbəzə keçid yaradılmışdır. Bu memarlıq üslubu orta əsr Azərbaycan arxitekturası üçün xarakterikdir. Pirin binası şərq divarda və günbəzdə olan pəncərələr vasitəsilə işıqlandırılmışdır. Vaxtilə pirin kitabəsi olmuş, lakin indiyədək saxlanmamışdır. Pirlə bağlı xalq arasında müxtəlif rəvayətlər vardır. Onun ətrafından Orta əsrlərə aid şirli və şirsiz saxsı qabların parçaları tapılmışdır. Arxeoloji materialların araşdırılmasına və tikintinin memarlıq üslubuna əsaslanaraq onu XIV–XV əsrlərə aid etmək olar.[1]