Yelizaveta Batori

Yelizaveta (Erjebet) Batori (1560-1614) — Batori ailəsindən olan macar qrafinya, orta əsrlər cəlladı.

Yelizaveta Batori
mac. Erzsébet Báthory
Doğum tarixi 7 avqust 1560[1]
Vəfat tarixi 21 avqust 1614(1614-08-21)[2] (54 yaşında)
Fəaliyyəti əsilzadə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Sən bu dünyada nə nəfəs alıb-verməyə, nə də Tanrının üzünü görməyə layiq deyilsən". (Yelizaveta Batorinin haqqında hökm çıxaran məhkəmənin qəbul etdiyi qərardan).

Olduqca zəngin və tanınmış Batori ailələrindən birinə mənsub olan Yelizaveta 1560-cı ildə dünyanın uzaq guşələrindən biri olan Transilvaniyada anadan oldu. Onun mənsub olduğu soydan kardinal, müharibə qəhrəmanları çıxıb. Amma bu, macar əsilli [Batori (ailə)|Batori]] soyuna mənsub olan medalın bir üzü idi. Medalın digər üzündə yaxın qohumların evlənməsi nəticəsində anadan olan anormal insanlar vardı. Belə ki, Yelizaveta Batorinin əmilərindən biri satanist ayinlərin düşgünü, xalası Klara xidmətçilərinə işgəncələr verməkdən həzz alan manyak, qardaşı Stefan isə əyyaş idi. Yelizavetanın özündə belə, hələ uşaq ikən anormallıq hiss edilirdi. Onun dünyaya gəldiyi illərdə Osmanlı imperiyasında bir durğunluq, tənəzzül vardı. Gələcək qatil 6 yaşında ikən balaca qız övladını türklərə satmaqda günahlandırılan bir qaraçının tükürpərdən edamının şahidi olmuşdu. Bu edam səhnəsi Yelizavetanın daxilində güclü bir iz buraxmışdı. Amma belə bir mühitdə böyüməsinə baxmayaraq, Yelizaveta çox zəkalı idi və o hələ uşaq ikən macarca, latınca və almanca yazıb-oxumağı öyrənmişdi. Digər tərəfdən də, o, uşaqlıqdan özünü oğlanlar kimi aparır və kişi paltarı geyinirdi. 12 yaşında ikən hamilə qalmışdı. Onun dünyaya gətirdiyi qızı bir kəndliyə verdilər və bu barədə ömrünün sonuna kimi susmasını tapşırdılar. 1575-ci ildə o dövrdə Osmanlılara qarşı savaşlarda olduqca qəddarcasına mübarizə aparan və ələ keçirdiyi əsirləri işgəncələrlə öldürməklə ad çıxaran və "qorxulu beşli" ləqəbli Ferencz Nadasdu ilə ailə həyatı qurdu. Onlar bir müddət Ferenczə məxsus Sarvar qəsrində yaşadılar. Amma bütün günlərini savaş meydanlarında keçirən Ferencz yenidən döyüş meydanına qayıtdı və qəsrdə yalnız Yelizaveta və xidmətçiləri qaldılar. Evliliklərinin ilk 10 ilində uşaqları olmadı. Amma sonra 4 uşaqları dünyaya gəldi. Qəsrdə tək qalan Yelizaveta xalası Klara kimi xidmətçilərə işgəncə verməyə və bundan həzz almağa başladı. Ən çox gənc qızlara əzab-əziyyət verirdi və bundan xüsusi zövq alırdı. Sonra cadugərlərdən Doroti (Dorothea) ilə tanış oldu və onun dedikləri ilə hərəkət etməyə başladı.

