Yeniyol yaşayış yeri

YeniyolNaxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində qədim yaşayış yeri. Kənd rayonun Məmmədrza Dizə kəndinin cənubunda, Sirabçayla Naxçıvançayın qovşağında yerləşir.

Mədəni təbəqə 1 metr qalınlıqdadır. 2013-cü ildə abidədə aparılan araşdırmalar zamanı Eneolit dövrünə aid az miqdarda keramika məmulatı toplanmışdır. 2014-cü ildə 3 ayrı kvadratda aparılan arxeoloji qazıntılar nəticəsində Son Eneolit dövrünə aid arxitektura qalıqları, keramika, sümük, obsidian və daş alətlər aşkar olunmuşdur. Bu dövrün memarlığı yarımqazma, dairəvi və dördkünc formalı tikililərlə təmsil olunmuşdur. Kül layları ilə bir-birindən ayrılan tikinti qatlarının tapıntıları keramika, heyvan sümükləri, obsidian parçaları və ağac kömürünün qalıqları ilə təmsil olunmuşdur.[1]

Əmək alətlərinə az rastlanılmışdır. Onlar bazaltdan hazırlanmış 2 dən daşı, 1 asma, 2 biz, çaxmaqdaşından hazırlanmış bir neçə oraq dişi və az miqdarda emal olunmamış obsidian qalıqlarından ibarətdir ki, bu da yaşayış yerinin mövsümi xarakter daşıdığını göstərir.

Keramika məmulatı sarı, boz və qırmızı rəngdə bişirilmiş və başlıca olaraq əldə hazırlanan qablardan ibarətdir. Bir qismi xaricdən cilalı olan saxsıların bəzisi qalın his qatı ilə örtülmüş, həmçinin 1 boyalı nümunə aşkar edilmişdir. Qabların bir qismi ağız kənarının 1-2 sm aşağısından başlayaraq dairəvi formalı deşiklərlə çevrələnmişdir. Qabların gilinin tərkibinə saman, az miqdarda qum qarışdırılmışdır. Yeniyoldan aşkar olunmuş keramika məmulatı Azərbaycanın I Kültəpə (Babək), Uzunoba, Şomutəpə, həmçinin Urmiya hövzəsindəki Hacı Firuz Təpə və digər abidələrinin saxsı nümunələri ilə oxşarlıq təşkil edir ki, bu da onların eyni mədəniyyətə aid olduğunu göstərir. 2013-2014-cü illərdə buradan götürülmüş karbon analizlərin nəticəsi Yeniyol yaşayış yerinin e.ə. 4038-3965-ci illərə aid olduğunu göstərmişdir.

  1. Baxşəliyev V.,  Quliyeva Z., Rzayeva R. Yeni Yol yaşayış yerində arxeoloji araşdırmalar \\ Azərbaycan MEA-nın Xəbərləri. İctimai elmlər seriyası, 2017, №1, s. 49-57.