İşgəncə ustaları

[redaktə | mənbəni redaktə et]

Həm ər, həm də arvad əlləri altındakılara dəhşətli işgəncələr verməkdə sanki bir- biri ilə yarışa girmişdilər. Osmanlı əsgərlərinə qəfil hücumları zamanı əsir götürdüyü adamlara Ferencz Nadasdu elə işgəncələr verirdi ki, ətrafındakılar belə, bu səhnələrə baxa bilməyərək, oranı dəhşət içində tərk edirdilər. Ona görə də döyüş dostları və yerli əhali öz aralarında Nadasdunu "qara şovalye" (cəngavər) adı ilə çağırırdılar. Yelizaveta da ərindən geri qalmırdı. O, xəstə olduğunu deyən xidmətçilərinin barmaqları arasına benzinlə isladılmış kağız və ya parça qoyaraq od vururdu. Bu yanğıya tab gətirməyən xidmətçilər bir də onun� yanında xəstəliklərindən söhbət açmırdılar. Bir dəfə əzab və işgəncələrə dözməyərək qəsrdən qaçan 12 yaşlı Polanı tutduraraq geri qaytaran Yelizaveta qızı yarıoturmuş vəziyyətdə hər tərəfdən oxlar bərkidilən silindrin içinə soxdurdu. Bundan sonra silindri fırlatdılar və nəticədə, oxlar qızın bədənini deşik-deşik etdi... Yelizaveta sifariş verdiyi paltarını tikə bilməyən dərziyə də ağır işgəncələr verdirmiş və onun ağzını barmaqları ilə ayıraraq çənəsini sındırmışdı. Paltarını yaxşı ütüləyə bilməyən xidmətçilərdən birinin üzünü dəmir ütü ilə dağlamışdı. Ona görə də Yelizaveta xalq arasında "Qanlı Kontes" adı ilə çağırılırdı. O, ətrafındakılara daha dəhşətli işgəncələr vermək və bundan zövq almaq üçün yeni üsullar axtarırdı. Bu işdə ona tanış olduğu, insan cildinə girmiş vəhşi heyvanı xatırladan Anna Darvulia adlı qadın yardım etməyə başladı.

Bir dəfə üzündə qırışlar gördü və bunu yox etmək üçün Anna Darvuliadan yardım istədi. Anna Darvulia ona gənc qızların qanından istifadə etməyi tövsiyə etdi. Əvvəlcə, o, bu sözlərə fikir vermədi. Ancaq bir dəfə gənc qızlardan biri "Qanlı Kontes"in saç düzümünün xoşa gələn olmadığını dedi və bundan əsəbiləşən Yelizaveta ona güclü bir şillə vurdu. Qızın burnundan fışqıran qan Yelizavetanın üz-gözünə sıçradı. Bu qan onun qana olan hərisliyini daha da coşdurdu. Bundan sonra Yelizavetanın əmri ilə nəzarətləri altında olan kəndlərdən gənc qızları yığaraq qəsrə gətirməyə başladılar. Onların heç birinin geriyə yolu yox idi. Qəsrə gətirilən qızlar yerə uzadılır və onların bədəni iti dəmirlərlə deşik-deşik edilirdi. 1603-cü ildə əri Ferencz Nadasdu zəhərlənərək öldü. Amma bu da Yelizavetaya dərs olmadı. O, gənc qızları yuxarıda qeyd etdiyimiz üsullarla öldürtməkdə davam edirdi. Öldürülən qızları dəfn etməyi qoca bir kişiyə tapşırmışdı. Ancaq onun da hər gün öldürülən qadınları dəfn etmək üçün fiziki imkanı yox idi. Ona görə də meyitlərin bir hissəsi qəsrin ətrafında dəfn edilməmiş qalırdı. Öldürülən qızları Yelizaveta dini ayinlərlə dəfn edilməsinə xüsusi önəm verirdi. Bu işi o, keşiş Andreas Barthoniyə tapşırmışdı. Amma keşiş bir dəfə dəfn üçün yanına gətirilən qızlardan ikisinin bədənlərində işgəncə əlamətləri görərək, onları dini ayinlərlə dəfn etməkdən imtina etdi. Anna Gonczy adlı qadın isə Yelizavetanın yanında xidmət edən və bu zaman öldürülən qızının cəsədinin ona verilməsini tələb etdi. Ancaq onun bu tələbi rədd edildi. Onda Anna Gonczy məsələnin nə yerdə olduğunu başa düşdü.

"Qanlı Kontes" isə artıq cinayətlərini gizlədə bilmirdi. Din xadimlərindən olan müqəddəs Janos� Ponikenusz Yelizavetanın qanlı əməllərindən xəbər tutmuşdu. O, qəsr ətrafındakı yeraltı keçidləri yoxladarkən orada tabutlarda işgəncələrlə öldürülən qız cəsədləri aşkar etmişdi. Ponikenusz dərhal krala məktub yazaraq, Yelizavetanın əməlləri barədə ona məlumat vermək qərarına gəldi. Lakin onun məktubu kralın ətrafındakı Yelizavetanın adamları tərəfindən ələ keçirildi və ünvanına çatmadı.

Yelizavetanın həbsi

[redaktə | mənbəni redaktə et]

Vaxtilə Yelizavetanın əri Nadasdu kral Matthiasa 17 min 408 altun borc vermişdi. Kral isə bu borcu qaytarmaq fikrində deyildi. Yelizaveta bu borcu kraldan almaq fikrinə düşdü. Çünki həddindən artıq pul xərclədiyi üçün borca düşmüş və ailəsinə məxsus iki qəsri satmağa məcbur omuşdu. Bunu görən Yelizavetanın əmisi oğlu Thurzo qohumlarından onun monastra və ya Varanno qəsrinə göndərilməsini və orada ömrünü başa vurmasını tələb etdi. Bu arada isə "Qanlı Kontes"in cinayətləri barədə məlumatlar krala gedib çatdı. Kral tədbir görülməsi barədə parlamentə göstəriş verdi. Həmin dövrdə Batori ailəsindən olan Qabor kralı devirmək istəyirdi. Kral isə bundan xəbər tutmuşdu. O, borcunu qaytarmağı tələb edən Yelizavetanı həbs etdirmək və bununla da Batorilərdən gələn təhlükəni aradan qaldırmaq, həm də borc problemini birdəfəlik həll etmək qərarına gəldi.

Kral Yelizavetanın cinayətlərinin sübut edildiyini görüncə, onun aradan qaldırılması barədə göstəriş verdi. Yelizaveta bunu eşidən kimi kralı və əmisi oğlu Thurzonu zəhərlətmək istədi, ancaq bu istəyini həyata keçirə bilmədi. Yelizavetanın qəsrini hücumla alan kral əsgərləri çoxlu sayda gənc qız meyiti ilə rastlaşdılar. Məlum oldu ki, Yelizaveta 600-dən yuxarı gənc qızı işgəncələrlə öldürdüb. 1611-ci ilin yanvar ayında Yelizavetanı mühakimə etməyə başladılar. Onun günahı sübut edildi. Yelizavetanın qohumları isə onun yalnız 30-40 nəfəri öldürdüyünü bildirdilər. Lakin bu yalanın üstünü Susanna adlı bir şahid açdı. O, məhkəməyə Yelizavetanın öz əlləri ilə yazdığı öldürdüyü qadınların siyahısını təqdim etdi. Məlum oldu ki, Yelizavetanın siyahısında 650 nəfər öldürülən qadının adı var. Məhkəmənin hökmü ilə Yelizavetanın ətrafındakı cadugər qadınların hamısını edam etdilər. "Qanlı Kontes"in özünü də edam cəzası gözləyirdi. Lakin qohumları Yelizavetanın ömürlük həbsi barədə məhkəmənin hökm çıxarmasına nail oldular. Hakim son qərarı verərkən Yelizavetaya: "Sən vəhşi bir heyvansan. Həyatının son aylarını yaşayırsan. Sən bu dünyada nə nəfəs alıb-verməyə, nə də Tanrının üzünü görməyə layiq deyilsən. Bu dünyadan getməli və bir də geri dönməməlisən. Sən qaranlıqlarda qalacaqsan və günahların barədə düşünmək üçün vaxtın olacaq",- demişdi. Yelizaveta qaranlıq bir zindanda 31 iyul 1614-cü ildə vəhşi kimi də ömrünü başa çatdırdı.

  1. Pallardy R. Elizabeth Báthory // Encyclopædia Britannica (ing.).
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.